“13 saylı cəzaçəkmə müəssisəsində koronavirusa yoluxanların sayı çoxdur”

Həmin cəzaçəkmə müəssisəsində saxlanılan Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə həbs edilən Saleh Rüstəmlinin ailə üzvləri də orada 90 nəfər məhkumun koronavirusa yoluxduğunu eşidib.

Source: Foto: google.az


Operativ Qərargahın məlumatı Penitensiar Xidmətin dediklərini əks etdirmir

Ədliyyə Nazirliyi mayın 12-də 13 saylı cəzaçəkmə müəssisəsində 33 nəfər məhbusun koronavirusa yoluxduğunu açıqlamışdı. İndi isə məlum olub ki, məhkumlar arasında yoluxmaların sayı daha çoxdur.

Mayın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətin sədri Ramin Bayramlı bildirib ki, hazırda cəzaçəkmə müəssisələrində bu virusa yoluxanların sayı 46 nəfərdir. Onların hamısının müalicəsi davam etdirir.

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslardan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva isə deyir ki, say bundan da çoxdur. Onun sözlərinə görə, təkcə elə həmin müəssisədən 96-dan artıq məhkum bu diaqnozla çıxarılaraq, müalicəyə aparılıb.

Ə.Hacıyeva bildirib ki, bu cəzaçəkmə müəssisəsində məhbusların saxlanma şəraiti bərbaddır, sanitar-gigiyenik qaydalara əməl etmək mümkün deyil. Müəssisənin daş karxanalarının yaxınlığında yerləşdiyini, ərazini daim toz-duman bürüdüyünü vurğulayan Ə.Hacıyevanın sözlərinə görə, bunun nəticəsində orada saxlanılan məhbusların ciyərlərinə toz yığılır. İxtisasca həkim olan Ə.Hacıyeva deyir ki, pis qidalanma nəticəsində immunitet zəifləyir və virusa yoluxma riski də artır: “Martın 6-dan cəzaçəkmə müəssisələrində sovqat qəbuluna qadağa qoyulub. Məhbuslar müəssisənin içindəki dükandan alıb yeyirlər. Bəzilərinin almağa pulu olmur. Normal qidalanmayanda da risk artır, kütləvi yoluxma baş verir”.

Ə.Hacıyeva deyir ki, cəzaçəkmə müəssisəsində təkcə C.Hacıyevin saxlandığı yataqxanadan (“barak”) 30 nəfər virusa yoluxub. Qardaşının da həyatının təhlükə altında olduğunu söyləyən Ə.Hacıyevanın sözlərinə görə, keçmiş bankir son iki ayda dörd dəfə xəstələnib: “Ağır boğulmadan əziyyət çəkir, öskürəyi var. Dərmanlar aparıb çatdırırıq, amma müayinə olunmur deyə, dəqiq səbəbi bilmirik. Ürəyində də ciddi problemlər var”.

Həmin cəzaçəkmə müəssisəsində saxlanılan Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə həbs edilən Saleh Rüstəmlinin ailə üzvləri də orada 90 nəfər məhkumun koronavirusa yoluxduğunu eşidib. Bu barədə Meydan TV-yə danışan ailə üzvlərinin sözlərinə görə, Ədliyyə Nazirliyi 13 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlardan 33 nəfərin yoluxduğunu açıqlayandan sonra ora maska, əlcək və dərmanlar aparıblar. Lakin qəbul etməyiblər: “Amma əvvəl götürmüşdülər. Hələ martda eşitmişdik ki, orada gündə 2-3 dəfə huşunu itirənlər olur. Ancaq tədbir görülmürdü, məhkumlar yoxlanmırdı. Təxminən bir həftə əvvəl məhbuslar kütləvi şəkildə xəstələnib. Bundan sonra tədbir görməyə başlayıblar”.

Vaxtilə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanmış Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də orada şəraitin çox pis olduğunu bildirir. Hüquq müdafiəçisinin sözlərinə görə, o müəssisədə virusun kütləvi yayılması üçün münbit şərait var: “Orada ümumilikdə 8 barak var. Təxminən 80-100 kvadratlıq hər barakda 120-130 məhbus saxlanılırdı, bəzən say 150-yə çatırdı. Baraklar köhnə binalardır, havası təmizlənmir. Yay aylarında su çatışmazlığı olur. Su gəlmir, kanalizasiya problemi olurdu. 6, 7 və 8-ci barakların arxasında bir gölməçə var, yay-qış oradan çox pis üfunət gəlirdi. Ümumi bir ayaqyolu vardı, o da çox bərbad vəziyyətdə. Kiçik mətbəx vardı, eyni vaxtda orada 80-90 nəfər olurdu”.

A.Məmmədlinin sözlərinə görə, məhkumlar hətta ayrı-ayrı yataqxanalarda yatsalar belə, gündüzlər birlikdə olurlar. Çünki gündüzlər yataqxananın qapısı 2-3 saat açıq olur. Qalan müddətdə məhbuslar həyətdə olur.

Ana səhifəSosial“13 saylı cəzaçəkmə müəssisəsində koronavirusa yoluxanların sayı çoxdur”