“Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirəcəyik. Birləşmədən sonra 28 kafedra qalacaq”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılacaq və 19 kafedra bağlanacaq.
“Report” xəbər verir ki, ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, universitetdə kafedraların birləşdirilməsi işləri gedir: “Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirəcəyik. Birləşmədən sonra 28 kafedra qalacaq”.
Onun sözlərinə görə, hazırda universitetin laboratoriyaları da yenilənir.
Rektor deyib ki, ADNSU-da semestr imtahanlarının gələcəkdə şifahi formada götürülməsi planlaşdırılır: “Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Bu il universitetdə qeyd edilən məsələ ilə bağlı bir eksperiment keçirmişik. Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib. Dekanlıqlar onların işinə qarışmır. O müəllimlər tələbənin sevimliləridir, çünki onlar düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir”.
Rektorun sözlərinə görə, növbəti seçimlərdə şifahi imtahan götürən müəllimlərin sayının çoxalacağı istisna deyil: “İmtahan götürən müəllimlər ictimai rəyə əsasən seçilib”.