Ailəsi və yaxınları onun durumundan narahatdırlar
Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə onun hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan “Facebook” səhifəsində məlumat verilib.
Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib.
“Telefon danışığı zamanı Hacı Vəliyev danışmaqda çətinlik çəkib. Ailəsi və yaxınları onun sağlamlıq durumu ilə bağlı dərin narahatlıq içindədir. Biz aidiyyəti qurumları bu vəziyyəti nəzarətə götürməyə, Hacı Vəliyevin səhhətinə ciddi yanaşmağa və gecikmədən müvafiq addımlar atmağa çağırırıq. Qazi Hacı Vəliyev heç olmasa, hazırkı mərhələdə ev dustaqlığına buraxılmalıdır”, – Hacı Vəliyevin hüquqlarını müdafiə edən səhifənin məlumatında deyilir.
Hacı Vəliyev 2025-ci il iyunun 21-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.
Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.
O, 2025-ci il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.
Martın 31-də polis əməkdaşları onu saxlayıb.
Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Hacı Vəliyev özünə qarşı irəli sürülən ittihamları qəbul etmir.
“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılmışdı.
Bu il mayın 28-də isə təşkilat fəaliyyətini dayandırıb.