20 illik Atəşkəs sazişi bitdi, bəs sonra?

Politoloqlar növbəti sazişə ehtiyac görmür, həmsədrlər isə bəyanatla çıxış etdilər

Source:


Politoloqlar növbəti sazişə ehtiyac görmür, həmsədrlər isə bəyanatla çıxış etdilər

Mayın 12-də Azərbaycan və Ermənistan arasında Atəşkəs sazişinin imzalanmasının 20 ili tamam olur. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalananan “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Atəşkəsin imzalanması təklifi 1994-cü il mayın 4-də Rusiyadan gəlib. Həmin il Bişkekdə MDB Parlamentlərarası Assambleyasının toplantısında Moskva atəşkəs haqqında saziş layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər. Amma 20 illik imzalanan sənəd “Böyük sülh saziş”inin imzalanması ilə yekunlaşmadı.

APA-nin məlumatına görə, ötən 20 ildə cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub.

Atəşkəs sazişinin tərəflərə nə qazandırdığı haqqında Meydan TV-nin sualına politoloq İlqar Vəlizadə cavab verdi ki, hər iki tərəf sənədin imzalanmasından qazandı: “Müharibənin davam etməsilə Ermənistanın da, Azərbaycanın da resursları tükənirdi. Ancaq sazişinin imzalanmasından 20 il ötüb və bu müddətdə vəziyyət dəyişib. Bu mənada atəşkəsin nə sülh, nə müharibə şəraiti hər iki tərəfə sərf etmir, əksinə, fəsadlar doğurur. Ermənistanın iqtisadiyyatı ağır böhran keçirir, xarici siyasəti iflic olub, əhali ölkəni tərk edir. Azərbaycanda isə xarici risklər çoxalır, Ukrayna problemi baxımından yanaşdıqdan bu risklərin artması bilavasitə Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlıdır. Ona görə durum tərəfləri qane etmədiyindən mövcud status-kvonu dəyişmək üçün ortaq məxrəcə gəlinməlidir”.

İ.Vəlizadə bildirdi ki, 2006-07-ci ildən başlayaraq atəşkəs dəfələrlə pozulub, əgər həmin illərdə 600 pozulma qeydı alınırdısa, son illər 3 mini aşıb: “Hesab edirəm ki, növbəti atəşkəs sənədinə ehtiyac yoxdur, çünki hazırki sənəd işləmir, yenisi də çıxsa, o da işləməyəcək. Bu baxımdan problemi kökündən həll edən sənəd lazımdır. Vəziyyət dəyişməsə, atəşkəsin pozulması adiləşəcək, bu isə müharibə deməkdir”.

Konfliktoloq Elxan Mehdiyev hesab edir ki, Azərbaycanın “qazancı” torpaqlarımızın 20 ildir işğalda qalması oldu: “Həmin torpaqlarda yaşayan 100 minlərlə insanın evləri yer üzündən silindi, insanların yarıdan çoxu məhv oldu, qalanları da ümidsiz halda ölümlərini gözləyir. Ermənilətr isə o zaman düşdüyü ağır durumdan çıxdı, iqtisadiyyatını, ordusunu qurdu və indi də diktə edən tərəfə çevrilib. Bəli, Azərbaycan iqtisadi baxımdan enerji resurslarını Qərbə çıxartmaqla milyardlarla ölçülən qazanc əldə edib,  amma həmin vəsait korrupsiyanın “yemi”nə çevrilib”.

Konfliktoloq növbəti atəşkəs sənədinin imzalanmasına ehtiyac görmür: “Çünki vəziyyətin belə davam etməsi hər iki ölkədəki rejimləri qane edir. Erməni tərəfi durumdan məmnundur, onlar istədiklərindən də çox ərazi işğal edib, vəziyyətin uzanması torpaqların işğalçılarda qalmasına münbit şərait yaradır”.

Atəşkəsin 20 illiyi ilə əlaqədar ATƏT-nin Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Bəyanatda 1994-cü il 12 may sazişinin müharibəyə son qoyduğu və faciəvi  zorakılığı dayandıraraq danışıqlara yol açdığı bildirilir: “Sülhün sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüyüblər. Tərəflər gələcək nəsilləri də bu cür dəhşətlərdən xilas etmək üçün hər şeyi etməlidir. Lakin bütün bunlara baxmayaraq, atəşkəs haqda saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu isə müəyyənləşməyib. Münaqişənin həll olunmamış qalması yüzlərlə, minlərlə insanın yerdəyişməsinə, beynəlxalq sərhədlər və təmas xətti boyunca zorakılıq ehtimalının daim mövcud olmasına, eləcə də bəzi cəmiyyətlərdə status-kvonun daimi olacağı barədə yanlış fikir yaranmasına səbəb olub. Tərəflər həmsədr ölkələrin təqdim etdiyi imkanlardan yararlanmaqda müəyyən maraq nümayiş etdiriblər. Biz münaqişəyə dair ümumi mövqeyi bölüşürük və nə qədər mümkündürsə, o qədər tez müddətdə münaqişənin BMT xartiyaları və Helsinki Yekun Aktına, xüsusən güc tətbiq etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ və bərabərlik prinsiplərinə əsaslanan sülh yolu ilə həllində tərəflərə kömək etmək məsələsində öz mövqeyimizə sadiqik”.

Bəyanatda bildirilir ki, həmsədr ölkələrin dövlət başçılarının 2009-cu və 2013-cü ildə verdikləri birgə bəyanatlarda əksini tapan və Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılmasını, Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşdirilməsini nəzərdə tutan elementləri ehtiva etməlidir: “Aralıq status Dağlıq Qarabağın özünüidarəsini və təhlükəsizliyini, eləcə də onu Ermənistanla birləşdirən dəhlizin mövcudluğunu özündə əks etdirməlidir. Dağlıq Qarabağın yekun statusu tərəflərin iradəsinin ifadəsinin leqal təminatına əsaslanmalıdır. Qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və sülhməramlı qüvvələrdən istifadə olunmalıdır. Münaqişənin həlli tərəflərin qarşılıqlı etimadı olmadan mümkün deyil. Tərəflər sülh üçün vacib olan addımları atmalıdır. ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət bu yolda onları dəstəkləməyə hazırdır”.

Ana səhifəXəbərlər20 illik Atəşkəs sazişi bitdi, bəs sonra?