18 yaşından aşağı şəxslərə enerji içkisi satılmayacaq

Bir sıra məcəlləyə dəyişiklik edilib

Source: Meydan Tv


Bir sıra məcəlləyə dəyişiklik edilib

18 yaşına çatmamış insanlara enerji içkilərinin satışı qadağan edilib.

Bu, Prezident İlham Əliyev noyabrın 12-də Azərbaycan Respublikasının bir sıra məcəllələrinə etdiyi dəyişiklikdə əksini tapıb.

Prezident Əmək Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edib.

18 yaşına çatmamış şəxslər bundan sonra əmək şəraiti ağır, zərərli olan iş yerlərində çalışa bilməyəcəklər. Bura yeraltı tunellərdə, şaxtalarda, gecə klublarında, barlarda işləmək də daxildir. Eyni zamanda, 18 yaşı tamam olmamış insanlar energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi işərində də çalışa bilməz.

Cinayət Məcəlləsinin 192-1-ci maddənin adı dəyişdirilərək “Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması” edilib.

“Uşaq hüquqları haqqında” qanuna edilən dəyişikliklə alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması qadağan edilib.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilir.

Kofein qida sənayesində çox istifadə olunan psixoaktiv maddədir və reseptsiz satılır. Bu maddə ürək ağrıları riskini artırır, skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. İnsan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır. Böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Sağlam, yetkin insanların gün ərzində ≤400 mq kofeindən istifadə etməyi təhlükəsiz sayılır. Kəskin klinik toksik təsir 1 qr-dan başlayır, 5-10 qr arasında isə istifadə ölüm hallarına gətirib çıxara bilir.

Ana səhifəXəbərlər18 yaşından aşağı şəxslərə enerji içkisi satılmayacaq