20 manata görə qətl

Sürücünü qətlə yetirməkdə suçlandırılan tələbələrin məhkəməsi başlayıb

Source:


Sürücünü qətlə yetirməkdə suçlandırılan tələbələrin məhkəməsi başlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi, 1994-cü il təvəllüdlü Hüseyn Sahib oğlu Rüstəmovun və onu tələbə yoldaşı, 1995-ci il təvəllüdlü Ramil Etibar oğlu Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV əməkdaşının məlumata görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi mayın 6-da davam etdiriləcək.

İttiham aktına görə, təqsirləndirilən şəxslər həmin universitetin İqtisadiyyat fakültəsində təhsil alan Fuad Rövşən oğlu İsmayılov, digər dostları Fərid Arif oğlu İlyasov və Nurlan İnqilab oğlu Hacıbalazadə ilə istirahət etmək üçün Xaçmaz rayonuna gələrək Günəşli kəndində yerləşən «Dostluq Turist Bazası»nda otaq kirayə tutublar. Onlar istirahət edib, yeyib-içdikdən sonra Nurlan Hacıbalazadə əylənmək üçün əvvəldən tanıdığı, yüngül həyat tərzi keçirən Ülkər Böyükkişi qızı Novruzovaya zəng vurub, onların yanına gəlməsini xahiş edib. Ülkər də 50 manat özünə, 20 manat isə gələcəyi taksi üçün pul veriləcəyini razılaşdıraraq bir müddət sonra Famil Fərhad oğlu Məmmədovun taksi kimi idarə etdiyi sarı rəngli avtomaşınla həmin kotecin yanına gəlib. Nurlan Hacıbalazadə sürücüyə 20 manat pul verib yola salıb. Ülkər Novruzova bir müddət onların yanında olduqdan sonra yüngül hərəkətlər etdiyinə görə ondan xoşu gəlməyən Hüseyn Rüstəmov və dostları çıxıb getməsini deyiblər. Ülkər Nurlan Hacıbalazadə və dostlarından 50 manat pul alaraq taksi sürücüsü Famil Məmmədova zəng vurub, gəlib onu aparmasını istəyib. Famil gəlib Ülkər Novruzovanı apararkən Nurlan Hacıbalazadə və dostlarından buna görə 20 manat pul istəyib. Nurlan Hacıbalazadə və dostları əvvəlcə həmin pulu onu çağıran Ülkər Novruzovanın verməli olduğunu bildirərək, onun pul tələbinin düzgün olmadığını deyiblər. Lakin Ülkər Novruzovanın barələrində şikayət edəcəyindən ehtiyat edərək, öz aralarında razılaşıb, 15 manat pulu Famil Məmmədova verib onları yola salıblar.

Növbəti gün onlar yemək yeyərkən Famil Məmmədovun onlardan Ülkər Novruzovanı aparmağa görə 15 manat pulu düzgün almadığı qənaətinə gələrək, bununla bağlı söhbət etmək istəyiblər. Hadisə vaxt Ramildən başqa digərləri sərxoş olub. Onlar Famil Məmmədova zəng edərək, onu yanlarına çağırıblar. O, gəldikdən sonra onlar söhbət etməyə başlayıblar. Bu zaman Hüseyn Rüstəmov özündəki bıçağı çıxarıb onlara qarşı düzgün hərəkət etmədiyini Famil Məmmədova dediyi üçün aralarında mübahisə düşüb. Famil Məmmədov isə əsəbiləşib yumruqla onun qarın və baş nahiyyəsindən vurduqdan sonra o, Famil Məmmədovu bıçaqlayıb. Famil Məmmədov həkimə aparılan zaman kəskin qanitirmədən yolda ölüb.

Təqsirləndirilən şəxs Hüseyn Sahib oğlu Rüstəmov elan olunmuş ittihamla bağlı ifadəsində göstərib ki, Ülkər yanlarına gələndən sonra təxminən bir saat ərzində birlikdə çay içib söhbət ediblər: “Həmin vaxt Ülkər özünü birtəhər, qəribə aparırdı və sərxoş idi. Ülkər ona pivə almağı, sonra isə diskotekaya getmək istədiyini dedikdə biz razı olmayaraq Ülkərə çıxıb getməsini dedik. Ülkər Familə zəng vurub gəlib onu aparmasını xahiş etdi. Həmçinin səs-küy salıb pulunu tələb etməyə, pulunu verməsələr barələrində polisə şikayət edəcəyini dedi. Bu səbəbdən Nurlan ona 50 manat pul verdi. Ülkər Familin avtomaşınına mindikdən sonra isə həmin taksi sürücüsü Nurlanı çağırıb Ülkəri aparmağa görə ona 20 manat yolpulu da verməli olduğunu bildirdi. Biz də Ülkərin bizə şər ata biləcəyindən ehtiyat edərək öz aramızda 15 manat toplayıb Nurlana verdik ki, taksi sürücüsünü yola salsın. Növbəti gün Famil ilə görüşüb bu məsələ ilə bağlı danışdıq, məsələni sözlə aydınlaşdırmaq qərarına gəldik. Famil gəldikdə ona dedik ki, həmin pulu qaytarsın. Famil isə cavabında «yaxşı edib almışam, sizə heç bir pul verilməyəcək» – deyə cavab verdi. Buna görə hamımız Famil ilə mübahisə etməyə başladıq. Söhbət etdiyimiz çayxanada adamlar çox olduğundan biz istirahət etdiyimiz mərkəzə qayıdıb orada söhbətimizi davam etdirmək qərarına gəldik. Biz həmin yerə gedəndə Famil əlində «montirovka» kimi adlanan gödək dəmir ling üstümüzə gəlib, kobud və əsəbi şəkildə «gəlin gedək söhbət edək» – dedi. Mən Familə təklikdə söhbət etmək istədiyimi dedim. Həmin vaxt Familin yanında adlarını sonradan bildiyim başqa Famil və Zaur adlı oğlanlar da var idi. Ülkər isə avtomaşının içərisində oturmuşdu. Biz söhbət etməyə gedəndə Famil «Siz idiz, alə, məndən pul istəyən? Siz məndən pul ala bilərsiz? Bu qədər adamı yığıb mənim üstümə niyə gəlirdiz?» dedikdə, ona «Sən səhv eləyib bizdən pul almısan, sən bizdən ikinci dəfə əlavə pul almamalıydın» – deyə cavab verdim. Bu sözləri eşidən Famil birdən sağ əli ilə qarnıma, sonra isə sifətimə yumruqla vurdu. Mən də özümü müdafiə etmək məqsədi ilə belimdə saxladığım bıçağı çıxardım. Lakin bıçaqla onu vurdub-vurmadığımı dəqiq bilmədim. Famil adamlara tərəf qaçanda Ramil Abbaslı əlində bıçaqla Familin üzərinə doğru qaçıb zərbə atdı. Həmin vaxt Ramilin əlindəki bıçaqla Familə xəsarət yetirib-yetirmədiyini də dəqiq bilmədim. Daha sonra Famil idarə etdiyi avtomaşına minərək oradan qaçmağa başladı. Biz öz aramızda razılaşdıq ki, hadisəni polis bilsə, heç birimiz Famili bıçaqladığımız boynumuza almayaq. Polislər gəlib bizi saxlayanda biz Familin öldüyün bildik”.

Təqsirləndirilən şəxs Abbaslı Ramil Etibar oğlu ittihamla bağlı göstərib ki, Famillə Hüseyn söhbət edən zaman Familin Hüseyni şillə ilə vurduğunu, Hüseynin isə bıçağını çıxarıb Famili bıçaqladığını görüb: “Famil bizə tərəf qaçanda mənim əlimdə olan bıçaq onun sağ ayağına dəydi. Lakin Famil maşına oturub qaçdı. Həmin vaxt Hüseyn Familin arxasınca qaçırdı. Onu kimin tutub saxlamasını bilmədim. Polislər bizi saxlayıb dindirən zaman Famil ilə Hüseynin kənarda təkbətək söhbət edərkən dalaşdıqlarını və Hüseynin Famili bıçaqladığını demədim. Bu hadisəyə görə dostum Hüseynin tutulmasını istəmirdim. Ona mənim əlimdə olan bıçağın dəydiyini dedim. Hüseyni satmaq istəmədiyi üçün bir müddət həqiqəti gizlətdim. Düşündüm, özü yəqin ki, istintaqa düzünü deyərək, Famili öldürdüyünü etiraf edər. Hüseyn isə bunu etmədi. Həbs olunandan sonra atam Rusiyadan gəldi və yeni vəkillər tutdu. Həmin vəkillər hadisə barədə məndən soruşduqda əsl həqiqəti danışdım. Atam mənim həqiqəti gizlətdiyimi biləndən sonra bunun doğru olmadığını söylədi. Bundan sonra həqiqəti olduğu kimi danışdım”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Fuad Fərhad oğlu Məmmədov ifadəsində göstərib ki, qonşuları Namiq adlı şəxs ona qardaşı Familin yol-nəqliyyat hadisəsi törətdiyini və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında olduğunu dedikdən sonra xəstəxanaya gedib və orada Familin öldüyünü bilib.

Cinayət işi üzrə H. Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), R. Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

Ana səhifəXəbərlər20 manata görə qətl