Mənbə: Meydan TV

20 bıçaqla öldürülən Leylanın anası danışır

20 bıçaqla öldürülən Leylanın anası danışır

Qızının şəklini qucaqlayan qadın əri Nicat Məmmədov tərəfindən 20 bıçaq zərbəsi ilə öldürülən Leyla Məmmədovanın anasıdır. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, hadisə oktyabrın 6-da Beynəlxalq Avtovağzalın yaxınlığında maşında oturan qayınatanın və 3 azyaşlı uşağın gözləri qarşısında baş verib.

“5-ci sinifdən atası onu çıxarıb, evdə otuzdurmuşdu. Onun müəllimələrindən, qonşulardan soruşun. Görün, mənim balam necə pak, təmiz qız olub. Xahiş edirəm, dindarlardan, möminələrdən, prezidentdən və Mehriban xanımdan, bu işi yerdə qoymasınlar. Mənim balamı xəncərləyib, vəhşicəsinə, qəddarcasına, 3 balasının gözü qarşısında öldürüb qızımı“, - Flora Mahmudova deyir.

Anası Flora Mahmudova deyir ki, 28 yaşlı qızı Leyla evli olduğu 7 il müddətində daima zorakılığa, təhqirlərə məruz qalıb. Hadisə günü ayrılmaq üçün anasının evinə gəlirdi. Şiddətə dözməyib boşanmaq istədiyi üçün də öldürüldü.

“Təhdid edirdi onu. Deyirdi, getsən sən öldürərəm, ailənə zərər verərəm. O da otururdu. Atası ağır xəstə idi. Gələ bilmirdi ki, atamın ürəyi partlayıb ölər. Təzə gəlin idi, boğazına bıçaq dirəyirdi. Hamiləydi, qayınanası dirsəyi ilə qarnına vururdu ki, uşaq düşsün”, - öldürülən Leylanın anası danışır.

Leyla Məmmədovanın qaynanası Firəngiz Məmmədova da oğlunun gəlinini boşanmaq istədiyinə görə öldürdüyünü deyir.

“Telefonla danışırdı, eşitdim bacısı nəsə deyir ona. Bu da dedi: “Hə, ZAQS kitabçasını? Hə, yaxşı“. Bunu eşidəndə oğlum çöndü, nə çöndü. Dedi: “Bu işi təmizləsəm, mən təmizləyəcəm”. Bilirsən nə qeyrətli oğlan idi? O arvad boşayan idi? Uşağımın başını xarab elədilər”.

Özünə qarşı ittihamlarınsa şər olduğunu bildirir. O, Leylanın yoldaşını təhqir etdiyini, tez-tez dava saldığını söyləyir.

Son günlər mətbuatda qadın cinayətləri gündəmdədir. Oktyabr ayı içində 12 qadın ailə məişət zəminində öldürülüb.

Feminist aktivist Gülnarə Mehdiyeva qadınların zərərverən şəxsdən asanlıqla ayrıla bilməməsini maarifsizlikdə, iqtisadi aslılıq kimi səbəblərdə görür.

“Məcbur edirlər, hədə-qorxu gəlirlər ki, qadın şikayətini geri götürsün. Elə şeylərlə qorxudurlar ki, qadın məcbur qalır zərərverən şəxsi bağışladığı desin, onu şikayət etməsin. Həmin şəxsdən iqtisadi aslılığı var, uşaqlarını dolandırmaq lazımdır”, - deyir Gülnara Mehdiyeva.

Döyülən, psixoloji və fiziki zorakılığa məruz qalan qadın nə etməlidir? Dövlət onu nə dərəcədə qoruyur? Azərbaycanda məişət zorakılığı haqqında qanun qəbul olunsa da, hüquqşünaslar deyir ki, praktikada bir çox mexanizm həyata keçirilmir. Qanunu icra etməli dövlət orqanları üçün aydınlıq yaratmır və qanuni öhdəlikləri detallaşdırmır.

Gülnarə Mehdiyeva qadınlara qarşı olan cinayətlərin məsuliyyətini hüquq-mühafizə orqanlarında tutmuş digər dövlət qurumlarında görür.

“Biz istəyirik, onları məsuliyyətə cəlb edək, necə deyim, tərpədək ki, ayılın, nəsə edin. Çünki ölkədə hər şey artıq kritik həddə çatıb. Bütün vətəndaşlar özlərini yaşadıqları ölkədə təhlükəsizlikdə hiss etməlidir. Birinci növbədə onları hüquq-mühafizə orqanları qorumalıdır. Qadın çox vaxt niyə polisə getmir? Düşünür ki, polis mənə nə kömək edəcək? O, artıq inamını itirib. Əgər bir vətəndaş hüquq-mühafizə orqanlarına inamını itiribsə, bu, bir ölkə üçün böyük faciədir”, - Gülnarə Mehdiyeva deyir.

Dövlət məsuliyyətini anlasın, hesabatlı olsun deyə, gender araşdırmaçıları və hüquqşünaslar elə AŞPA prezidenti Lilian Mori Paskyenin Bakıdakı konfransda çıxışı zamanı da qeyd etdiyi İstanbul Konvensiyasına qoşulmağın vacib olduğunu deyirlər.

İstanbul Konvensiyası təcavüz və cinsi hücumlara qarşı mərkəzlər və ya qadınlar üçün sığınacaqlar kimi xüsusi xidmətlər yaradılmasını, istintaq və məhkəmə proseslərinin əsassız gecikmə olmadan aparılmasını və cinayət təqibinin bütün mərhələlərində zərərçəkmişin hüquqlarının nəzərə alınmasını təmin etmək üçün zəruri qanunvericilik tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

20 bıçaqla qətlə yetirilən Leyla Məmmədovanın anası Nicat Məmmədovun ömürlük həbs edilməsini, qayınana Firəngiz Məmmədovanın da məsuliyyətə cəlb olunmasını istəyir.

“Müayinədən keçmək üçün qızımı həkimə aparırdı. Verirdi kitabı ki, üzünə tutsun, üzü görünməsin. Çatanacan başını da aşağı salmalıydı. Balam edirdi, bütün bunlara razıydı. Qızıma imkan vermədilər dolansınlar. Nə qayınanası, nə də yoldaşı. Mənim istəyim odur, ona elə cəza verilsin ki, balamın qanı yerdə qalmasın. Ona ömürlük cəza verilsin. Nicat kimi cinayətkarlar hələ çox qətl törədəcəklər. Çox qadını öldürəcəklər, xəncərdən keçirəcəklər”, - Flora Mahmudova etiraz edir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/frdntx

Ən çox baxılan