19 may faciəsinin xronologiyası – video infoqrafika

Mayın 19-u Binəqədi rayonunda baş vermiş dəhşətli yanğın bütün ölkəni sarsıtdı.

Bu ilin 27 fevralında Xəzər rayonunda və 10 apreldə Xətai rayonunda da oxşar səbəbli bina yanğınları baş vermişdi.

Son yanğın nəticəsində 5-i uşaq olmaqla 16 nəfər həyatını itirdi. 60-dan çox insan yaralandı.

İlham Əliyevin tapşırığı ilə hadisəni araşdırmaq üçün dövlət komissiyası yaradıldı.

Zərərçəkmişlərə dərhal ailə başına 1000 manat pul ödənildi. Hadisə yerinə gələn Bakı şəhər icra hakimi Hacıbala Abutalıbov zərərçəkmişlərə kompensasiya veriləcəyi və müvəqqəti olaraq xüsusi müəyyən olunmuş yerlərdə məskunlaşdırılacaqları barədə vəd verdi.

Yanğın baş vermiş Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun sözçüsü Ədalət Rəcəbov açıqlama verərək günahı üzləmə işlərini aparmış Global Construction şirkətinin üstüünə atdı.

Global Construction şirkətinin direktoru Miryusif Mahmudov şübhəli şəxs qismində saxlandı.

Miryusif Mahmudov Global şirkətlər qrupunun rəhbəridir. Bu qrupa Global Constructiondan başqa Global Stone, MLine və Poli Plast şirkətləri də aiddir.

Bu şirkətlərin açılışında şəxsən ölkə başçısı İlham Əliyev iştirak edib.

İlham Əliyev həmçinin Miryusif Mahmudovu 2014-cü ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətlərinə görə Əməkdar mühəndis adı ilə təltif edib.

Global Construction şirkətinin bina üzlüyündə istifadə etdiyi poliuretan materialı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent idarəsi tərəfindən verilmiş Uyğunluq sertifikatı alıb.

Keçən ay Xətai rayonunda baş vermiş oxşar yanğın hadisəsindən sonra Fövqəladə hallar nazirliyinə bu örtüklərin yanğın təhlükəsi barədə müraciət etmiş vətəndaşa Dövlət Yanğından Mühafizə İdarəsindən bu örtüklərin yanğına davamlı materialdan hazırlandığı barədə arayış verilib.

Təkcə Bakı şəhərində Global Construction şirkəti 800 binanı bu üsulla üzləyib.

Hadisə ilə bağlı dövlət səviyyəsində matəm elan olunmayıb.

Ana səhifəVideo19 may faciəsinin xronologiyası – video infoqrafika