Yasamal rayonunun Zahid Xəlilov, Əhməd Cəmil və Şəhriyar küçələrinin sakinləri neçə gündür evlərində rahat otura bilmirlər. Üç doqquz mərtəbə və bir 5 mərtəbəli binanın tam ortasında 17 mərtəbəli binanın inşası onları narahat edir. Tikintini “Elite City” MMC həyata keçirir. Sakinlər deyir ki, binanın qarşısında söküntü işləri başlayandan həyətə təcili yardım maşını girə bilmir. Bina hazır olandan sonra fövqəladə hadisə zamanı yanğınsöndürən də çağıra bilməyəcəklər. Səidə Mürsəlova: “Həyət deyilən şey qalmayıb. Nə yaşıllığımız qalıb, nə də dincliyimiz. Elə vəziyyətdəyik ki, bizi başa düşmək lazımdı. Təsəvvür edin, iki bloklu göydələn tikilir. Bu binanın siz vəziyyətini düşünün. Heç bir günəş işığı düşməyəcək. Elə ailələr var ki, orda astma xəstəli uşaq var”.
Məlahət Quliyeva: “Bizim evimiz qəzalı vəziyyətə düşüb. Burda bina tikilsə, bizim evin vəziyyəti necə olacaq? Ev gərək üstümüzə uçsun? Belə şey olar? Bu qədər haqsızlıq olmaz axı”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, binalar arasında məsafə elə olmalıdır ki, binalardan biri uçarsa, digərinə zərər verməsin. Binalar arasındakı məsafə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur. Sakinlər tikintinin dayanmasını tələb etmək üçün Yasamal Rayonu İcra Hakimiyyətinə üz tutdular. Orada vətəndaşların suallarını İcra hakimiyyəti başçısının birinci müavini Səməd İslamov cavablandırdı.
Sakin: “Evimizin arxasında 17 mərtəbə tikilib, indi də qabağında tikilir. Günəş işığımız yoxdu. Səməd İslamov: “Siz çox gözəl bilirsiniz ki, hal-hazırda orada aparılan tikintinin layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsindən keçib. Bütün tikinti normalarına uyğundu. Siz dediyiniz olsaydı, həmin tikintiyə icazə verilməzdi”.
Sakin Habil İsgəndərov bildirdi ki, iş hələ məhkəmədə baxıldığı halda yerli icra hakimiyyəti tikintiyə icazə verib. Habil İsgəndərov: “Keçmiş icra başçısı İbrahim Mehdiyevin verdiyi sərəncam qanunun tələblərinə ziddir. Həmin ünvanda çoxmərtəbəli və çox mənzilli yaşayış binasının tikilməsi qanunsuzdur”. Sakinlər deyir ki, problemləri həll olunmadığı müddətcə dövlət qurumlarına müraciətləri davam edəcək.