Şagirdlərdən birinin durumunun ağır olduğu deyilir
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənmə hadisəsi baş verib.
Altı şagirdin zəhərləndiyi bildirilir.
Məktəbin yuxarı sinif şagirdləri Meydan TV-yə məlumatı təsdiqləyiblər.
Həmin şagirdlərin bufetdən aldıqları yeməklərdən zəhərləndikləri bildirilir:
“Onlar xəstəxanaya aparılıb. Bəziləri evə buraxılıb, amma xəstəxanada saxlananlar da var. Yəqin, uzun müddət məktəb bufetindən nəsə alıb yeməyə ürək etmərik”.
Zəhərlənənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Baş Prokurorluğun yaydığı məlumata görə, zəhərlənmənin səbəbi ilə bağlı araşdırmalara başlanılıb.
Prokurorluq bildirir ki, şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır:
“İlkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərləniblər. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib”.
Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, liseydə şagirdlər quş əti tərkibli qida qəbul edib. Az sonra onlar mədə ağrısından şikayətləniblər. Liseyə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya çatdırılıb.
“Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar”, – Bəşarət Məmmədov bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, liseydən 4-ü oğlan, 2-si qız olmaqla, ümumilikdə 6 şagird Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan üçü ambulator müalicə üçün evə buraxılıb.
İki nəfərinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Yalnız bir şagirdin durumu ağır qiymətləndirilir: “Ona da reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir”.
Ötən ay Azərbaycanda 11 nəfər zəhərləmədən ölüb.
Kliniki Tibbi Mərkəzin (KTM) məlumatında deyilir ki, ötən ay onlara zəhərlənmə ilə bağlı 790 nəfər müraciət olub.
“Qəbul olan xəstələrdən 72-si dərmandan, 30-u sirkə turşusundan, 5-i dəm qazından, 10-u alkoqollu içkidən, 8-i qidadan (botulizm), 1-i göbələkdən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 8-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Onlardan 1-ni isə həşərat sancıb”, – məlumatda bildirilir.
Mərkəzin açıqlamasında qeyd edilir ki, zəhərlənən şəxslərin 58-i qadın, 49-u kişi, 32-si isə uşaq olub:
“Həkimlərin səylərinə baxmayaraq, 5-i sirkə turşusundan, 3-ü dərman zəhərlənməsindən, 1-i spirtli içkidən, 1-i dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Həyatını itirən şəxslərdən 9-u kişi, 2-si qadındır”.