”1918.az” ensiklopedik sayt yaradılıb

Sayta yığılan materialların kitab şəklində çap olunub pulsuz paylanılacağı planlaşdırılır

Source:
Təqdimatdan fotolar
Təqdimatdan fotolar


Sayta yığılan materialların kitab şəklində çap olunub pulsuz paylanılacağı planlaşdırılır

Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində daha bir sayt işıq üzü gördü. “www.1918.az” saytı bir neçə gəncin xüsusi və şəxsi təşəbbüsü nəticəsində təsis edilib.

Saytın amalı və siyasi kursu AXC tarixini araşdırmaq, təbliğ etmək və insanları maarifləndirməkdir. Layihənin rəhbəri Amerikada yaşayan Fərhad Ələkbərovdur.

Təqdimat mərasimi keçirən təşkilatçıların sözlərinə görə, F.Ələkbərov həm də saytın texniki məsələlərini və adminstrativ işlərini görür.

Saytın araşdırma işlərini və məlumat bazasının təşkil etmək, məlumatları toplamaq üzrə rəhbəri Bilal Həsəndir.

Meydan TV-nin köşə yazarı, ictimai fəal Orxan Adıgözəl də layihənin təşkilatı işləri ilə məşğuldur.

Təqdimatdan fotolar
Təqdimatdan fotolar

Bundan əlavə, heyətdə 50-yə yaxın şəxsin çalışdığı bildirilir. Onların arasında tərcüməçilər, redaktorlar, korrektorlar, tələbələr, ictimai mühitin nümayəndələri var. Sayt 1917-1920-ci illəri və ələlxüsus ADR hökuməti dövründə baş verən ictimai-siyasi hadisələri günbəgün əhatə edib.

Sayt ensiklopedik informasiyaya malikdir. Təşkilatçıların məlumatına görə, araşdırma işləri 6 aydan çox davam edib. Bu müddət ərzində 400 kitab nəzərdən keçirilib, “Azərbaycan” qəzetinin 1918-1920-ci illər üçün dərc edilmiş bütün 408 nüsxəsi (1200 vərəq) əldə edilib, araşdırılıb və məlumatlar toplanaraq sayta yerləşdirilib.

Təqdimatdan fotolar
Təqdimatdan fotolar

O da bildirilir ki, layihənin bir neçə sponsoru var:

“Lakin ümumi maliyyə dəstəyi adi vətəndaşlardan ianə formasında alınır”.

Saytın ilk təqdimatı Tbilisidə, Gürcüstan Milli Parlamentinin Kitabxanasında baş tutub. Tədbirdən öncə Tbilisi qəbirstanlığında Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin məzarları ziyarət edilib.

İstanbulda isə Əli bəy Hüseynzadənin məzarı ziyarət edilib.

Mayın 26-da Bakıda saytın rəsmi təqdimatı keçirilib. Tədbirdə Hikmət Hacızadə, Zamin Hacı, Zaur Qurbanlı, Orxan Adıgözəl, Bilal Həsən, və layihə rəhbəri Fərhad Ələkbərov (skaypla) çıxış ediblər. Tədbir zamanı çay süfrəsi açılıb, iştirakçılara döş nişanları və “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap edilmiş bəzi nüsxələri hədiyyə olunub.

Məlumatda qeyd olunur ki, mayın 28-də Fərhad Ələkbərov Nyu-Yokrda Cümhuriyyətin 100 illiyinə həsr edilmiş tədbirdə saytı təqdim edəcək.

“1918.az” komandasının gələcək planı sayt üçün toplanan məlumatlar əsasında üç dildə (Azərbaycan, rus və ingilis) Azərbaycan Demokratik Respublikasının Xronologiyasını kitab formatında çap etməkdir. Kitab kommersiya xarakteri daşımayacaq, təhsil ocaqlarına, məktəblərə, şagirdlərə pulsuz hədiyyə ediləcək.

Ana səhifəXəbərlər”1918.az” ensiklopedik sayt yaradılıb