Parlament Azərbaycan hökumətinə dekabrın 1-dək vaxt verdi
“I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır. Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Ermənistanda xüsusi fond yaradılıb və bu fond vasitəsilə müharibədə ölənlərin ailələrinə 20 min dollar, əlil olanlara 10 min dollar vəsait verilir. Bu, indiki kursla təxminən 34 min manat edir. Azərbaycan neft ölkəsidir. Hesab edirəm ki, Azərbaycanın Qarabağ müharibəsi əlillərinin şəraitinin daha da yaxşılaşdırılması üçün imkanları var”.
Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Zahid Oruc belə deyib. O, təklif edib ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məşğul olsun.
Hesabına 16 min manat yığılmalıdır ki, 110 manat pensiya ala biləsən
Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanda pensiya islahatlarına faktiki olaraq bir neçə ildir ki, başlanılıb:
“2017-ci ildən artıq bu islahat həyata keçirilir. İslahatın müəyyən müsbət nəticələri olmaqla yanaşı, bir sıra mənfi nəticələri də var. Pensiya islahatları nəticəsində yığımda təxminən 16 min manat yığılmalıdır ki, sonradan pensiya alarkən 110 manat ala biləsən. Amma onları yığa bilməyən insanların taleyi isə çox ciddi məsələdir. Çünki o insanlara pensiya verilmir, müavinət verilir. Həmin müavinətlərin məbləği çox aşağıdır. Mənim aldığım məlumata görə, təxminən 60,70, 80 manatdır. Bu, çox ciddi məsələdir. Biz “Pensiya təminatı haqqında” qanunu qəbul edərkən də bu məsələyə toxunmuşuq. Bu insanların problemləri diqqət mərkəzində olmalıdır”.
“Qanpulu” məsələsini birdəfəlik həll etməliyik
V.Əhmədov əlavə edib ki, “qanpulu” ilə bağlı əlillər tərəfindən kifayət qədər müraciətlər daxil olur:
“Mən qanpulunun ödənilməsi ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla, komitə sədri ilə də danışmışam. Hətta cənab sədr tərəfindən müvafiq sənədlər də Nazirlər Kabinetinə göndərildi. Çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini tapmayıb. Bizi bu məsələyə görə çox narahat edirlər. Bu məsələnin məbləğinin böyük olduğunu bilirəm. Ona görə də hökumətdən xahiş edirəm ki, bu məsələyə baxsın. Mən demirəm ki, bu vəsait birdən-birə ödənilsin. Müəyyən ardıcıllıqla həll edilsin. Onsuz da biz bu məsələni nə vaxtsa həll etməliyik”.
Deputat Siyavuş Novruzov da həmkarının təklifini dəstəkləyib. O qeyd edib ki, bu məsələnin həlli yolu mümkündür:
“İl ərzində təxminən 10 milyon ayrılarsa, bir neçə ilə məsələ tamamilə həll olunar. Əgər ödənilməyəcəksə və məsələ Milli Məclisdən asılı deyilsə, bu barədə də izah verilməlidir”.
1997-ci ilin may ayının 20-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Şəhid olanların ailəsinə, əlil olanların isə özünə sığorta pulu verilir. Qanunda göstərilirdi ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. 2013-cü ildə Milli Məclisdə qanuna dəyişiklik edildi və həmin 3 il müddəti götürüldü. 2013-cü ildən sonra bütün şəhid ailələri müraciət etməyə başladı. Ancaq 2006-cı ilə qədər sığorta 1100 manat məbləğində, 2006-cı ildən sonra isə 11000 manat məbləğində olduğu üçün əsasən, 2006-cı ildən əvvəl sığorta almalı olan şəxslərlə bağlı problem yaranır. Onlar da 11 min manat məbləğində sığorta tələb edirlər. Lakin qanunvericiliyə görə, həmin vaxt sığorta məbləği 1100 manat olub. Bu problem isə illərdir həll edilməmiş qalır. Şəhid ailələri və Qarabağ qaziləri bu səbbədən dəfələrlə etiraz aksiyası da keçirib.
Kommunal xərclər artırılırsa, əlillərin müavinətində dəyişiklik olunmalıdır
Deputatı Siyavuş Novruzov Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin miqdarının artırılmasını da təklif edib:
“Azərbaycanda Qarabağ veteranlarının sayı 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı təyin olunandan bugünə qədər 50 manat olaraq qalır. Əgər kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik olunmalıdır. Bizdə digər ölkələrə nisbətən fərqlidir. Çünki Azərbaycanda Qarabağ, Əfqanıstan veteranları, Çernobıl əlilləri və şəhid ailələri var. Bu say çoxaldıqca, onların sosial müdafiəsi ilə məşğul olmalıyıq. Xərclər çoxalıb. Belə olan halda vəsait də artırılmalıdır”.
S.Novruzov qeyd edib ki, Azərbaycanda veteranların təxminən 12 mini pensiyaçıdır:
“Lakin onlar pensiyaya çıxanda onlara veteran kimi əlavə cəmi 11 manat hesablanır. Məgər onlar təqüdə çıxanda veteranlıqdan çıxırlar? Bu pul ona müharibədə iştirak etdiyinə görə verilir. Belə olduqda həmin şəxslərin veteranlıq haqqını 11 manata salmamalıyıq. Aldıqları 50 manat onların pensiyasına əlavə edilməlidir. Vətəndaşlarımız dövlət orqanlarından narazı düşməli, öz haqqını almalıdırlar”.
S.Novruzov çıxışı zamanı Əfqanıstan veteranları və Çernobıl əlilərinə də evlər verilməsini təklif edib:
“Ölkəmizdə əlillərə və şəhid ailələrinə evlər verilir. Lakin biz diqqəti bir sferaya ayırmamalıyıq. Əfqanıstan veteranları və Çernobıl əlilərinə də evlər verilməlidir”.
Orta aylıq əməkhaqqı və pensiyaların orta aylıq məbləği artırılacaq
Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib. O bildirib ki, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq 550 manata çatdırılması nəzərdə tutulur. “Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9 faiz artaraq 216,5 manat təşkil edəcək. 2018-ci il üçün DSMF gəlirləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnoz göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur.
Nazir mavini bildirib ki, işsizlikdən sığorta fondunun büdcəsi “İşsizlikdən sığorta haqqında” yeni qanunun qüvvəyə minməsi və bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi ilə aktuallaşıb.
Hesablama Palatasının saxlanma xərcləri də müzakirə edilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Palatanın saxlanma xərcləri 0,8 faiz və ya 29,1 min manat artırılır.
173 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq olarmı?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda 2018-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.
“2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutulub.
Deputat Əli Məsimli bildirib ki, yaşayış minimumunun hesablanma qaydası dəyişdirilməli, hesablanma zamanı müasir metodologiyadan istifadə olunmalıdır:
“Yaşayış minimumu hesablananda bazardakı proseslər, qiymətlər nəzərə alınmalıdır. 116 manatlıq ehtiyac meyarı və ya 173 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq olarmı? Təbii ki, olmaz. Bəs neçə gün yaşamaq olar? Bunu bilmək üçün bir dəfə bazara gedib, qiymətlərə baxmaq lazımdır. Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır. Çünki qiymətlər artır”.
Deputat ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmamasından narazılıq edib:
“Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını hökumətə təklif edirik. Ehtiyac meyarı yaşayış minimumunun 68 faiz səviyyəsinə enib. Ehtiyac meyarını ona görə artırmırlar ki, ölkədə ünvanlı sosial yardım alan insanların sayı artacaq. Yaşayış minumumunun qaldırılması əmək haqqının qalxmasına da imkan verəcək”.
Yeni doğulan uşağa 45 manat, bir buzova görə 140 manat subsidiya
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, yaşayış minimumundan asılı olmayaraq, ölkədə əmək haqları artırılır. O, əlavə edib ki, yaşayış minimumunun hesablanması qaydası beynəlxalq praktikaya uyğundur:
“Azərbaycanda yaşayış minimumu 2014-cü ildən hesablanır. Yaşayış minimumu minimum istehlak səbətindən və icbari ödənişlərdən ibarətdir. Qanuna görə, yaşayış minimumu hər 3 ildən bir baxılır. Hazırda İqtisadiyyat Nazirliyində birgə komissiya yaradılıb. Biz Dünya Bankının ekspertlərini cəlb etməklə birlikdə minimum istehlak səbətinin və metodikanın ekspertizasını keçiririk”.
Deputat Fazil Mustafa Azərbaycanda yeni doğulan uşağa verilən birdəfəlik müavinətin məbləğinin azlığına etirazını bildirib:
“Yeni doğulan uşağa verilən birdəfəlik müavinətin məbləğin 45 manat olduğu halda bir buzova görə verilən subsidiya 140 manatdır”.Deputatın sözlərinə görə, nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib, hələ bir daha ciddi problemlərin şahidi olacağıq. “Kiminsə 63 yaşı varsa, necə kubik daşıyıb, asfalt tökməlidir?”
Deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda pensiya sisteminə keçid sahəsində MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılsa da, müəyyən məsələlər qalmaqdadır:
“Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir. Pensiyaya çıxan zaman ağır işlər siyahısında əsasən, kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur:
“Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələr var ki, onlar ağır iş kimi nəzərdə tutulmayıb. Bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa, tikintidə işləmək gücü yoxdursa, necə kubik daşıyıb, asfalt tökməlidir? Buna görə də belə insanlar müəyyən yollarla əlillik dərəcəsi, alıb pensiyaya çıxırlar. Bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır. Azərbaycanda tikinti sektorunda çalışanların pensiyaya hansı yaşda çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə də pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var”.
Büdcə zərfinin müzakirəsindən sonra spiker Oqtay Əsədov deyib ki, Azərbaycan hökuməti təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək.