15 min ton üzüm bağda qaldı

Fermerlər yetişdirdiyi məhsulu sata bilmirlər

Source:

Qərb bölgəsində bu il 2 min hektar sahədə üzüm becərilib. Üzüm sahələri əsasən Tovuz, Qazax və Şəmkir torpaqlarında yetişir. Fermerlər danışırlar ki, məhsuldarlıq bu il ötən illə müqayisədə 30 faizədək çox olub. Ancaq nəinki gəlir əldə etmək, heç əkin vaxtı torpağa çəkdikləri xərci belə qazana bilməyiblər. 
Samux rayonunda yaşayan, 15 ildən çox təsərrüfatçılqla məşğul olan fermer Nəriman Məmmədov deyir ki, 150 tona yaxın üzümü sata bilmir:



“Bu il alıcılıq çox aşağıdı. Mənim torpaq sahəm böyükdü, amma 9 hektarında üzüm əkmişəm. Bu sahədən təxminən 155  ton üzüm dərmişəm. 155 ton məhsul əldə etmişəm. İlk vaxtlar Gəncə bazarlarında süfrə sortları bir az satıldı. Ancaq 7 tondan çox məhsul sata bilməmişik. Həmişə Rusiya bazarına aparan alıcılarımız var idi. Amma indi onlar da almırlar”.


Fermer deyir ki, üzümün qiymətini maya dəyərindən də aşağı satırlar: 
“Ötən il 60 qəpiyə satırdıq. Bu il 50 qəpik dedik, amma indi elə vəziyyətə çatmışıq ki, 30 qəpiyə deyirik, onu da alan yoxdu. İndi Gürcüstanla danışıqlar aparırıq ki, çaxır zavodlarına verək. Heç olmasa meyvəni dərmanlamaq üçün aldığımız kimyəvi maddələrin pulunu ödəyə bilək”.

Fermer Aydın da deyir ki, belə getsə, gələn il üzüm məhsulu əkməyəcəklər. Üstəlik gileylənir ki, yerli şərab zavodları da onların məhsulunu almaqdan imtina edir:

“İlboyu sahəni bahalı dərmanlarla dərmanlamışam. Üzüm zəhmət istəyən məhsuldu, yetişdirib başa çatdırmışam, indi qalıb əlimdə. Banklardan kredit götürüb almışıq dərmanları, indi necə verək? Şərab zavodlarına su qiymətinə təklif edirəm. Mən 30 qəpiyə apardım, almadılar. Özləri hektarlarla torpaq alıb becərirlər”.



Qərb bölgəsində becərilən məhsullar indiyədək əsasən Rusiya bazarlarına aparılırdı. Bölgədəki 20 min hektara yaxın sahədə qurulan istixanaların məhsulları da Moskva bazarlarını bəzəyirdi. 
Tovuz rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad  Qəhrəmanov isə deyir ki, bu il nəinki üzüm məhsulu, digər kənd təsərrüfatı malları da satılmır: 

“2 min hektar sırf üzüm bağlarımız var. Yaxşı da məhsul əldə edilib. Yığılan məhsulların əksəriyyəti də “Təbriz” və “süfrə” sortlarıdı. Yəni əla növ və daim yaxşı satılan sortlardı. Lakin bu il Rusiyada pulun dəyərinin düşməsi ilə bazarlardakı alıcılıq qüvvəsini itirdik. Nəinki üzüm, bu il 20 min hektar istixanalardan əldə olunan tərəvəzlər də alıcı gözləyir. Bu il demək olar ki, əraziyə daxil olan sahələrin məhsullarının 70 faizi satılmır”.

Canpolad Qəhrəmanov deyir ki, iqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib, həyəcan təbili çalıblar ki, satış məsələsi ilə bağlı çıxış yolu tapılsın: 
“Hazırda nazirlik nümayəndələri qonşu dövlətlərdə, xüsusən də Rusiyada satış məkanlarında danışıqlar aparırlar ki, bölgənin məhsulu mövsümlə sahibkarlardan, fermerlərdən alınsın. Biz isə öz növbəmizdə Laqostik Mərkəz yaratmağı düşünürük ki, məhsulların toplanması, çəkisi və sahibkarların siyahısı dəqiqləşsin, məhsullar qrafiklə alınıb satışa aparılsın”.  
Qərb bölgəsində hazırda 2 min hetar üzüm sahəsi var ki, onlardan 1500 hektarı məhsuldar, yerdə qalanı isə yeni salınmış cavan üzüm bağlarıdır. Bölgədəki üzümçülük təsərrüfatının cəmi 38 faizini texniki sortlar təşkil edir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, bu il nəinki üzüm, hətta kartof, kələm və digər məhsulların satışında ciddi problemlər var: “Əvvəla ona görə ki, fermerlər məhsulun xarici bazara satışında məlumatlı deyillər. Bunun üçün xüsusi dövlət siyasəti olmalıdı. Dövlət maraqlı olmalıdı ki, əldə olunacaq məhsula hansı ölkədə tələbat olduğu haqda informasiyanı sahibkara ötürsün. Məsələn, Rusiya Azərbaycanla bu sahədə danışıqlar apardı və nail oldu. Belə ki, bu il əvvəlki illərlə müqayisədə 2 dəfə artıq taxıl idxalına nail oldu.

Belə danışıqlar aparılsa, sahibkarlar məhsulu əkən zaman artıq əllərində müqavilələri olar və satışda problemlər yaşanmaz”.

Vahid Məhərrəmov deyir ki, soyuducu anbarlarda məhsulları saxlamağı qaydalarını da sahibkarlara öyrətmək lazımdı: “Məsələn, üzüm saxlanılması üçün müəyyən etapda dərilməlidi. Reallıqda Azərbaycanda adambaşına üzüm istehlakı 12 kiloqram nəzərdə tutulub ki, əldə olunan məhsul elə ölkə daxilində istehlak edilə bilər. Daxili bazara, məsələn, Bakı, Sumqayıt bazarlarına bölgələrdən üzüm gətirib satılması sərfəli deyil. Çünkü topdan alış ucuz qiymətə götürmək istəyir və fermerin xərci ödənmir. Yarmarkalarsa ləğv edildi.

İkinci məsələ isə hazırda ölkədə olan iqtisadi durumun pisləşməsidi. İşsizlər çoxalıb, Rusiyadan gələn işsizlər də var və ölkədə tikintilər dayanıb, hətta dövlət işlərində belə ixtisarlar əhalinin cibinə və istehlakçılıq qabiliyyətini xeyli zəiflədib.

Tək çıxış yolu budur ki, xarici bazarların tələbatını müəyyənləşdirib, müqavilələr bağlanmalıdı”.

Ana səhifəXəbərlər15 min ton üzüm bağda qaldı