14 aprel məktubları…

Mənbə: Meydan TV

Yaxud Leninin “Aprel tezisləri”nə sözardı

Rövşən Hacıbəyli

Aprel ayı “proletariatın dahi rəhbəri” Leninin adıyla bağlıdır: bu ayda doğulub, bu ayın 3-də mühacirətdən Rusiyaya qayıdıb, 4-də “Aprel tezisləri” adı ilə məşhurlaşan çıxışını edib. Bolşeviklər – Leninin silahdaşları da Azərbaycanı bu ayda işğal edib. 32 il qabaq müstəqillik qazansaq da, Lenin və silahdaşlarının qurduğu dövlət tarixin arxivinə göndərilsə də, onun bəzi ənənələri Azərbaycanda hələ də yaşayır. Bu da səbəbsiz deyil, bolşevik tör-töküntülərinin yadigarları bu gün də səlahiyyət yiyəsidir…

Geniş müzakirə mövzusuna çevrilən Nəriman Nərimanovun da bu ayda xatırlanması, görünür, təsadüf deyil. Bilən də, bilməyən də özünü qabağa verib bu müzakirələrlə bağlı söz deməyə çalışır. Təhlükəsiz müzakirədir axı. Azərbaycanda tarixi şəxsiyyətlərlə bağlı zaman-zaman belə müzakirələr olur, başlıcası da burada məqsəd yalnız bir nəfəri ölkə tarixində şəxsiyyət kimi hamıdan qabağa çıxarmaqdır. Bu il 100 illiyi il başlamamışdan qeyd olunan Heydər Əliyev özü çıxışlarının birində demişdi: “Kim olub Məhəmmədəmin?” Təkcə bu kiçik sualı özünü böyük tarixçi sayanlar o vaxt onlara ünvanlanmış mesaj kimi dəyərləndirib anındaca milli lider Məhəmmədəmin Rəsulzadəyə hücuma keçdilər. İndi, 100 illik ərəfəsində, növbə Nəriman Nərimanova çatıb. Görünür, Məhəmmədəmin Rəsulzadə ilə bağlı məsələni ya həll etdiklərini düşünürlər, ya da özünə ürəklərdə abidə ucaltmış kişi ilə savaşın yel dəyirmanı ilə savaş effekti verdiyini anlayıblar…

Bu günlərdə İTV-nin “Sabaha saxlamayaq” verilişi də Nərimanov mövzusuna həsr olunmuşdu. Tarixçi deyiləm, o dövrü araşdırmamışam, düşünürəm ki, bu məsələdə Yaqub Mahmudov, Musa Qasımlı və bu kimi hakimiyyətin təbliğatını peşə seçən tarixçilər yox, müstəqil, həqiqəti deməkdən çəkinməyən tarixçilərin fikri dinlənilməli, müzakirə olunmalıdır(adını çəkdiyim tarixçilər o verilişdə yox idi, ancaq onlar Rəsulzadə məsələsində sinələrini qabağa vermişdilər). Çox da uzaq olmayan tarixdə – 2020-ci ildə rusları parlamentdən icazəsiz Qarabağa gətirən dövlət başçısına bu gün sual vermək cəsarəti olmayanlar 100 il qabaq Nərimanovun bolşeviklərə qoşulub Azərbaycanda sovet hakimiyyəti qurmasına görə ona divan tutur. Baxmayaraq ki, Nərimanov aldadıldığını tez başa düşmüş, hakimiyyətdə olanlara sözünü elə o vaxt demişdi…

Tarixlə tarixçilər məşğul olsun, bizsə bugünümüzə – 100 il qabağın aprelindən XXI əsrin aprelinə qayıdaq.

Aprel təltifləri

Aprelin 11-də – eyni gündə Prezident İlham Əliyev 4 nəfərlə bağlı sərəncam imzalayıb, sağ olsunlar, o 4 nəfər də sözləşibmiş kimi elə eyni gündə – aprelin 14-də prezidentə təşəkkür məktubu yazıb. Çoxuna bəllidir ki, prezident saytına yazılan məktublarda mətnin həddi müəyyənləşib, qabaqlar bu hədd 1500 işarə idi, son illər isə onu 500 işarəyə endiriblər. Ondan artıq yazmaq mümkün deyil, artıq 1 işarə belə qəbul olunmur, ancaq maraqlıdır ki, bu hədd tanınmış adamlara aid deyil, onlar üçün işarə limiti yoxdur.

Saytın o bölməsini proqramlaşdıranlara yağlı bir “ƏHSƏN” düşür, necə ediblərsə, proqram sadə, kasıb vətəndaşla vəzifəli, imkanlı adamı, deputatı, hətta keçmiş naziri belə seçib ayıra bilir. Məktublardan görəcəksiz:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Aqil Abbas: “Möhtərəm cənab Prezident, mən bu mükafatı tək özümə deyil, bütün qarabağlılara verilmiş bir mükafat kimi qiymətləndirirəm”.

Məktubdan kiçik sitat sizi çaşdırmasın, başqaları üçün prezidentin saytında limit 500 işarədir, ancaq Aqil müəllimin çoxillik deputatlıq fəaliyyəti, yazıçı-jurnalist, Məmməd Araz ailəsinin üzvü olmağı nəzərə alınıb, onun məktubunun mətni 2565 işarədir.

Hörmətli qarabağlılar, arada ordeninizi alıb döşünüzə taxın, halal haqqınızdır!

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Novruz Aslan: “Fəaliyyətimə verilən bu yüksək dövlət mükafatı, eyni zamanda, deputat olaraq təmsil etdiyim İsmayıllı rayon sakinlərinə və rəhbərlik etdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin on minlərlə üzvünə və könüllülərinə verilən dəyər kimi qəbul edilir”.

Bütün sahələrdə özünü sınayan Novruz Aslan ordeni də o sahələrdə çalışan adamların, seçicilərinin adına aldığını deyir, ancaq bu hesabla ordeni yaxasına taxmaq Novruz müəllimə qismət olmayacaq, Qızıl Ayparanın on minlərlə üzvü, könüllülər, 20 ilə yaxındır deputat mandatını aldığı İsmayıllı sakinləri… Onun da xidmət illəri nəzərə alınıb, yazdığı məktubun mətni 3456 işarədir.

Qızıl Aypara üzvləri, könüllülər, İsmayıllı camaatı, ordeninizə sahib çıxın.

“Şərəf” ordenli Əli Həsənov: “Siz vaxtilə 10 milyondan da az əhalisi olan ölkədə 1 milyonadək qaçqın və keçmiş məcburi köçkünlərin idarə olunması və onların sosial problemlərinin həllində uğurlu nailiyyətlər əldə edərək yeni Azərbaycan modelini və İlham Əliyev brendini dünyaya təqdim etdiniz. Bu gün bir çox ölkələr bu sahədə Sizin təcrübənizdən bəhrələnir, hansı ki, 500 milyonluq Avropa ölkələrinin rəhbərləri bir milyon miqrantın idarə olunmasında aciz qalmışdılar”.

“Qaçqınkom” Azərbaycanın ən korrupsioner qurumlarından biridir, Əli Həsənov bu komitəyə 20 il rəhbərlik edib. Necə rəhbərlik etdiyi, bu qurumda korrupsiyanın hansı miqyasda olduğu ən azı 1 milyonadək qaçqına bəllidir. “Şərəf” ordeni bunu necə ruhlandırıbsa, qaçqınların idarə olunmasını, sosial problemlərinin həllini “İlham Əliyev brendi” adlandırır, Avropaya örnək göstərir… 20 il gəlirli bir komitənin sədri olmaq sizə zarafat gəlməsin, orden alan 4 nəfərin içində ən uzun məktub ondan gəlib, Əli Həsənovun məktubunun mətni 5317 işarədir. Limiti cəmi 4817 işarə aşıb…

“Şərəf” ordenli Cavanşir Paşazadə: “Sizi əmin edirəm ki, rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının mənə etimadını öz fəaliyyətimdə hər zaman layiqincə doğruldacağam. Şəxsim, mənsub olduğum Paşazadələr ailəsi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və tərəqqisi naminə siyasi kursunun və Zati-alinizin Azərbaycan uğrunda şanlı dövlətçilik yolunun sədaqətli əsgərləriyik”.

Məktubun mətni 2197 işarədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, əsgərlərinizi uyğun hərbi hissələrə yerləşdirin, ancaq hərbi hissənin nömrəsini gizli saxlayın…

Aprel həm də hərbi xidmətə çağırış ayıdır…

P.S.Bu adamların apreldə təltif olunması təsadüf deyil, onlar hamısı keçmiş kommunistlərdir.

P.P.S.Nə hikmətdirsə, İlham Əliyevin növbədənkənar prezident seçkisi də apreldə – 2018-ci il aprelin 11-də olmuşdu…

Ana səhifəMənim Fikrimcə14 aprel məktubları…