“15 yaşında ailə qurdum, indi iki uşaqla küçələrdə qalmışam”

“Bəzən elə olur ki, 40 qəpiklik makaron alıb qaynada bilmirəm evdə”.

Source: Specify Source


İmişli sakini ölkə rəhbərliyindən kömək istəyir

“15 yaşımda dedilər ki, bu gündən evli qadınsan, ona görə davran, razılaşdım. 16 yaşımda körpəmi qucağıma verəndə “artıq anasan”, – dedilər, etiraz etmədim. Həyatım gətirmədi, ayrıldım. Bu dəfə də dedilər: “Bir uşaqla tək qadın olmaz, ərə get”. Onu da etdim. Nəticədə, təhsilsiz, işsiz, 2 uşaqla küçələrdəyəm. İndi isə heç bir məsləhət verən yoxdur, səslər kəsilib və mən tənhayam”.

28 yaşlı İmişli sakini Nərminə Hüseynovanın sözləridir.

Nərminə Hüseynova erkən ailə qurub və bunun öz istəyi ilə olmadığını bildirir. Deməsinə görə, ilk evliliyindən olan 11 yaşlı qızının əqli geriliyi var, müalicə lazımdır, ancaq imkanı yoxdur. İkinci evliliyindən olan 2 yaşlı oğlunun isə beyindaxili təzyiqi var. Nərminə onu həkimə aparmağa da pul tapmır. Deyir: “Aldığım 165 manat sosial müavinətdir. O da heç nəyə çatmır”.

İkinci evliliyi də yarımçıq qalan Nərminə indi təkdir və işləmir, əlavə gəliri yoxdur. Odur ki, nə uşaqlarının, nə də özünün həyatını təmin edə bilir. Hətta bir ay öncəyə qədər qalmağa yeri olmayan Nərminəyə bu gün bir ailə sığınacaq verib. “Çox yox, ayda 50 manat ödəsən”, – bəsdir deyiblər. Ancaq Nərminənin o 50 manatı verməyə də gücü çatmır:

“Küçədəydik, Allah razı olsun, sığınacaq verdilər. Qış gəlirdi, nə edərdim? İstədikləri də böyük məbləğ deyil. Ancaq bir aydır onu da toplayıb verə bilməmişəm”.

Nərminə Hüseynova deyir ki, özünün də sağlıq problemləri var. Epilepsiyadan əziyyət çəkir. Odur ki, iş tapıb çalışa da bilmir:

“Həm də lap deyək tapdım, getdim süpürgəçilik etdim. 2 yaşlı uşağa kim baxacaq? Onu kimin yanına qoyacam? Çox çarəsiz, çıxılmaz vəziyyətdəyəm. İki ay əvvəl vəziyyətim çox pisləşdi və sosial müavinət kartımı sələmçiyə verib 500 manat götürdüm. Özümün, uşaqlarımın dərmanlarını aldım. İndi vəziyyət daha da pisləşib. Dərman atmaq üçün də yemək yemək lazımdır axı. İki aydır evə bir qəpik də girmir”.

Nərminənin əli hər yerdən üzülüb. Deyir, artıq gələcəklə bağlı plan qurmur:

“Qızımı nə çətinliklərlə, borcla-xərclə, boğazımdan kəsib məktəbə göndərirəm ki, mənim kimi olmasın. Yazsın, oxusun, gələcəkdə normal işi, həyatı olsun. Ancaq başına dərs girmir. Oxuya, yaza bilmir. Hətta nitqində də problem var. Yeni dil açmış uşaq kimi çətinliklə danışır. Amma yenə də məktəbdən saxlamıram. Düşünürəm heç olmazsa, adını yaza bilsin, hərf tanısın. Artıq böyük xəyallar qurmamağı öyrənmişəm”.

Nərminə qızının probleminin nədən qaynaqlandığını bilmir. Həkimlər erkən yaşda hamiləlikdən də ola biləcəyini söyləyiblər:

“Hər bir halda yaxşı həkim və müalicə lazımdır, ancaq mənim buna gücüm çatmır. Uşaqların da, özümün də yaşayışımıza baxsanız, görərsiniz. Geyim yox, ayaqyalın, yarıac yaşayırıq. Bəzən elə olur ki, 40 qəpiklik makaron alıb qaynada bilmirəm evdə”.

Nərminə Hüseynova Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir:

“Var-dövlət istəmirəm, səhiyyə xərclərim qarşılansın, aldığım sosial müavinətin vaxtı uzadılsın (dekabrda bitir), bir də mümkünsə, illik kirayə haqqım qarşılansın, yaxud uşaqlarımla birlikdə sığınacağa yerləşdirilim”.

Nərminə Hüseynova deyir ki, Qarabağı sıfırdan inşa edən neft ölkəsi üçün bu dedikləri heç nədir:

“Həkimə gedirəm, müxtəlif aparatlara göndərir, pulum olmur. Nəticədə dərdimizin nə olduğu bəlli olmur. Dərman yazırlar, ala bilmirik. Bizə bunlarda yardım göstərə bilərsinizmi? 165 manat sosial yardım alıram. Ondan başqa gəlirim yoxdur. Dekabrda təyin olunan müavinətin vaxtı bitir. Onu uzada bilərsinizmi? İldə heç 2 min manata çatmır. Buna imkanınız çatarmı? Mənə bir baxın, 28 yaşım var, ağzımda dişim yox, uşaqlarım xəstə. Bunun bir səbəbi var yəqin. Yaxşı yemirik, vitaminsizik, Allahın ümidinə yaşayırıq. Bir də yatmağa yer olsa, başqa heç nə istəmirəm”.

Nərminə Hüseynova deyir ki, Prezidentə qədər yerli orqanlara müraciət edib. Bu, son ümididir:

“İmişli Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etmişəm. Bələdiyyəyə getmişəm. Heç üzümə qapı açan olmayıb. Bu, son çarədir ki, mən prezidenti, onun xanımını narahat edirəm. Cənab Prezident, xəstəyik, uşaqlarım acdır, qalmağa yerimiz yoxdur, bizə kömək edin”.

İmişli Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən bildirilib ki, adətən rəsmi olan heç bir müraciət cavabsız qalmır:

“Sadəcə mərhələli şəkildə araşdırılır. Həmin xanım əgər müraciət edibsə, baxılacaq və icra hakimiyyətinin kömək edə biləcəyi bir məsələdirsə, mütləq yardım ediləcək”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu ildə Azərbaycanda 4.8 faiz əhali yoxsul olub. 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Bu, 630 min yoxsul şəxs deməkdir.

Müstəqil ekspertlər isə adətən bununla razılaşmır. DSK-nın rəqəmləri yumşaltdığını düşünürlər. Dünya Bankının 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən təxminən beş dəfə çox – 24 faiz olduğunu açıqlamışdı. Həmin hesabatda Bakı şəhərində yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə isə, əsasən, 20-30 faiz arasında olduğu vurğulanırdı. Bankın bu il yayımladığı digər bir hesabatda isə qeyd edilirdi ki, ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır. Kənd yerlərində yaşayan bütün sakinlərin 57 faizi yoxsulluq riski daşıyır. Yəni, həmin əhali qrupu hazırda yoxsul sayılmasa da, gözlənilmədən üzləşəcəkləri iqtisadi və ya səhiyyə problemləri onları asanlıqla yoxsul əhali qrupuna sala bilər.

Ana səhifəBölgə“15 yaşında ailə qurdum, indi iki uşaqla küçələrdə qalmışam”