Fazil Qasımovun qardaşı: “Vəziyyəti çox ağırdır, dərmandan da imtina edib”
Türkiyədə universitetdə çalışan azərbaycanlı alim, 11 ay əvvəl İstanbulda saxlanılaraq, Azərbaycana gətirilən və professor Qubad İbadoğlu ilə birlikdə eyni cinayət işi üzrə təqsirləndirilən Fazil Qasımovun həbsdə aclıq etdiyi bildirilir.
Qardaşı Nazim Qasımovun sözlərinə görə, 19 gündür ki, davam edən aclıq nəticəsində Fazil Qasımovun vəziyyəti pisləşib.
Fazil Qasımov Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qardaşının dediyinə görə, uzun müddətdir ki, aclıq etməsinə baxmayaraq, onu təcridxananın sanitar-tibb hissəsinə köçürməyiblər, o, əvvəldən yerləşdirildiyi kamerada saxlanılır. Buna baxmayaraq, həkimlər onu vaxtaşırı müayinə edir, durumunu diqqətdə saxlayır.
Nazim Qasımov əlavə edib ki, qardaşı aclıq nəticəsində 20 kiloqrama qədər çəki itirib, təzyiqi kəskin düşüb:
“Vəziyyəti çox ağırdır, dərmandan da imtina edib”.
Təxminən bir ay öncə Fazil Qasımov müxtəlif dövlət orqanlarına müraciətində işgəncələrə, insanlığa sığmayan rəftara məruz qaldığını göstərib.
O, Baş prokuror Kamran Əliyevə, Ombudsman Səbinə Əliyevaya, Türkiyə Böyük Millət Məclisinə və s. ünvanladığı məktublarda başına gələnləri açıqlayıb.
Fazil Qasımovun sözlərinə görə, Qubad İbadoğlunun əleyhinə ifadə almaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) saatlarla döyülmə, bədəninə elektroşok verilməsindən tutmuş, başının unitaza salınmasına qədər müxtəlif formada işgəncələrə məruz qalıb.
O, psixoloji və fiziki təzyiqlər altında ifadə verdiyini vurğulayaraq, onlardan imtina etdiyini açıqlayıb.
Təqsirləndirilən alim ilkin istintaq dövründə onun vəkili olmuş Anar Qasımlını da ittiham edir.
O, məktublarında yazır ki, özünün və Qubad İbadoğlunun əleyhinə ifadə verməsi üçün ona müstəntiqlə yanaşı, Anar Qasımlı da təzyiq edib.
12 il Türkiyədə yaşadığını və İstanbul Universitetinin doktorantı olduğunu xatırladan Fazil Qasımov heç bir cinayət törətmədiyi, əleyhinə sübut-dəlil olmadığı halda, saxlanılaraq Azərbaycana təhvil verilməsini də ədalətsizlik sayır.
London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin əməkdaşı olan professor Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.
Qubad İbadoğlunun həbsindən bir neçə gün sonra Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib.
Ona da eyni maddə ilə ittiham verilib.
Avqustun 25-də Qubad İbadoğluna Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Qubad İbadoğlu həm də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri idi.
O, aprelin 22-də həbsdən buraxılıb.
Təxminən 20 gün sonra – mayın 14-də partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.
Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəzlənib.
Eyni zamanda, onunla bağlı cinayət işi üzrə istintaqın müddəti də avqustun 20-nə qədər artırılıb.