Yadigar Sadıqlı

Mənbə: Foto: Meydan tv

Başlıq: Yadigar Sadıqlı

13 admiralın ölümü

Haqqında danışdığımız hadisədə bu özəllik bir nəfərin həyatını xilas etdi, başqalarını isə ölümə sürüklədi

Sovet insanı olmağın bir sıra özəllikləri vardı. Bunlardan bəzilərini müasir gənclərin anlaması yəqin ki, xeyli çətindir. Məsələn, sovet insanı dünyanın müxtəlif ölkələrində baş verən faciələr, fəlakətlər haqqında məlumat ala bilirdi, öz ölkəsində olanlardan isə yox. Çünki sovet hökuməti belə hadisələr barədə məlumat verməyi nədənsə düzgün hesab etmirdi.

Nəticədə sovet vətəndaşları ya bu hadisələr haqqında tamam xəbərsiz qalır, ya da əksər hallarda qeyri-rəsmi yollarla məlumat alırdı. Sonuncu variant zamanı hadisənin səbəbi təhrif edilir, qurbanların sayı isə xeyli şişirdilirdi. Bununla da hökumət istədiyinin tam əksinə nail olurdu. Belə hadisələrdən biri 1981-ci il fevralın 7-də baş verən təyyarə qəzası idi.

***

Fevralın ilk günlərində Leninqrad hərbi-dəniz akademiyasında SSRİ-nin bütün hərbi donanmalarının rəhbər heyətinin iştirakı ilə toplantı keçirilirdi. Tədbir zamanı hərbi qüvvələr cəlb edilmədən, nəzəri komanda-qərargah təlimləri keçiriləcəkdi. Admiral Emil Spiridonovun rəhbərlik etdiyi Sakit okean donanması (SOD) da bütün rəhbər heyəti ilə birlikdə toplantıda iştirak edirdilər.

SOD Sovet İttifaqının ən böyük və ən güclü hərbi donanması idi. Təsadüfi deyil ki, təlimlərdə ən yaxşı nəticəni də onlar göstərdilər. Fevralın 7-də onlar yaxşı əhval-ruhiyyə ilə geriyə, Vladivostoka qayıdırdılar. Onları Leninqrad yaxınlığındakı Puşkin hərbi aerodromunda gözləyən Tu-104 təyyarəsi SOD komandanının çoxadamlıq xidməti təyyarəsi idi.

Sovet insanın daha bir özəlliyi pulsuz fürsətlərdən bacardıqca bəhrələnmək istəyi idi. Əslində hüquqları çatmayan belə imkanlardan istifadəyə sovet cəmiyyətində çox az adam pis baxırdı. Haqqında danışdığımız hadisədə bu özəllik bir nəfərin həyatını xilas etdi, başqalarını isə ölümə sürüklədi.

Xilas olan şəxs donanmanın baş qərargah rəisi, vitse-admiral Rudolf Qolosov idi. Onun qızı Murmanskda yaşayırdı. Şimal donanmasından gələnlər isə xidməti təyayrə ilə Murmanskın yaxınlığındakı Severomorska uçurdular. Qolosov belə fürsətdən yararlanmaq istədi, Spiridonov da ona icazə verdi.

təyyarə qəzası

təyyarə qəzası

Mənbə: Foto: arxiv

Belə özəllik Spiridonovun özünə də yad deyildi. Onun qızı, kürəkəni və nəvəsi Leninqradda yaşadıqlarından gələrkən arvadı Valentinanı da gətirmişdi. Hərçənd ki, qüvvədə olan təlimatlar mülki şəxslərin təyyarəyə buraxılmasını qadağan edirdi. İndi qayıdarkən arvadı da onunla idi və o, təyyarədə yeganə mülki şəxs deyildi.

SOD rabitə xidmətinin rəisi Aleksandr Morevin qızı Yekaterina Leninqradda ali təhsil alırdı və hazırda tətildə idi. Morev Spiridonovdan qızını da gətirməsini xahiş etdi və təbii ki, razılıq aldı. Bundan əlavə, təyyarədə Primorsk vilayətinin partiya komitəsinin birinci katibi Viktor Lomakinin arvadı, eləcə də Primorsk vilayət icraiyyə komitəsinin təchizat rəisi Nikolay Makarenkonun oğlu və gəlini vardı.

Uçuş günü hava o qədər də yaxşı deyildi: qar yağırdı və külək əsirdi. Amma bu, uçuş minimumundan aşağı deyildi. Buna görə də Tu-104 vaxtında, saat 18.00-da hərəkətə başladı. Təyyarə ilk baxışda uçuş zolağından normal qalxdıqdan sonra qeyri-normal hadisələr baş verdi.

Tu-104-ün burnu getdikcə yuxarı qalxırdı, üstəlik o, sağ qanadı tərəfə əyilirdi. Uçuşun başlamasından bir neçə saniyə sonra hərbçiləri yola salan yaxınlarının, o cümlədən Spiridonovun qızının və kürəkəninin gözü qarşısında təxminən 50 metr hündürlükdən yerə çırpıldı və dərhal yanmağa başladı.

Yanğınsöndürənlər və digərləri hadisə yerinə çatanda edəcək bir şey yox idi. SSRİ-nin bir başından digərinə, 6,5 min kilometr məsafəni qət etmək üçün doldurulan 30 ton yanacağı söndürmək mümkün deyildi. Bununla belə bir nəfər sağ adam tapıldı. Qəza zamanı pilot kabinəsində olan baş leytenant Valentin Zubarevi zərbə təyyarənin burun hissəsindəki şüşəli yerdən çölə atmışdı. Amma olduqca ağır xəsarətlər aldığından xəstəxanaya çatmadan keçindi.

Digər 49 nəfər (6 heyət üzvü və 43 sərinişin) isə dərhal həlak oldular. Onların arasında 1 admiral, 3 vitse-admiral, 9 kontr-admiral, 3 general, 12 birinci dərəcəli kapitan var idi. Murmanska uçan qərargah rəisindən savayı SOD-nın bütün rəhbərliyi bir anın içində məhv oldu. Müqayisə üçün bildirim ki, sovet-alman müharibəsi zamanı SSRİ cəmi 9 admiral (2 vitse-admiral və 7 kontr-admiral) itirib.

***

Təbiidir ki, qəzanın səbəbi kimi ağla ilk gələn diversiya ehtimalı oldu. Sakit Okean Donanması dərhal hərbi hazırlıq vəziyyətinə gətirildi. Hərbi Dəniz Qüvvələrinin Baş komandanı Sergey Qorşkov şəxsən Vladivostoka uçdu. Ancaq bir müddət sonra bu versiyanın əsassız olduğu anlaşıldı.

Növbəti versiya təyyarənin texniki nasazlığı idi. Tu-104 təyyarəsi etibarlı maşın sayılmırdı və 1979-cu ildə baş verən qəzadan sonra mülki aviasiyada istismarı dayandırılmışdı. Həmin qəza bir qədər indikinə oxşayırdı. Moskvadan Odessaya uçan sərnişin təyyarəsinin havaya qalxdıqdan dərhal sonra sol mühərriki yanmağa başladı və pilotlar hava limanına qayıtmaq istərkən yerə çırpıldı. Amma araşdırmalar bu versiyanı da təsdiq etmədi. Nəhayət, istintaq təyayrənin həddindən artıq yüklənməsi, üstəlik bu yükün baqaj yerində düzgün və etibarlı yerləşdirilməməsi səbəbindən qəzaya uğradığı qənaətinə gəldi.

Defisitin hökm sürdüyü SSRİ-də Moskva, Leninqrad kimi şəhərlər əyalət şəhərlərinə nisbətən daha yaxşı təchiz olunurdular. Buna görə də, buraya gələnlər imkanları çatdıqları qədər alış-veriş etməyə çalışırdılar. Üstəlik, Spiridonov donanmanın ehtiyacları üçün xeyli şeylər əldə etmişdi.

Qəzada həlak olanların xatirəsinə qoyulan abidə

Qəzada həlak olanların xatirəsinə qoyulan abidə

Mənbə: Foto: arxiv

Sərnişindaşımada yükün çəkilməsi və yerləşdirilməsi peşəkar əməkdaşların vəzifəsidir. Onlar bu zaman yükün bərabər paylaşdırılmasına, tərpənə biləcək şeylərin etibarlı bərkidilməsinə nəzarət edirlər. Puşkin hərbi aerodromunda isə belə xidmət nəzərdə tutulmamışdı. Sərnişinlər öz yüklərini özləri baqajda hara gəldi yerləşdirir, bu zaman tarazlığı gözləmək kiminsə ağlına gəlmirdi.

Bundan əlavə, yüklərin arasında SOD-nın ehtiyacları üçün nəzərdə tutulan iki ağır kağız rulonu var idi. İstintaqın gəldiyi nəticəyə görə hər biri 500 kq olan bu rulonlar yaxşı bərkidilməyiblər və təyyarə burnu bir qədər qalxan kimi hər ikisi arxaya gedərək tarazlığı kəskin pozublar. Nəticədə, təyyarə uçuş zolağından vaxtından əvvəl ayrılıb. Qara qutudakı məlumatlar da göstərirdi ki, Tu-104 üçün havaya qalxma sürəti 220 km/saat olduğu halda, şassilər zolaqdan ayrılanda sürət 185 km/saat olub.

***

SSRİ-də baş verən hadisə gizli saxlanıldı. Yalnız Müdafiə nazirliyinin orqanı olan "Krasnaya zvezda" qəzetində gedən kiçik nekroloqda "xidməti vəzifələrini yerinə yetirərkən Sakit okean donanmasının bir qrup admiralları, generalları, zabitləri, miçmanları, praporşikləri, matrosları və qulluqçuları həlak olub" yazılırdı.

Ölənlərin əksəriyyəti Leninqraddakı Serafimov qəbiristanlığında basdırıldılar. İki il sonra burada memorial ucaldılsa da, qəza haqqında məlumat yenə də yox idi. 2000-ci ildə üzərində "Xidməti vəzifələrini yerinə yetirərkən 7.02.1981-də həlak olanlar" yazıldı.

Qəzadan sonra Tu-104 təyyarəsi tamamilə istismardan çıxarıldı. Yenilənən təlimatlarda bütün komandir heyətinin eyni təyyarədə uçması qadağan edilirdi. Donanma komandanı və qərargah rəisi heç zaman eyni təyyarədə uça bilməzdilər. Bundan sonra yüklərin çəkisinə də nəzarət edilməli idi.

Lakin Murmanska qızının yanına getdiyinə görə sağ qalan vitse-admiral Qolosov sonralar Rusiya telekanalalrından birinə verdiyi müsahibədə xatırlayırdı ki, iki-üç ildən sonra bu qadağalara artıq əməl olunmurdu. Yeri gəlmişkən, Qolosov hələ də həyatdadır və 92 yaşı var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3hgm8o

Ən çox baxılan