Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin sabiq maliyyə-xidmət rəisinə 11 il həbs cəzası verilib
Bu gün, mayın 21-də Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə sonuncu məhkəmə iclası keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Vahid Novruzlu 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sabiq maliyyə xidmət rəisi barəsində DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında ötən ilin iyununda həbs qətimkan tədbiri seçilib.
İttihamda qeyd olumub ki, təqsirləndirilən şəxs xidmət dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib:
“Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına pul köçürərək mənimsəyib”.
Vahid Novruzlu özünü qismən təqsirli bilib:
“Cinayət işi üzrə özümü qismən təqsirli bilirəm. Çünki mən özümdən yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm”.
Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır.
İttihama görə, o, üzürlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb.
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti – Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.
Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər.
Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.