19 ilə yığılan ”100 kiloluq” şikayət (VİDEO)

Məhərrəm Məmmədov 19 ildir dövlət qurumlarına şikayət yazır. Şikayətinin səbəbi iş qəzası nəticəsində ona verilən əmək pensiyasının dayandırılmasıdır.

Hər şey 1992-ci ildə başlayıb. Məhərrəm Məmmədov 5  saylı Körpü Tikinti İdarəsində sürücü kimi  işləyirmiş.  1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə, o, Milli Ordunun Gədəbəy bölməsinə silah-sursat gətirmək üçün Ağdam şəhərinə göndərilib. Geri qayıdarkən Gədəbəy rayonunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən Məmmədova  sol ayağının üçdə bir və hər iki diz qapağının qapalı sınığı diaqnozu qoyulub. Bundan sonra ona 3-cü qrup əlillik dərəcəsi verilib.

Şikayətçi Məmmədov 2012-ci ildə Gəncə -Kəpəz rayon Məhkəməsində iddia qaldırır. O, “Gəncə Körpü Tikinti -2” Açıq Səhmdar Cəmiyyətindən  75.600 manatlıq aylıq ödəniş, 25.200 manatlıq birdəfəlik ödəniş, 5 min manat maddi ziyan, 5 min manat məbləğində mənəvi ziyanın ödənilməsini istəyib. Məhkəmə müddəti keçdiyi üçün iddianı təmin etmədiyini açıqlayır. Son olaraq Ali Məhkəmə də eyni qərarı çıxarır.

“Gəncə Körpü Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsaq Tomuyev məhkəmədə bildirib ki, ASC 5 saylı Körpü Tikinti Sahəsinin hüquqi varisidir. İdarənin işçisi olmuş Məhərrəm Məmmədovun iddiaları əsassızdır. Onun iştirakı ilə qeyd edilən tarixdə heç bir yol nəqliyyat hadisəsi olmayıb.

İşdə şirkətin vəkili kimi çıxış edən Xəqani Əkbərov məhkəmə tarixindən 3 il keçdiyi üçün prosesləri xatırlamadığını deyir.

Məhərrəm Məmmədov isə haqqını bərpa etmək üçün ölkə başçısından tutmuş, Milli Məclisin 125 deputatına qədər hamısına yazıb. Amma şirkətin nümayəndəsi ona əziyyət çəkməməyi məsləhət görüb. O bildirib ki, məhkəmədə, prokurorluqda dostları, tanışları var, onlara gücü çata bilməz. “İdarənin nümayəndəsi mənə dedi ki,sən heç nəyə nail ola bilməyəcəksən, haqqını almayacaqsan çünki məhkəmə orqanlarında, prokurorluqda güclü dostlarımız var. Sən özünü havayı yerə yorma. Şirkətin adın ləkələmə. Mən haqqımı istəyirəm, o mənə deyir ki, idarənin adın ləkələmə”.

Ana səhifəVideo19 ilə yığılan ”100 kiloluq” şikayət (VİDEO)