Anar Nəcəfli: ”İntensiv yağışların təsirindən torpaq o qədər yaş olub ki, nəticədə sürüşmə baş verib”
Yeni istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb. Bu barədə məlumatı “salamnews.org” saytı yayıb. Məlumatda bildirilir ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb.
Bu yol 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirir.
Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a açıqlama verib. O bildirib ki, çökmə hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:
“Çökmə prosesi yolun 17-ci kilometrliyində baş verib. Yağan intensiv yağışlar nəticəsində yolun bir hissəsi çöküb. Hazırda həmin hissəsinin bərpası istiqamətində işlər aparılır. Eyni zamanda nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün xüsusi hissə salınır. Buna paralel olaraq yolun bərpası da davam etdirilir. Qeyd edim ki, ərazidə yağışlar hələ də davam edir”.
A.Nəcəfli deyib ki, həmin yol istifadəyə verilməyibmiş:
“Bu tikinti altında olan yoldur. Amma çökən hissəyə yeni asfalt vurulmuşdu. Ərazi, ümumiyyətlə, sürüşmə zonası da deyil. İntensiv yağışların təsirindən torpaq o qədər yaş olub ki, nəticədə sürüşmə baş verib”.
Meydan TV-nin araşdırmasına əsasən, çökən yola 2013-16-cı illərdə 13 milyon 200 min manat vəsait ayrılıb.
http://www.president.az/articles/8885
http://www.president.az/articles/13617