Mənbə: Meydan.tv

15 sentyabrda Bakı azad olundu, yoxsa işğal edildi?

15 sentyabrda Bakı azad olundu, yoxsa işğal edildi?

15 sentyabr Azərbaycanda Bakının azad olunması günü kimi qeyd edilir. Bildirilir ki, 1918-cilin bu günü Bakı bolşevik-daşnak və “Sentrakaspi diktaturası” hərbi birliklərinin nəzarətindən azad olunub. May ayında Zaqafqaziya Seymi buraxılandan sonra gürcülər, ermənilər və azərbaycanlılar müstəqilliklərini elan etdilər. Bir həftə sonra, iyunun 4-də ADR Osmanlı Dövləti ilə Əməkdaşlıq və dostluq müqavəlısi imzaladı. Sənədin dördüncü bəndi Osmanlı dövlətindən hərbi yardımı özündə ehtiva edirdi.

Meydan TV-nin təşkil etdiyi debatda iştirak edən Müsavat Partiyasının Divan üzvü, tarixçi Yadigar Sadıqlı 15 iyunu Bakının qurtuluşu sayırsa, Səlcuq Universitetinin magistrı, tarixçi Toğrul Həmin əksini düşünür.

- İlk sualımız ənənəvidir, 15 sentyabr Bakının azad edildiyi gündür, yoxsa işğal?

Yadigar Sadıqlı:

- Mən 1918-ci ilin yayında hansı hadisələrin baş verməsinə diqqət yönəltmək istərdim. Müstəqillik elan olunandan sonra Azərbaycanın bir hissəsi, Xəzərin sahili boyunca olan ərazilər hökumətin nəzarəti altında deyildi. 100 minlərlə insanın yaşadığı bu ərazilər iqtisadi cəhətcə Azərbaycanın ən əhəmiyyətli regionu idi. Üstəlik əraziyə nəzarət edən Bakı Soveti iyunun 16-da hərbi komissar Korqanovun əmri ilə hökumətin nəzarətində olan Gəncə üzərinə hücum etdi. Çünki Tiflisdə olan hökumətin Gəncədə yerləşəcəyi gözlənilirdi. Həmin vaxt Azərbaycanın hərbi qüvvəsi yox idi. Ona görə ki, Çar dövründə yalnız xristian xalqları orduya cəlb olunurdular, müsəlman xalqlar isə istədikləri halda orduya gedə bilərdilər. Belə olduqda azərbaycanlılar da çar ordusunda hərbi xidmət keçməkdən ötrü can atmırdılar. Bu baxımdan Azərbaycanın bir neçə zabitindən savayı heç bir hərbi qüvvəsi, əsgəri, kiçik zabit heyəti, silah-sursat yox idi. Bu vəziyyətdə Batumda Osmanlı dövləti ilə hökumətin imzaladığı saziş həyati əhəmiyyət daşıyırdı. Sazişin sayəsində Osmanlı imperiyasına müraciət etdik, imperiya Nuru paşanın, Mürsəl paşanın başçılığı altında qoşunlar Azərbaycana gəldilər və 1894-1899-cu illərdə doğulanlar hərbi səfərbərliyə alındılar. Nəticədə birlikdə Qafqaz İslam Ordusu yaratdılar. Yəni Osmanlı ordusu təkcə gəlib Azərbaycanı azad etmədi, Qafqaz İslam Ordusu osmanlılarla azərbaycanlıların çiyin-çiyinə döyüşdüyü ordu Göyçayda Bakı Soveti ordusunun Gəncə üzərinə hücumunun qarşısını aldı və əks istiqamətdə irəliləyərək, sentyabrın 15-də Bakını azad edib ərazi bütövlüyuümüzü bərpa etdi. Bununla da paytaxt Bakıya köçürüldü. Həmin döyüşlərin nəticəsində çox güman ki, Bakı Azərbaycanın tərkibindədir. Hətta 1920-ci ildə Bakı işğal olunada da RSFSR-in tərkibinə qatılmadı, Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı olaraq qaldı.

- Deməli, bolşeviklərin Bakını Azərbaycandan ayırmaq planı olub?

Yadigar Sadıqlı:

- Mümkün idi. Əgər 15 sentyabr qələbəsi olmasaydı, niyyətlərini həyata keçirə bilərdilər ki, Bakı Azərbaycanın tərkibində olmayıb.

- Tural bəy, Bakı işğaldan azad edilib, yoxsa əksinə, işğal olunub?

Tural Həmid:

- Qafqaz İslam Ordusunun yaranmasına keçməzdən əvvəl həmin dövrün siyasi mənzərəsinə baxmaq lazımdır. 1918-ci ilin 3 martında Bolşevik Rusiyası Osmanlı ilə Brest-Litovski müqaviləsi imzalamışdı. Sənədə görə Osmanlı həm Rusiya ərazisindən - Artvin, Qars, Batum və Ərdahanı almalı idi. Bununla da Şərqə doğru hərəkət edə bilməzdi. Zaqafqaziya Seymi bolşeviklərin hakimiyyətini tanımadığına və özlərini Müvəqqəti Hökumətin varisləri saydıqlarına görə müqaviləni tanımadılar. Onda Osmanlı dövləti Zaqafqaziya Komissarlığı ilə müqavilə imzalamağı təklif etdi, bu, Trabzonda gerçəkləşdi. Və 1917-ci ilin dekabrında imzalanan Ərzincan müqaviləsinə görə hərbi əməliyyatlar dayandırılmalı idi. Ancaq Osmanlı dövləti Şərqə doğru irəlilədiyinə görə siyasi böhran yarandı, bu səbəbdən tərəflər əlaqə yaradıb Trabzonda müqavilə imzaladılar. Bu müqavilədə Artvin, Ərdahan, Qars vilayətlərinin yenidən Osmanlı dövlətinə qaytarılması razılaşsa da, Batum məsələsində tərəflər arasında nifaq yarandı. Onda menşeviklərlə daşnaklar Osmanlı dövlətinə müharibə elan etmək təklifini irəli sürdü. Amma müsavatçılar razılaşmadıqlarından komissarlıq ayrıldı. 26 mayda gürcülərin Zaqafqaziya Respublikasından ayrılıb müstəqilliklərini elan etməsinin səbəbi müsavatçıların daşnaklar və menşeviklərlə ortaq məxrəcə gəlməməsindəydi. Nəticədə Gürcüstan Almaniyayönümlü siyasəti ilə müstəqilliyini qorumağa çalışdı, Azərbaycan isə Osmanlı dövləti ilə müqavilə imzalayıb öz ərazilərini yenidən ələ keçirməyə başladı. Amma Osmanlı dövlətinin Qafqaz ərazisinə müdaxiləsi Brest-Litovski müqaviləsinin bəndlərinin kobud pozulması idi. Sadəcə, məsələni hüquqi çətçivəyə salmaqdan ötrü Osmanlı dövləti Azərbaycan, Gürcüstan və Ermənistanla Batumda müqavilə imzaladı. Əslində, Batum müqaviləsi üçtərəfli dostluq müqaviləsidir, ancaq sənədin bəndlərinə baxdıqda görərik ki, yalnız Osmanlı ilə Azərbaycan arasında dostluqdan söhbət gedə bilər. Ermənistan ərazisi 16 min kvadrat kilometrə qədər azaldıldı, Gürcüstandan da Batum vilayəti artıq alınmışdı. Bu baxımdan müqavilə şərtləri daha çox təktərəfli sənəd kimi görünür, Azərbaycan Respublikası ilə Osmanlı hökuməti arasında. Müqavilənin imzalanmasından sonra Ənvər Paşa Nuru Paşanı Qafqaza təyin etdi, o zaman Osmanlı qoşunları artıq Təbrizi ələ keçirmişdi. Bunun üçün V Qafqaz ordusundan və XV Çanaqqala diviziyasından istifadə olundu. Onlar Təbrizdən Uluxanlı-Qazax istiqamətinə gəldilər, ordan da Yevlaxa və Gəncəyə gəldilər. Gəncədə də Qafqaz İslam Ordusu quruldu. Düzdür, Yadigar müəllimin bildirdiyi kimi orduya daxil olan əsgərlərin böyük əksəriyyəti azərbaycanlılar idi. 1917-cildə artıq bolşevik inqilabı olandan sonra Tiflisdə general qubernator yeni siyasət güdməyə başladı. Ərzincan müqaviləsindən sonra geri çəkilən Rusiya qoşunlarında milli korpus yaratmağa icazə verildi. 1917-ci ilin dekabrın 13-də Azərbaycan korpusunun yaradılması razılaşdırıldı. Azərbaycan korpusu da Gəncədə olan 219-cu korpusun əsasında yarandı. Korpus komandiri Əliağa Şıxlinski idi, hər nə qədər onu Azərbaycan korpusu adlandırsaq da, zabitlərin 65 faizi ruslar idi, hətta Baş Qərargah rəisi Yevgeni Menjikov olub. Əliağa Şıxlinski kadr problemlərindən şikayətlənirdi. Həmin korpusun V Qafqaz, XV Çanaqqala Diviziyasının birləşməsi nəticəsində Qafqaz İslam Ordusu yarandı. Beləcə, onlar Bakıya doğru hərəkət etməyə başladılar. Doğrudur, Bakı Soveti Azərbaycan hökumətini Gəncədə boğmaq istəyirdi, amma Göyçay və Qaraməryəm döyüşlərindən sonra geri çəkildilər. 31 iyuldan sonra müharibə Bakı Soveti ilə Qafqaz İslam Ordusu arasından yox, Sentrakaspi Diktaturası arasında gedirdi. Əslində, Bakı Sovetində bolşeviklərin hakimiyyəti sırf eser, menşevik, daşnakların loyallığı hesabına formalaşmışdı. Çoxluq əslində eser, menşevik və daşnaklar idi, sadəcə, onlar bolşeviklərə hakimiyyəti qurmağa icazə vermişdilər. 31 iyuldan etibarən bu imkan verilmədi və Qafqaz İslam Ordusu 15 sentyabrda Bakını ələ keçirdi.

- Yəni siz Qafqaz İslam Ordusunun Bakını ələ keçirməsini işğal sayırsınız?

Toğrul Həmid:

- Tarixi aspektdən baxdıqda, buna işğal, yaxud qurtuluş deyilə bilər. Qurtuluş deyilməsində sırf siyasi səbəbləri görürəm, çünki Azərbaycanla Türkiyə arasında münasibətlər çox yaxşıdır və tarixi bir dostluq olduğunu göstərmək üçün bu ideal bir nümunədir. Amma Qafqaz İslam Ordusunun Bakını işğal etməsi bütün Qərb tarixçiləri tərəfindən qəbul olunur, hətta Tadeuş Svyatovskinin “1905-1920-ci il Rusiya-Azərbaycan” əsərində də bu var. Çünki Osmanlı əraziyə müdaxilə etmək üçün ADR adlı dövlətdən istifadə etməliydi.

- Amma bu dövləti Azərbaycan ziyalıları yaratmışdı də...

Toğrul Həmid:

- Təbii. Amma bu ayrı məsələdir. Ənvər Paşanın özünün teleqramı var, açıq-aydın görünür ki, onlar Azərbaycan dövlətini tanımırlar. Əsgərlərə yazmışdı ki, Turan İmperatorluğunun bir parçası olan Bakını ələ keçirdiyimizə görə təşəkkür edirəm.

- Yadigar bəy, qarşı tərəfin fikirlərində bölüşmədiyiniz məqamlar nədən ibarətdir?

Yadigar Sadıqlı:

- Hər ikimiz eyni hadisələri sadaladıq, sadəcə, yekunda işğal ifadəsini işlətdi. Yaxud Ənvər Paşanın teleqarmından sitat gətirdi. Turanın bir parçası olduğunu söyləmək “Osmanlının bir parçası” və “işğal edirik” anlamı daşımır. Bu, bir qədər çox sərbəst yozumdur. Ənvər Paşa Azərbaycanı, Türkiyəni, Qazaxıstanı Turanın bir parçası kimi görə bilər, indi də belə düşünənlər var. Amma bu, o demək deyil ki, Azərbaycanın müstəqilliyini tanımırlar, iyunun 4-də müqavilə imzaladığın bir ölkənin müstəqilliyini necə tanımaya bilərsən?! Qalan hallarda fikir ayrılığı sezmədim. Bolşeviklərin niyə hakimiyyətdə olduğuna gəlincə, birinci, Şaumyan birləşdirici fiqur idi, erməni olduğundan daşnaklar onu qəbul edirdilər, bolşeviklər də olduğu üçün qəbul edirdilər. Eser və menşeviklərin qəbul etməsinin səbəbi ondan ibarətdir ki, Bakı Sovetinin yeganə həyat mənbəyi Sovet Rusiyasının köməyi idi. Sovet Rusiyasının köməyi olmadığı halda nə eserlər, nə menşeviklər Bakıda hakimiyyəti saxlaya bilməzdilər.

- Hətta Ukraynadan Petrov silahlılarla yardıma gəldi...

Yadigar Sadıqlı:

- Maxaçkaladan gəlmişdi. Petrov iyulda gəldi. Avqustda Bakı Soveti devrildi, ingilis Denstverilin qoşunları gəldi, eser və menşeviklər hakimiyyəti götürdü. Bəs nəyə görə devrildi, 1918-ci ildə Rusiyada vətəndaş müharibəsi həddindən artıq ağır gedirdi, Moskvanın başı öz cəbhələrinə qarışmışdı, hətta belə ehtimallar var ki, Bakıya göndərilən qoşun və silahın qarşısını Stalin kəsib, özünün döyüşdüyü Çaristına (Stalinqrad-Volqoqrad) göndərib. Nəticədə Bakıya heç bir yardım gəlib çatmır. Belə olan halda eser və menşeviklər, daşnaklar düşünüblər ki, əgər Rusiyadan heç bir kömək gəlməyəcəksə, bolşeviklərin hakimiyyətinə niyə dözməlidirlər, onsuz da onlara qarşı münasibətləri heç də isti deyildi. Və Ənzəlidə məskunlaşan ingilislərdən yardım istəyirlər, onlar da kömək etdilər. Ən əsası 1918-ci ilin martında Azərbaycanda dəhşətli qətliamlar baş verir, çox dəhşətli hadisələr olub, Şamaxıda, Hacıqabulda, Salyanda, Lənkəranda, Qubada... Hətta avqustun ordalarında Denstrevilin gəlməsinə baxmayaraq, onun xatirələrində belə ermənilərin və bir qədər də rusların müsəlman əhalisinə qarşı zülmləri barədə qeydlər əks olunub. Mart-aprel aylarında isə qan su yerinə axırdı, Qubada kütləvi məzarlıq da tapıldı, Lənkəranda...

- Nəriman Nərimanovun sonradan Stalinə məktublarında da bu barədə qeydlər var idi...

Yadigar Sadıqlı:

- Nərimanovun özünün etirazı vardı mart hadisələri ilə bağlı. Belə olan təqdirdə Tural bəyin dediyi işğaldırsa, mənim dediyim qurtuluş nədən ibarətdir: Gəlib yalnız Azərbaycan türklərini deyil, tatları, talışları, yəhudiləri məhv edən hökumətdən azad etdilər. Bu qətliam yalnız Xəzərsahili boyunca getmirdi, Qarabağda Andronikin dəstələrlərinin Şuşaya, Naxçıvan bölgələrinə hücumu olurdu. Qafqaz İslam Ordusu Azərbaycan xalqını bu qətliamdan xilas etdi. Təəssüf ki, onlar burdan getməli oldular və nəticədə Qarabağda, başqa yerlərdə oxşar hadisələr təkrarlandı. Digər tərəfdən, işğal deyiləndə mütləq qurban tərəf olmalıdır, filan dövlətin ərazisini işğal etdilər, əgər 15 sentyabr işğaldırsa, hansı dövlətin ərazisini işğal ediblər? Əgər qurban Azərbaycan Demokratik Respublikasıdırsa, cümhuriyyətimiz ərazi bütövlüyünü bərpa etməklə qazancla çıxdı. Yaxud Bakı Sovetinin, “Sentrakaspi Diktaturası”nın ərazisini işğal ediblərsə, onda bunu işğal kimi qəbul etmək olar. Amma biz Azərbaycan Cümhuriyyətini, Müəssisələr Məclisi əsasında formalaşdırdığı yeganə qanuni hakimiyyət kimi qəbul ediriksə, bəyan edilən müstəqilliyi qəbul ediriksə, mən şəxsən belə hesab edirəm, o zaman burda heç bir işğaldan söhbət gedə bilməz.

- Tural bəy, Müəssisələr Məclisi əsasında formalaşan cümhuriyyəti legitim hakimiyyət kimi qəbul edirsinizmi?

Tural Həmid:

  • Əslində, qəbul olunmur, Qərb mənbələri qəbul etmir. Məsələn, Robert Servis, Tadeuş Svyatovski, Azərbaycan əsilli İran tarixçisi Firuz Kazımzadənin adını çəkə bilərəm, onun “1917-22-ci illər, Transqafqaziya uğrunda mübarizə” kitabında bu məsələr yaxşı izah olunub. ADR ona görə legitim qəbul olunmur ki, hüquqi bir dövlət olmayıb. Ora Rusiya ərazisi hesab olunurdu, hətta Antantanın özü də vahid və bölünməz Rusiya uğrunda mübarizə aparan Denikinə yardım edirdilər. 1919-cu ildə Tomson gələndən sonra daha loyalist münasibət göstərdilər, İngiltərə himayəsi nəticəsində Azərbaycan Respublikası quruldu, ondan sonra münasibət müəyyən qədər dəyişdi, artıq Antanta həm Denikinə, həm də ADR-a baxırdı. Amma ona qədər proseslərdə Azərbaycan “Dördlər İttifaqı”nın üzvü olan Osmanlının tərkibində olduğuna görə... Tərkibində nəyə görə deyirəm, çünki Nuru Paşa yazılarında Azərbaycan sancağı ifadəsindən istifadə edib, bu, Osmanlı tərkibində olan ifadə anlamına gəlir. İkinci, Azərbaycanı müstəqil dövlət kimi tanımayıblar, Gəncəyə gələn günü Milli Şuranı buraxdı, öz bildiyi hökuməti qurdu. Osmanlı orduları Azərbaycanda olduğu zamanlarda səfiri yox idi, eyni zamanda ADR-in də orda səfiri olmadı. Əgər müstəqil dövlət kimi tanıyırdısa, ən azından diplomatik münasibət olmalıydı, bu yox idi, diplomatik münasibət o zaman quruldu ki, artıq Mudros müqaviləsi imzalandı, qoşunlar ölkədən çıxdı. Ondan sonra Yusif Vəzir Çəmənzəminli İstanbula səfir kimi göndərildi. Batumi müqaviləsinə gəldikdə, bu sənədin heç bir bəndində müstəqilliyin tanınması ifadəsi yoxdur. Sadəcə, Osmanlıya ADR adı əraziyə girmək addımını hüquqi olaraq əsaslandıra bilmək üçün lazım idi, Antanda ölkələrinə və “Dördlər İttifaqı”na qarşı.

Yadigar Sadıqlı:

- Legitim deyildisə, o zaman Rusiya imperiyasında legitim hakimiyyət kim idi? Ümumiyyətlə, inqilabda legitimlik barədə danışmaq doğru olmur, çox vaxt inqilab nəticəsində qeyri-legitim hakimiyyətlər formalaşır. Rusiyada da belə bir vəziyyət yarandı. Fevral inqilabı o zaman baş verdi ki, IV Dumanın səlahiyyət müddəti bitmişdi və monarx da istefa verdi. Səlahiyyət müddəti bitən IV Duma yeni hökumət formalaşdırdı, bunu da dartışmaq olar, legitimdir, yoxsa legitim deyil. Sonra oktyabr çevrilişi baş verir, bu, açıq şəkildə çevriliş idi, heç bir legitimliyi yox idi. Çevrilişi edənlər də legitim hakimiyyət yarada biləcək Müəssisələr Məclisini qovur. Cənubi Qafqazda Müəssisələr Məclisinə seçkilərin əsasında və xalqdan alınmış səsin hesabına, Çar imperiyasında keçirilən seçkilərdən daha demokratik seçkilər nəticəsində səs alan qurumlar təmsilçiliklərini bir qədər genişləndirirlər. Müəssisələr Məclisinə 14 azərbaycanlı seçilmişdi, Cənubi Qafqaz Seymində isə həmin səsvermənin nəticələri əsas götürməklə bir qədər genişləndirildi, oldu 44 nəfər. Azərbaycan xalqından səs almış bu insanlar sonradan cümhuriyyəti, müstəqilliyi elan etdilər. Bir tərəfdə silah gücünə hakimiyyəti ələ keçirən və Müəssisələr Məclisinə seçkilərin nəticələrinə əsasən seçkiləri uduzmuş boşeviklər var, ya onların hakimiyyətini qəbul edəcəksən, ya da öz hakimiyyətini. Məncə, ADR-in legitimliyi daha əsaslıydı, nəinki bolşevik hakimiyyətinin. Səfirliyə gəlincə, o zaman birinci növbədə əsas məsələ Bakının azad edilməsi idi. Əslində, 1918-ci ilin yayında nə Osmanlı imperiyası, nə Azərbaycan normal vəziyyətdə deyildi, biri ərazi bütövlüyü uğrunda mübarizə aparırdı, o biri də birinci dünya savaşında məğlubiyyətlər seriyasını yaşayırdı. Belə olan halda bizim müstəqilliklə Bakının azad olunması arasında 4 ay zaman var, buna görə niyə diplomatik əlaqələr qurulmayıb ittihamı əsaslı deyil.

- Tarixi faktlar gələcək üçün yeni məqamları açacaqmı, yoxsa daim mübahisəli mövzu olaraq davam edəcək?

Tural Həmid:

  • Yadigar müəllim legitim ifadəsini sələndirdi, mən legitim deyəndə Sovet Rusiyasının legitim olduğunu iddia etmirəm. Hətta SSRİ yaransa da, rəsmi olaraq tanımırdılar, Antantadan birinci dəfə İngiltərə tanıdı, tədricən Millətlər Cəmiyyətinə qəbul olundu. ADR-i ona görə qeyri-legitim hesab edirəm ki, ərazi Rusiya imperiyasının idi, baxışlar artıq ideoloji nöqteyi-nəzərdən yox, sırf hüquqi formalaşır. Məsələn, qadınların səsvermə hüququ, Rusiya Müvəqqəti Hökuməti ilk dəfə bu aktı qəbul etmişdi, 1917-ci ildə. Onsuz da bu, Azərbaycana aiddir. Azərbaycanın müstəqilliyini de-fakto Antanta nə vaxt qəbul etdi, 1920-ci ilin yanvarında. Bəs həmin günə qədər nəyi gözləyirdilər? Onlar Denikinin, yoxsa Kolçakın qalib gələcəyini gözləyirdilər. Görəndə ki, bu iki hərbçi məğlub olur və bolşeviklər Azərbaycanı, Qafqazı tutacaq, o zaman müstəqillik vermək haqda düşündülər. Bu məntiqlə Azərbaycanın de-fakto müstəqilliyini tanıdılar. Ona qədər Azərbaycandakı proseslər qeyri-legitim hesab olunur. Çünki ərazi Rusiya imperiyasının idi. Denikinin də mübarizə apardığı vahid və Bölünməz Rusiya olub, Antanta bu ideyanı dəstəkləyirdi. Qafqaz İslam Ordusu bu ərazini azərbaycanlıların xeyrinə ələ keçirmək kimi bir fikir ortaya çıxa bilər, amma bir məqam da var, Bakı azad ediləndən sonra Azərbaycan əsgərlərini Dağıstana göndərir. Əgər əsgərlər Bakını alacaqdısa, onların Dağıstanda nə işi vardı? Dağıstana getməyən əsgərin cəzası ölüm idi, bununla bağlı Manaf Süleymanovun “Eşitdiklərim, gördüklərim, oxuduqlarım” kitabında məlumat yer alıb. Digər fakt odur ki, ADR-in bayrağı iyundan noyabra qədər Osmanlı dövlətinin bayrağı ilə eyni idi. Noyabrın 9-da Osmanlı Bakını tərk etdikdən sonra üçrəngli bayraq qəbul olundu. Tomson da Azərbaycan dövlətini ona görə tanımırdı ki, Azərbaycan Osmanlının bir parçasıdır və bunu da bayraqla əsaslandırırdı.

Yadigar Sadıqlı:

  • Sualınıza cavab olaraq, 1918-ci ildə Azərbaycanda nə baş verməsi qənaətləri dəyişmək mümkün deyil. Azərbaycan xalqı, tarixşünaslığı əsasən 15 sentyabrı Bakının qurtuluşu, ərazi bütövlüyünün bərpası kimi qəbul edəcək. Bəli, müəyyən xoşagəlməz hallar olub, ümumiyyətlə, tarixdə elə bir hadisə yoxdur ki, belə hallar olmasın. Ən haqlı müharibə aparan bir ölkədə dinc əhaliyə qarşı cinayətlər də olur. İkinci dünya savaşı zamanı SSRİ, Amerika, İngiltərə Almaniyanı faşizmdən təmizləyəndə müəyyən cinayətlərə də yol verdilər. Milli azadlıq hərəkatı çox gözəl bir şeydir, orda da bir çox nöqsan tapmaq olar. Bakının qurtuluşuna gəlincə, təbii, nöqsanlar var idi. Nuru Paşaya böyük qardaş ədası yad deyildi, iyun böhranı da onunla bağlıydı, amma Tural bəylə razı deyiləm ki, o, istədiyi hökuməti qurdu. Əslində, Nuru Paşa hökumətin olmasını istəmirdi, bütün səlahiyyətləri özü götürmək niyyətindəydi. Məmməd Əmin Rəsulzadənin də etirafı var ki, iyun hadisəsi, yəni ikinci hökumətin qurulması, Milli Şuranın buraxılması demokratiyanın geriyə çəkilməsi idi, amma bir konsensusa gəlmək, Bakının azad olunması üçün başqa yol yox idi. Bayraqa gəldikdə, Osmanlı imperiyasının bayrağı ilə demək olar ki, eyni idi, sadəcə, 8 güşəli ulduz olub. Osmanlı gedəndən sonra bizimkilər Ənzəlidə Tomsonla da görüşdülər, o, Azərbaycan hökumətini qəbul etməyəndə, bayraqdan çox iyun böhranını səbəb göstərirdi. Deyirdi ki, Azərbaycanda türk ordusunun intriqası nəticəsində formalaşmış hökumət var, Azərbaycan xalqından səs alan yox. Belə olan halda Osmanlı imperiyasına özünü yaxın göstərməmək üçün üçrəngli bayraq, ardınca təcili surətdə parlamentin yaradılması haqda qanun qəbul olundu. Əslində, Müəssisələr Məclisinin çağırılması gözlənilirdi ki, o, üsul-idarəni təyin etsin. Amma parlament çağırıldı, bütün xalqlara, siyasi təşkilatlara yer verildi və bunun əsasında yaradılan hökuməti dekabrın 25-də Tomson Azərbaycan ərazisində yeganə legitim hakimiyyət kimi qəbul etdi. Xarici ölkələrin tanımasına gələk. Bu dövlətlər BMT deyildi, ona qalsa, Böyük Britaniya 1923-cü ildə Sovet Rusiyasını tanıdı, ABŞ isə 1933-cü ildə. Legitimlik deyəndə ingilislərin bizim müstəqillimizi tanıyıb-tanımamasından çox Azərbaycan xalqının səsi əsasında formalaşmış bir hökuməti diqqət mərkəzinə gətirirəm. O zaman Azərbaycan xalqının istinad edəcəyi legitim hakimiyyət yox idi.

Tural Həmid:

- Bəli, Bakının Qafqaz İslam Ordusu tərəfindən ələ keçirməsi onu Azərbaycanın paytaxtı elan etdi. Belə bir nəticə çıxmamalıdır ki, Bakı həmişəlik Azərbaycanda qalacaqdı. Düzdür, Bakı Soveti Azərbaycanın müstəqilliyini istəmirdi, həmin dövrdə bolşeviklərdə Azərbaycanın müqəddaratı haqqı olması düşüncəsi yox idi. 1919-cu ildə ilk dəfə bu məsələ gündəmə gətirildi, proses getdi, gələcəkdə Müstəqil Azərbaycan Sovet Respublikası yaradılması qəbul olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Kommunist Partiyasının birinci katibi Kirov 1921-ci ildə iddia irəli sürdü ki, Bakı əhalisinin əksəriyyəti xristian olduğuna görə referendum keçirilsin və şəhər Sovet Rusiyasına birləşdirilsin. Məsələ referenduma çıxarılsaydı, nəticəsini indi deyə bilmərik. Amma Nərimanovun inadı və Leninə məktubu sayəsində bu məsələ aradan qalxdı. Yəni biz Nuru Paşanın Bakını tutması və daimi paytaxt etməsi məntiqi ilə yanaşa bilərik, amma 1921-ci il hadisələri olmasaydı. Həmin hadisələr göstərdi ki, ərazi bütövlüyünün qorunmasının səbəbi yerli bolşeviklərin xüsusən torpaq məsələlərində inadlı duruşu oldu. Bu. Qarabağda, Zaqatalada və həm də Naxçıvan məsələsində özünü göstərdi.

- Sonra da həmin bolşevikləri 1937-ci ildə güllələdilər...

Tural Həmid:

  • Çünki onlardan sonra gələn hakimiyyət tamam başqa hakimiyyət idi.

Yadigar Sadıqlı:

  • Biz bolşevik hakimiyyətindən xeyli torpaq itkisi ilə çıxdıq.

Tural Həmid:

  • Zəngəzur məsələsi deyəndə Ermənistanda qalan ərazini nəzərdə tuturuq, amma Laçın, Qubadlı, Zəngilan da Zəngəzurdur, Azərbaycan ərazisidir. Ermənistanda qalan Zəngəzurda Andronik o qədər etnik təmizləmə etmişdi ki, yerli azərbaycanlılar qalmamışdı. Bu baxımdan Nərimanov ora iddia edə bilməzdi. İddia etdiyi ərazilər Laçın, Qubadlı, Zəngilan oldu, onlar da Azərbaycanda qaldı.

Yadigar Sadıqlı:

  • ADR-in ərazisi 114 min kvadrat kilometr idi, onun 97 min kvadrat kilometri gürcülərin və ermənilərin tanıdığı hissəydi. 17 min kvadrat kilometri mübahisəli sayılırdı, bunu kənara qoysaq, 1991-ci ildə 86,6 min kvadrat kilometrlə SSRİ-dən ayrıldıq, yəni 10,4 min kvadrat kilometr itkiylə.

Tural Həmid:

  • Amma faktiki idarə olunan ərazi 60 min kvadrat kilometr idi.
Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7r9084

Ən çox baxılan