Ərşad Hüseynov: ”Bu qərar qanunda əksini tapmayıb”
“Yol qəzalarında xəsarət dərəcələrinin ağırlığı narahatlıq doğurur. Əsas səbəb təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsidir”, – “Qafqazinfo”ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov belə deyib.
V.Əsədov bildirib ki, bu səbəbdən Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsinə yol polisi əməkdaşları tərəfindən diqqət artırılıb və qaydanı pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar:
“Ən vacib məsələlərdən biri də hərəkətdə olan avtomobillərin içərisində nəzarətsiz formada hərəkət edən uşaqların olmasıdır. Azyaşlı uşaqlar öndə, arxada, ortada oturur. Bu, yolverilməzdir, təhlükəlidir. Sürücülərdən xahiş edirik 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar”.
“Digesta” Hüquq Firmasının rəhbəri, ekspert Ərşad Hüseynov 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturması ilə bağlı qaydanın qanunsuz olduğunu deyib:
“Yol hərəkəti haqda qanunun 56-cı maddəsinin 9-cu bəndinə görə, 12 yaşlı uşaq yalnız öndə daşınarsa xüsusi oturacaqda oturmalıdır. Bu, arxa oturacaqlar üçün keçərli deyil. Buna görə heç kimi cərimələmək olmaz. Həmçinin, arxa oturacaqda daşınan uşaqlar üçün kəmər taxmaq da məcburi deyil”.
Ekspert deyir ki, qanunvercilikdə olan bir boşluğun da arxa oturacaqlarda daşına biləcək uşaqların sayının müəyyənləşdirilməməsidir:
“Yəni, istəsəniz arxa oturacağa 10-15 uşaq mindirə bilərsiniz. Sürücünün yanındakı sağ ön hissədə xüsusi oturacaq olmadan 12 yaşadək uşaqların daşınmasına görə İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndində 60 manat cərimə və 3 bal cəza nəzərdə tutulub”.