17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusun işgəncəyə məruz qaldığı deyilir

Source: meydan tv

17 saylı Cəzaçəkmə Müəssisəsində həbs həyatı yaşayan siyasi məhbus kimi tanınan inanclı şəxs Mircəfər Hüseynzadənin fiziki və psixoloji təzyiqlərə məruz qaldığı bildirilir.

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Xədicə Hüseynzadə məlumat verib. 

Onun sözlərinə görə, hadisə fevralın 26-da baş verib.

“Fevralın 26-da müəssisədəki inanclı məhbuslardan biri Mircəfərə yaxınlaşıb niyə oruc tutmadığını soruşub. Yoldaşım deyib ki, səhhətimdə problem var, bir böyrəyim yoxdur, digərində də problem var. Buna görə də oruc tuta bilmirəm, bundan sonra məhbusla arasında problemlər yaranmağa başlayıb. İnanclı məhbus yoldaşımın üzərinə qazanın qapağını atıb”, – deyə o bildirir.

“Soyuqda yoldaşım saatlarla çöldə bağlı qalıb”

Xədicə Hüseynzadə bildirib ki, bu hadisədən sonra müəssisə rəisinin müavini Emin Vəliyev həyat yoldaşını cəzalandırıb.

“Fevralın 27-də müəssisə rəisinin müavini səhər saat 9-dan axşam saat 9-a qədər soyuq havada, ac və susuz vəziyyətdə yoldaşımı dəmir barmaqlıqlara bağlayıb”, – deyə o bildirib.

Məhbusun həyat yoldaşı deyir ki, bu cür təzyiqlər sonrakı günlərdə də davam edib.

“Bunlar hələ sənin yaxşı günlərindir”

Onun sözlərinə görə, martın 8-də Mircəfər Hüseynzadə Laçın adlı başqa bir məhbusla söhbət edərkən müəssisənin rəis müavini Emin Vəliyev onları kameradan zorla çıxararaq yenidən həyətdəki dəmir barmaqlıqlara bağlayıb.

“Yoldaşım bu barədə telefonla danışanda mənə dedi. Rəis müavini Emin Vəliyev Mircəfərə deyib ki, bunlar hələ sənin yaxşı günlərindir, səni daha pis günlər gözləyir. Müavin deyib ki, səni başqa məhbusun əli ilə öldürəcəyik”, – deyə Xədicə Hüseynzadə qeyd edib.

O, əlavə edir ki, Mircəfər Hüseynzadə müəssisə rəisinə şikayət etsə də, o, bu məsələdən xəbərsiz olduğunu bildirib.

“Rəis dedi ki, mən burada deyildim, heç bir xəbərim yoxdur”, – deyə o vurğulayıb.

“Şərlənərək həbs olunub”

Xədicə Hüseynzadə bildirir ki, həyat yoldaşını 2024-cü il martın 17-də narkotik ittihamı ilə həbs olunub.

İddiaya görə, Mircəfər Hüseynzadə sosial şəbəkələrdə tez-tez sosial yardım üçün müraciət edirdi, bu səbəbdən icra hakimiyyəti və polis rəisi tərəfindən təqiblərə məruz qalırdı.

“Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və polis rəisi Sənan Əsədov onu izləyirdi. Davamlı olaraq evimizin önündə polislər olurdu. Hara gedirdiksə arxamızca gəlirdilər”, – deyə Hüseynzadə  bildirir.

Həyat yoldaşının sözlərinə görə, Mircəfər Hüseynzadə bir gün mağazaya gedərkən polislər onu yoldan oğurlayıblar.

“Cibinə narkotik atıblar”

Məhbusun yoldaşı bildirir ki, Mircəfər Hüseynzadə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən, o, külli miqdarda narkotik vasitə saxlamaqda, satmaqda ittiham olunur.

“Yoldaşım deyir ki, 4-5 polis onu əl-qolunu bağlayıb, başına torba keçirib və cibinə narkotik qoyublar. Mircəfər deyir ki, Amil adlı polis bölmədə 19 qram narkotik gətirib bunu boynuna almalısan deyib, amma yoldaşım qətiyyən razı olmayıb”, – deyə Xədicə Hüseynzadə bildirib..

Xədicə Hüseynzadə həmçinin bildirir ki, həyat yoldaşı azadlıqda olduğu zaman da tez-tez paylaşımlarına görə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (Bandotdel) və DTX-yə aparılıb. Dəfələrlə inzibati həbsə məhkum edilib. 

Mircəfər Hüseynzadənin adı Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın hazırladığı  siyasi məhbus siyahısında da yer alır.

Məhbusun ailəsinin səsləndirdiyi iddialara aidiyyatı qurumlar açıqlama verməyib. 

Ana səhifəSiyasət17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusun işgəncəyə məruz qaldığı deyilir