“Əlil uşaqla gəlirəm. Avtobuslara minməyə qorxuruq. Departamentə gedəcəm, görüm “yekə”lər orda oturub nəyə baxırlar. Dünən xalqın balaları qırılıb”, – sərnişin Nailə Muradova haray edir.
Oktyabrın 1-də qatarla 160 nömrəli avtobusun toqquşması nəticəsində baş verən qəzadan sonra sərnişinlər marşruta çəkinərək minirlər. Bu avtobus onları metronun “Koroğlu” stansiyasından Binə qəsəbəsinəcən daşıyır.
Oktyabrın 1-də Binə qəsəbəsində məktəblilərin də olduğu 160 nömrəli avtobus qatarla toqquşub.
Qəzadan sonra Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sözçüsü Vaqif Əsədov mətbuata bildirib ki, avtobusun sürücüsü Əlixan Şıxəliyev daha əvvəl də ölümlə nəticələn yol qəzası törədib. Buna görə həbs edilib. Həmçinin hadisədən sonra, o, tibbi müayinədən keçirilib və qanında narkotik maddə aşkar edilib.
10 ilə yaxındır 160 nömrəli avtobusda sürücü işləyən Samir Nəbiyev deyir ki, onlar hər səhər tibbi yoxlanışdan keçirlər. Hər biri də avtobusu idarə etmək üçün tələb olunan D kateqoriyasına malikdirlər.
“Vaxt azdı, Binədə tıxac olur. Tıxacdan çıxdınsa, yolda gərək sürəsən ki, vaxta çatasan. Vaxta çatmayanda alınmır. Gündə 310 manat plan veririk. Gərək onu verək. Çox çətindi. Vermək olmur”.
Sürücü Samir həmkarı Əlixan Şıxəliyevi 5 ildir tanıdığını söyləyir. O, sürücünün narkotik vasitələrdən istifadə etmədiyini deyir:
“Siqaret çəkirdi, amma o, içki qəti içmir. Neçə ildir tanıyıram, onda heç bir problem görməmişəm”.
Yollar bağlıdır, hadisə yerində təmir işləri aparılır. İş icraçısı gün ərzində yolun açılacağını bildirir. Dünənki qəzaya şahidlik edənlərsə o mənzərəni unuda bilmirlər.
160 nömrəli avtobusun məxsus olduğu “Ayşən” MMC-in icraçısı Zabil Hüseynov bildirir ki, sürücü Əlixan Şıxəliyevin qanında narkotik aşkarlana bilməzdi:
“Şlaqbaum bağlı olmayıb. Heç orada şlaqbaum yoxdur. 6 metr yolun enidir, ikizolaqlı yoldur. Qoyduqları şlaqbaum heç bir zolağı bağlamır. Şlaqbaum bağlı olub, yolda heç bir işarə göstərilməyib. Sürücünün də həmişə getdiyi yoldur. Yolun açıq olduğunu görüb, idarəetməni davam edib. Yaşayış məntəqəsindən qatar keçəndə, onun saatda surəti 5 kilometr olmalıdır. Ancaq o boyda vaqonu 50 ilə idarə edib”.
Zabil Hüseynov həmçinin bildirib ki, şirkət yaralılara maddi yardım göstərir.
Qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza zamanı 42 sərnişin yaralanıb. Biri azyaşlı olmaqla iki nəfərsə həyatını itirib.