18+ informasiyalarla bağlı qanun birinci oxunuşda qəbul edilib

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub

Milli Məclis
Milli Məclis


“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub

Milli Məclisin növbədənkənar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan prezidenti tərəfindən təklif olunan layihə qəbul edildiyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Birinci oxunuşda qəbul edilən layihə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növlərini müəyyənləşdirir.

Layihədə “uşaqlar üçün zərərli informasiya” dedikdə, zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdankənar leksik (söyüş) məzmunlu və pornoqrafik xarakterli informasiyalar nəzərdə tutulur.

Yaş qrupuna münasibətdə uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyalar isə zorakılığı və qəddarlığı nümayiş edən, qeyri-məişət leksik (jarqon) məzmunlu, qorxu məzmunlu, erotik məzmunlu informasiyalardır.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.

Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda, həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Bundan başqa, qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb.

Təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,

2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,

3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Belə ki, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:

Bundan başqa, dövriyyəsi məhdudlaşdırılan informasiyalar “16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək, erotik məzmunlu informasiyaları isə “18+” və “16+” yaş kateqoriyalarına aid – yerli vaxtla saat 6-dan saat 23-dək yayılmasına məhdudiyyət qoyulur.

“18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

Ana səhifəXəbərlər18+ informasiyalarla bağlı qanun birinci oxunuşda qəbul edilib