19 milyon 400 min manata başa gələn iki yolun bir problemi

Həşimxanlı-Əhmədabad yolunun 4 kilometrlik hissəsinin pulunu yeyiblər, asfalt çəkməyiblər

Source:
Qarayevkənd-Sımadakənd yolu
Qarayevkənd-Sımadakənd yolu

“Həşimxanlı-Əhmədabad yolunun 4 kilometrlik hissəsinin pulunu yeyiblər, asfalt çəkməyiblər, camaatın şikayətindən sonra qrederlə yolu düzlədilər, qışda yenə bu yol keçilməz olacaq” – bunu yolüstü maşına götürdüyüm kənd sakinlərindən biri deyir.

Getməyə çalışdığımız yolsa Həşimxanlı-Əhmədabad-Nərimankənd yoludur. Çəkilişinə 12,2 milyon manat ayrılan Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı yolu. Oxucularımız xatırlayar, bu yolun çəkilişi ilə bağlı ötən il Leyla Mustafayevayla birgə araşdırmamız

olmuşdu.

Həşimxanlı-Əhmədabad yolu
Həşimxanlı-Əhmədabad yolu

İkinci yol isə çəkilişinə 7.2 milyon manat vəsait ayrılan Qarayevkənd-Sımadakənd avtomobil yoludur. Hər iki yolun açılış lentini prezident kəsib. O yolların bugünkü durumuyla siz də tanış olun.

Həşimxanlı-Əhmədabad yolu

“Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı yolunun tikintisi üçün 2014-2015-ci illərdə 6 mln. manat Sabirabad Rayon İcra Hakimiyyətinə, 2016-cı ildə isə 6.2 mln. manat tikintinin başa çatdırılması məqsədilə “Azəravtoyol” ASC-yə (toplam 12.2 mln) ayrılıb. 43 km uzunluğu olan bu yolun tikintisi ilə bağlı keçirilən tenderlər haqqında qismən məlumat var. 2015-ci ildə “Azərtikinti-Quraşdırma” Servis-23 ASX-nin yolun inşası ilə bağlı keçirilən tenderi 2 mln. 999 min 510 manata udduğu göstərilir. Qalan 9 mln. 200 min manatın hara xərcləndiyi açıqlanmır. Üç il müddətində yolun bir hissəsinə asfalt örtüyü çəkilib, bir hissəsinə çınqıl döşənib. Həşimxanlı və Əhmədabad kəndlərini birləşdirən yolda hələ iş başlamayıb”.

Bu yazımız 2017-ci il martın 29-da Meydan TV-nin saytında yerləşdirilmişdi. Həmin il noyabrın 28-də dövlət başçısı İlham Əliyevin adı çəkilən yolun açılışını etdiyi barədə müxtəlif kütləvi informasiya vasitələrində xəbər yayılmışdı:“Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak

edib”.

Prezident İlham Əliyevin Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı yolunun açılışını etdiyi vaxtdan 9 ay keçir. Bugünlərdə Həşimxanlıya yasa getmişdim. Həmin yoldan keçəsi oldum. Daha doğrusu, 12 milyon 200 min manat büdcə vəsaiti hesabına “tamamilə bərpa edilərək yenidən qurulmuş” o yolun Həşimxanlı-Əhmədabad-Nərimankənd hissəsindən. 2017-ci ildə araşdırma apardığımız zaman keçdiyim yol elə həminkiydi. O vaxt asfalt örtüyü “Əhmədabad” yazılmış yol nişanından sonra başlayırdı. Keçən 17 ay ərzində yolu asfaltlamaq üçün heç bir iş görülməyib, həmin ərazidən Həşimxanlıya qədər yol əvvəlki kimi qalır. Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra yol qrederə verilib. Guya nisbətən normal hala gətirilən yolu gedə-gedə çəkdiyim videodan hər şey görünür. Ancaq kameranın titrəməsi mənim yox, 12 milyon 200 min manatın üstündən udqunmadan su içənlərin günahıdır…

Qarayevkənd-Sımadakənd yolu

Belə yol açılışları ənənə halını alıb. Yol çəkilişi aparan şirkətlər baş yoldan kəndlərə gedən hissəni bir neçə kilometr asfaltlayır, sonra dövlət başçısı gəlib həmin yola bağlanmış qırmızı lenti kəsir. Kamera və mikrofonlar işə düşür. Çıxışlar da olur, açılış günü xüsusi geyimdə lentkəsməyə gətirilən fəhlələrin alqışları da. Hamı xoşbəxt görünür, bəzən adam yerinə qoyub açılış yerinə yaxın buraxılan yerli sakinlər belə… Ancaq dövlət başçısı da heç vaxt qırmızı lentdən sonrakı yolun çəkilib-çəkilməməsi ilə maraqlanmır. O kəndlərin bəxti gətirir ki, lent lap kəndə yaxın ərazidə kəsilsin. Həşimxanlı-Əhmədabad yolu isə gözdən-qulaqdan uzaq yerdədir. Ora nəinki prezidentin, heç icra başçısının yolu düşmür; onları qınamaq da olmur, gediləsi yol deyil…

Qarayevkənd-Sımadakənd yolu

“Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir”. Söz vaxtına çəkər – deyiblər. Bu xəbər 2013-cü il avqustun 29-da prezidentin saytında

yerləşdirilib

. Həmin il prezident seçkisi iliydi. Belə açılışlar seçkiyə qədər az qala hər gün olurdu. Prezidentin rayonlara səfəri çərçivəsində qırmızı lent kəsmək üçün yollar bir neçə kilometr asfaltlanırdı. Dövlət başçısı da əsas yoldan həmin asfaltlanmış bir neçə kilometrlik yola dönüb qırmızı lentini kəsib növbəti açılışa gedirdi. Yolun lentdən sonrakı hissəsi Allahın ümidinı buraxılırdı. Pullar həqiqətən, ya elə kağız üzərində ayrılsa da…

“Qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manatı Saatlı Rayon İcra Hakimiyyətinə ayrılsın”. Bakı şəhəri, 16 iyul 2013-cü il. № 3005

Qarayevkənd-Sımadakənd yolu

“Azərbaycan Respublikası Prezidentinin 27 mart 2014-cü il tarixli 354 nömrəli sərəncamı ilə həmin yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş 3,7 milyon manat vəsait

ayrılmışdır”.

Bu iki sərəncamla dövlət büdcəsindən Sımada-Qarayevkənd yoluna 7 milyon 200 min manat vəsait ayrıldı. Yuxarıda vurğuladığımız kimi, prezident seçkisi ili olduğu üçün tezbazar, demək olar, heç bir bərkitmə işi aparılmadan yola asfalt döşəndi. Avqustun 29-da lent kəsiləndən 1 ay sonra, oktyabr ayında yol dağıldı, yaxşı ki, seçkidən sonra, həm də çox maraqlıdır, elə lent kəsilən hissədən. Sonra başqa hissələrdə də dağılmış yerlərin təmiri başladı, bir neçə ay öncə çəkilmiş asfaltı dağıdıb yenidən çəkdilər. Həmin yolun açılışında İlham Əliyev demişdi ki, mənim göstərişimlə kəndlərə Avropa standartlarına uyğun yollar çəkilir. Deyəsən, Avropa standartlarıyla çəkilən yolda 1 ay sonra təmir başlanmır. Görünür, bizim arşında standart problemlərimiz var…

Aradan keçən bu 5 ildəsə həmin yolda dəfələrlə, ildə bir neçə dəfə təmir aparılıb. Bugünlərdə (fotoları avqustun 17-də çəkmişəm) yenidən təmir başlayıb, yolun dağılmış hissəsini özülə qədər qazıb kənara daşıyır, yerinə çınqıl tökürlər. Kənd camaatı özünü yaxşı aparsa, yəqin asfalt da çəkəcəklər…

Bütün bunların sanki dövlət başçısına dəxli yoxdur, sabah başqa bir rayonda bu tipli açılışlar olacaq, bir müddət sonra həmin yol da dağılacaq, yenə kimlərsə yazacaq, kimlərsə şikayət edəcək, ancaq bu şikayətlər, həmişə olduğu kimi, ünvanına çatmayacaq. Yenə qayçı, yenə qırmızı lent, kəs, kəs, kəs…

O da mümkündür ki, büdcədən yenidən vəsait ayrılsın. Bayraq Meydanı ilə bağlı verilmiş məşhur sərəncamda olduğu kimi: “Başa çatdırılmış işin tamamlanması üçün…”

Ana səhifəBölgə19 milyon 400 min manata başa gələn iki yolun bir problemi