STP Milli Mətbuat Günü ilə bağlı forum keçirdi
İyulun 19-da Sivil Toplum Platforması (STP) “Milli mətbuatın 141-ci ilində Azərbaycan KİV-i” mövzusunda forum keçirib.
Forumda media qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, müvafiq dövlət orqanlarının, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edib.
«
Mətbuat Şurası eyni vaxta tədbir təyin edib”
Forumun moderatoru, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirakçıları “Milli mətbuat günü” münasibəti ilə təbrik edərək, medianın keçdiyi bu 141 illik bir dövrdə üzləşdiyi problemlərə toxunub.
O, son illər hakimiyyətin apardığı media siyasətinin söz və ifadə azadlığının inkişafına mənfi təsir etdiyini vurğulayıb.
Əvəz Zeynallı deyib ki, Forum media ilə bağlı olduğu üçün Beynəlxalq Media Mərkəzi STP-yə yer verməyib: “Biz müəyyənləşdirdik ki, bu gün BMM-də heç bir tədbir keçirilmir, zallar boşdur. Bundan başqa, biz tədbirə Mətbuat Şurasından, hakimiyyət təmsilçilərindən də nümayəndələr dəvət etmişdik. Məlum oldu ki, Mətbuat Şurası eyni gündə, eyni saata tədbir təyin edib. Bunun özü media etikasına ziddir”.
«
Reklam bazarı 35 faiz geriləyib”
Tədbirdə “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Medianın iqtisadi vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi medianın iqtisadi durumunu təhlil edərkən hakimiyyət tərəfindən ayrı-seçkiliyə yol verildiyini, mediaya ayrılan maliyyə vəsaitlərinin düzgün xərclənmədiyini, reklam bazarının monopoliyada olduğunu, bunun da medianın inkişafına ciddi problem yaratdığını deyib:
«2015-ci ildə manatın devalvasiyası və iqtisadi fəallığın azalması ilə əlaqədar Azərbaycan KİV-lərinin iqtisadi vəziyyəti daha da pisləşib. Bir sözlə KİV böhranının ardından ölkə böhran zolağına qədəm qoyub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda KİV-in əsas gəlir mənbəyinin – reklam bazarının ümumi dövriyyəsi 13,3 faiz azalıb və bir il əvvəlki 72,5 mln. manatın (93 mln. dollar) yerinə 62,8 mln. manat (60 mln. dollar) təşkil edib. Dollarla ifadə etdikdə bazar 35 faiz geriləyib”.
Mehman Əliyev deyib ki, media reklamının həcmi təxminən 26 mln. manat (24,7 mln. dollar) təşkil edib:
“Manatla ifadə etdikdə 3 faiz artsa da, dollarla ifadə etdikdə reklam həcmi 22,8 faiz azalıb.
10 mərkəzi kanaldan ibarət olan tele və radioyayım tamamilə hakimiyyətin nəzarəti altındadır və buraya daxil olan 22,9 mln. dollarlıq (2014-cü ildə 28,9 mln. dollar) vəsait bu yayımların müəyyən dərəcədə mövcud olmasını təmin edir, amma cüzi gəlir onların inkişafını ciddi şəkildə gecikdirir.
Çap və onlayn KİV-in reklam həcmi – 2,9 mln. dollar (2014-cü ildə 1,08 mln. dollar) onların ticari cəhətdən yoxsulluğunu və tamamilə xarici maliyyələşmədən asılılığını göstərir. Statistika çap KİV-də reklamın dörd dəfədən çox artdığını göstərir. Amma bu, prezidentin ailə üzvlərinin rəhbərlik etdiyi “Bakı” kimi qlamur jurnallara reklam axını hesabına baş verib.
Azərbaycanda təxminən 300 real və onlayn KİV var. Orta hesabla bu KİV-in hər birinin payına ildə 8,5 min dollar və ya ayda 708 dollar reklam gəliri düşür. Əlbəttə, onların böyük əksəriyyəti reklam almır, kiçik hissəsinin ildə bir neçə on minə qədər reklamı olur ki, bu da bir ay ərzində böyük ştatın saxlanmasına və leqal əmək haqlarına kifayət etmir”.
“Media ilə bağlı qanunvericilik sərtləşdirilib”
“KİV-də diffamasiya və qanunvericilik” mövzusunda çıxış edən media hüququ eksperti Ələsgər Məmmədli bildirib ki, 2014-cü ildən bəri “KİV haqqında” Qanuna 4 dəfə müdaxilə edilib. Bu dəyişikliklər isə media ilə bağlı qanunvericiliyi daha da sərtləşdirib.
Ekspert “Diffamasiya haqqında” Qanunun qəbul edilməsinin vacib olduğu bir zamanda media ilə bağlı cəzaların ağırlaşdırıldığını mənfi hal kimi dəyərləndirərək qeyd edib ki, Azərbaycan mətbuatının “diffamasiya girdabı”ından qurtulması olduqca zəruridir.
«
D
övlət qurumları medianın informasiya ilə təmin olunmasında maraqlı deyillər»
Media eksperti Xalid Ağəliyev isə “İnformasiyaya çatımlılıq. Jurnalistlərin təqib edilməsi (fiziki, məhkəmə, psixoloji)” mövzusunda məruzə ilə çıxış edib.
Onun sözlərinə görə, dövlət qurumları medianın informasiya ilə təmin olunmasında maraqlı deyillər. Belə ki, dövlət qurumları tərəfindən informasiya sorğularının cavablandırılması hər il statistik olaraq aşağı düşür.
Tədbirdə media nümayəndələri – Zeynal Məmmədli, Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev, Rövşən Hacıbəyli çıxış edərək, medianın mövcud problemlərindən danışıblar.
Şəkillər arqument.az-a məxsusdur