Hadisənin atəşkəsin pozulması nəticəsində baş verdiyi bildirilir
Fevralın 7-də, günün ikinci yarısında Füzuli istiqamətində atəşkəsin pozulması nəticəsində Rüfət Bəxtiyar oğlu Rüstəmovun həlak olduğu bildirilir.
19 yaşlı Rüfət Rüstəmovun ailəsi Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayırlar. O, ötən ilin yanvarında hərbi xidmətə çağrılıb, Beyləqandakı N saylı hərbi hissədə xidmət edirmiş.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, bir neçə saat əvvəl hərbi hissədən Rüfət Rüstəmovun atasına zəng edərək hadisə barədə xəbər veriblər.
Əsgərin ölümü barədə Azərbaycanın Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb. Günün sonu olduğundan rəsmi qurumlardan hadisə ilə bağlı ətraflı xəbər almaq mümkün olmayıb.