”133 manatla dolanmaq olmur”


“Gündə 3 dəfə namaz qılıram. Allaha çoxlu dua edirəm ki, ayaqlarım və gözüm düzəlsin”.

Bu sözləri 1-ci qrup gözdən əlilliyi olan Rəfael Əsgərzadə deyir.

Mehriban Əsgərova övladı Rəfael ilə Zabrat qəsəbəsində yaşayır. Həyat yoldaşını erkən itirən Mehriban Əsgərova deyir ki, birotaqlı mənzildə ağır həyat tərzi keçirir: “Maddi durumumuz pisdi, vəziyyətimiz çox ağırdı. Oğlumun anadangəlmə serebral iflicliyi var, həm də gözdən birinci qrup əlildir”.

Rəfaelin 18 yaşı var. Anası olmadan heç bir iş görə bilmir. İmkansızlıq ucbatından müayinə və müalicəsi də yarımçıq qalıb.

“Rəfael 133 manat təqaüd alır. O pulla həm dolanmaq, həm də qazpulu, işıqpulu, telefonpulu ödəmək mümkün deyil. Bu ay nə olubsa, işıqpulu min səksən manat gəlib. Birotaqlı evə bu qədər pul necə gələ bilər? Biz bunu necə ödəyərik? Heç hamamda da istilik yoxdur. Onsuz da oğlumun mənim köməyimə ehtiyacı var. Özüm çimizdirirəm, üzünü qırxıram, hər işini mən görürəm, üstəlik, otaqda istiliyin olmaması vəziyyəti daha da çətinləşdirir. Ana-bala soyuqdan donuruq”.

Hər gün Hacı Şahinin dini çıxışlarına qulaq asan Rafael onu həm də görmək istədiyini deyir. Onun arzularının içində oxuyub təhsil ala bilmək də var:

“Məktəbə gedib təhsil almaq istəyərdim. Heç yana çıxa bilmirəm. Çıxıb gəzmək istəyərdim, dostlarımın olmasını istəyərdim”.

Rəsmi qurumlara müraciətinin cavabsız qaldığını bildirən Mehriban Ələsgərova deyir ki, hətta Mehriban Əliyevaya yazdığı məktubu da geri qayıdıb:

“Dəfələrlə Mehriban xanıma məktub yazmışam, amma cavab gəlməyib. İmkansızlıqdır, bu gün qonşu kartof-soğan gətirib, sağ olsun. Vəziyyət elədir ki, oğlumu vaxtlı-vaxtında müalicə etdirə bilmirəm, əlimdən bir şey gəlmir, köməyə ehtiyacım var. 133 manatla dolanmaq mümkün deyil axı”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azərişıq”la əlaqə saxlayıb. “Azərişıq”-dan məsələni araşdıracaqlarını bildiriblər.

Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646

Ana səhifəVideo”133 manatla dolanmaq olmur”