Aygül Orucova narkozdan ayılmayıb, onu əməliyyat edən həkimi və anestezioloq reanimasiyayaya yerləşdirilib
Avqustun 22-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucova “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat edib.
“Yeni Gəncə” özəl tibb mərkəzindən APA-ya bildirilib ki, A. Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Mərkəzdən bildirilib ki, A. Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Heç bir həkim istəməzdi ki, başına belə iş gəlsin.
Bunu “Report”un Qərb bürosuna “Yeni Gəncə özəl Tibb Mərkəzinin” direktoru Samir Allahverdiyev bildirib.
Onun sözlərinə görə, tibb mərkəzində ilk dəfə belə bir hadisə baş verib: “Bu cür hadisə ilk dəfədir bizim müəssisədə baş verib. Hazırda Aygül Orucovanın ölümsəbəbi araşdırılır. Xəstə əməliyyat zamanı vurulan narkozdan ayılmayıb. Həkimlər 1 saat ərzində xəstəyə əllərindən gələn yardımı göstəriblər. Lakin təəsüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstənin yaxınlarına baş sağlığı verirəm. Onlar qədər bizdə üzüntü içindəyik”.
Tibb mərkəzinin direktoru əməliyyatda iştirak edənhəkimlərin döyülməsinə də münasibət bildirib. O qeyd edib ki, A.Orucovanın yaxınları həkimlərə ciddi xəsarətlər yetirib: “Həkim Mehdi Talışınskininin körpücük sümüyünü sındırıblar. Mahir Əliyevin qollarına, ayağına bərk zərbələr vurub xəsarətlər yetiriblər. Bunu etmək lazım deyildi, çünki, heç bir həkim istəməz ki, onun xəstəsi ölsün. Biz həqiqətən də əlimizdən gələni etdik, həkimlərimizi ölümcül döyməyə ehtiyac yox idi”.
Gəncə şəhər prokurorluğu A. Orucovanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi açıb.