Sakinlər tikinti şirkətindən narazılıq edir
“Binanı uçuq, qəzalı evimizə bitişdiriblər. Hər gün binada iş gedəndə, evin tavanından torpaq tökülür, divarlarımız aralanıb. Bütün kommunal xətləri bərbad vəziyyətə salıblar. Evin hər an başımıza uçmaq təhlükəsi ilə yaşayırıq. Bizi çıxılmaz duruma salıblar”.
Bunu Meydan TV-yə Bakıda, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayan Vüsalə Zərbəliyeva deyir. Onun sözlərinə görə, evtikmə şirkəti divarın o tayında bina ucaldır.
Bir neçə ay əvvəl mənzilin yaxınlığında başlayan qazıntı işləri nəticəsində Vüsalə Zərbəliyevanın evinin divarları çat verib. İşlər davam etdikcə, bu çatlar yarıqlara çevrilib və genişlənib. Ancaq bu, təkcə Vüsalə xanımın başına gəlməyib, məhəllədəki onlarla yaşayış evi qəzalı vəziyyətə düşüb.
Başımıza daş-kəsək yağır
“Pearl Construction” MMC ərazidə 20 mərtəbəli yaşayış binası inşa edir. İlyarım əvvəl şirkət ərazidəki sakinləri köçürmək istəsə də, bacarmayıb. Sakinlər mənzillərini tərk etməyiblər. Şirkət də tikintiyə elə ərazidə yaşayış ola-ola başlayıb. Nəticədə ətrafdakı mənzillərin divarlarında çat əmələ gəlib, qəzalı vəziyyət yaranıb. Vüsalə xanım sözünə davam edir:
“Hazırda küçəmizdəki mənzillərin hamısında acınacaqlı durum yaşanır. Mənim durumum isə lap ağırdır. Binanı düz evimin divarına bitişdiriblər, məsafə saxlamayıblar. Təhlükəsizlik tədbirləri görməyiblər. Taxta, dəmir parçaları həyətimizə düşür. 20 mərtəbəli binanı gətirib içərisində insanlar yaşayan uçuq, sökük evə bitişdirmək ağlasığmazdır, ancaq bu, baş verib. Onlarla ailə ora vurnuxur-bura vurnuxur, heç bir qurum yaxına buraxmır, dinləmir. Pul qazanmağın da həddi-hüdudu, yolu var. Kimlərsə binalar tikib, ev satıb cibini dolduracaq deyə biz daş-kəsəyin altında qalmalıyıq?”
FHN xəbərdarlıq edib, amma…”
Sakinlər deyir, ərazidə yaşamaq günbəgün həyat üçün təhlükəyə çevrilir:
“Yüksək cərəyanlı naqillər açıq qalır, insanlar bilgisiz olduğundan hər an o naqillərə toxuna, həyatlarını itirə bilərlər. Burada çoxlu uşaq var, dağıntıların içərisindən keçib məktəbə gedib-gəlirlər. Həyatları hər an təhlükədədir. Bütün yayı ciyərlərimizə toz-torpaq çəkdik, bundan sonra yağışlar başlayır, ötənilki kimi palçıqda üzəcəyik. Bu məhəllədəki durum, insanların taleyi heç bir qurumu maraqlandırmır”.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 dekabr 2016-cı il tarixli 411 nömrəli sərəncamı ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “Pearl Construction” MMC-nin daimi istifadəsinə Əlizadə və Xan Şuşinski küçələrinin kəsişməsində 0,785 ha torpaq sahəsi ayrılıb. Ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti başqa mənzillərə köçürülməsi şirkətə həvalə olunub. Çoxmərtəbəli yaşayış binalarının tikinti layihəsi şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişan alınıb. Bu ilin aprelində Fövqəladə Hallar Nazirliyi şirkətə göndərdiyi məktubda göstərib ki, şirkət Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə dair normativ sənədlərin və Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamının müvafiq bəndlərinin tələblərini pozub. Ərazidə yaşayan sakinlər köçürülmədən işə başlanıb, bu da sakinlərin haqlı narazılığına səbəb olub. Nazirlik şirkətdən sakinlərin köçürülməsini tələb edib. Qurum şirkətə əks halda tədbir görüləcəyi barədə xəbərdarlıq da göndərib. Lakin 5 ay ötüb və sakinlər deyir, ötən müddətdə əksinə, şirkət ərazidə qazıntı-tikinti işlərini bir qədər də sürətləndirib.
Köçürülmə ağır şərtlərə görə baş tutmur
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, Maqsud Əlizadə küçəsindəki qəzalı tikililər pilot layihəyə düşüb. Həmin evlərin yerində hündürmərtəbəli binalar tikilməli, sakinlər binaya köçürülməlidir. Lakin sakinlər şirkət qarşısında ağır şərtlər irəli sürdüyündən ərazidəki köçürülmə baş tutmur. Şirkətdən o da bildirilib ki, ərazidə aparılan tikinti ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri görülüb.
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına əsasən, Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında qəzalı vəziyyətdə olan yaşayış binaları, məhəllələr sökülür. Yerində hündürmərtəbəli binalar inşa olunur, sakinlər həmin binalara köçürülür. Lakin bu proses tərəflər arasında narazılıqla həyata keçirilir.
Hüquqşünas Vaqif Alıyev deyir, sakinlər köçürülmədən ərazidə tikinti aparılması qanunaziddir:
“Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə dair normativ sənədləri nəzərə alınmayıb. Sakinlər ilkin qazıntı işlərində artıq məhkəməyə müraciət etməli, məhkəmə qərarı ilə işlər dayandırılmalı idi. Lakin görünür məhkəməyə müraciət etməyiblər. Yenə də gec deyil”.