2 yaşlı uşağın oğurlanmasıyla bağlı məhkəmə araşdırmaları başladı

Foto: Meydan TV

Azyaşlını oğurlamaqda ittiham olunan qadın deyilənləri qəbul etmir

2021-ci il dekabrın 29-da paytaxtın Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmməd Şıxəliyevin oğurlanmasıyla bağlı məhkəmə araşdırmaları başlayıb. Azyaşlını oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hakim Əhməd Quliyevin sədrliyilə keçirilən ilk iclasda Gültəkin Muradova deyib ki, ittihamda yazılanlarla razı deyil.

Onun vəkili isə məhkəmə baxışına xitam verilməsi, işin yenidən araşdırılması üçün istintaqa qaytarılması barədə vəsatət qaldırıb.

Vəkil bildirib ki, uşağın valideynləri narkotik istifadəçiləridir, bu barədə istintaq materiallarında da sənədlər var:

“Reyhan Şıxəliyeva və Elgün Şıxəliyevdə narkomaniya xəstəliyi aşkarlanıb. Bu insanların dediklərini mötəbər sayıb, hüquqlarını müdafiə etdiyim şəxsə ittiham veriblər. Yalnız onların dedikləri əsasında adamı belə ağır cinayətdə ittiham eləmək doğru deyil”.

Vəkil vurğulayıb ki, Sabunçu Rayon Polis İdarəsində aparılan yarım ilə yaxın istintaq dövründə Gültəkin Muradovanın müdafiə hüququ pozulub:

“İstintaq dövründə qaldırdığım vəsatətlər olub, heç birinə cavab verilməyib. Mən vəkili olsam da, üç ay sonra müdafiəçi kimi qoşulmağıma şərait yaradılıb. Vəkili olduğum halda, onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasıyla bağlı məhkəmə prosesləri mənim iştirakım olmadan keçirilib. Mənə bu haqda heç bir məlumat verilməyib. Bütün bunlar müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”.

Prokuror vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Bir həftə sonra – iyulun 28-də keçirilən məhkəmə iclasında bildirib ki, vəsatətdə qaldırılan məsələlər məhkəmədə araşdırıla bilər, işin istintaqa qaytarılmasına ehtiyac yoxdur.

Hakimlər də vəsatəti təmin etməyib.

Yanvarın 8-də uşaq tapılandan və Gültəkin Muradova həbs olunandan sonra azyaşlının atasının da istintaqa cəlb edilməsi haqda məlumatlar yayılmışdı.

Bir neçə gün sonra isə məlum oldu ki, 2 yaşlı Məhəmməd və 3 bacı-qardaşı müvafiq dövlət orqanlarının qərarıyla ailədən alınaraq, sığınacağa yerləşdirilib.

İddia olunur ki, Gültəkin Muradova uşağı Kürdəxanı qəsəbəsində qeyri-rəsmi münasibətdə yaşadığı şəxslə birlikdə kirayə tutduqları evdə saxlayıb. Həmin şəxsin də cinayət məsuliyyətinə cəlb edildiyi haqda məlumat yayılsa da, hazırda 53 yaşlı Gültəkin Muradova məhkəmədə tək mühakimə olunur.

Gültəkin Muradovaya Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu – yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham verilib. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlər2 yaşlı uşağın oğurlanmasıyla bağlı məhkəmə araşdırmaları başladı