12 temmuz bəyannaməsi və sonrası

İstefalar və çıxarılmalar Demokrat Partiyasının TBMM-də təmsilçiliyini az qala yarıbayarı azaltdı.

Foto: Meydan Tv


Bəyannamədən ilk faydalananalar həbs edilən qəzetçilər oldular

70 il öncə Türkiyə Cümhuriyyətində çox önəmli bir hadisə baş verdi. 1950-ci ilin mayında keçirilən seçkilər nəticəsində ilk dinc hakimiyyət dəyişikliyi həyata keçdi: müxalif Demokrat Partiyası (DP) iqtidar oldu, Cümhuriyyət Xalq Partiyasının (CHP) 27 illik fasiləsiz iqtidarı başa çatdı. Bundan 60 il öncə, 1960-cı ilin mayında isə DP iqtidarı hərbi çevriliş nəticəsində devrildi. Bu diqqətəlayiq hadisələrə bir neçə məqalə həsr etməyi qərara aldım. Bu məqalə onlardan üçüncüsüdür.

***

Yaranmasından düz bir il sonra, 1947-ci il yanvarın 7-də Demokrat Partiyasının I qurultayı öz işinə başladı. Beş gün davam edən tədbirdə bir çox iştirakçılar, xüsusən da gənclər radikal çıxışlar etdilər. 1946-cı il seçkilərini xatırladaraq qanuni vasitələrlə hakimiyyətə gəlməyin mümkünsüzlüyünü irəli sürdülər. Bu gənclərin arasında Əhməd Ağaoğlunun oğlu Samet Ağaoğlu da vardı. Osman Bölükbaşı İnönünü "Kızıl sultan" (qanlı sulltan – Y.S.) adlandırırdı.

Cəlal Bayar, Adnan Menderes və başqaları daha mülayim mövqe tuturdular. Menderes öz çıxışında "Biz bu partiyanı yalnız qanun yollarından yürümək şərti ilə qurduq" dedi. Bayar da "Siz kəsə yolla getmək istəyirsiniz, qılıncınız kəskin olsun. Biz hüquq yollarından ayrılmayacağıq" söylədi.

Səsvermədə iştirak edən 548 nümayəndədən 541-nin səsini qazanan Bayar yenidən Genel başqan seçildi. Nizamnaməyə görə onun avtomatik üzv olduğu Mərkəzi İdarə Heyətinə başqa seçilənlər bunlar idi (siyahı toplanan səs çoxluğuna görə verilir): Emin Sazak, Adnan Menderes, Refik Koraltan, Fuat Köprülü, Refik Şevket İnce, Fevzi Lütfü Karaosmanoğlu, Camal Tunca, Yusuf Kamal Tengirşenk, Ahmet Tahtakılıç, Ahmet Oğuz, Enis Akaygen, Samet Ağaoğlu, Cemal Ramazanoğlu, Hasan Dinçer.

Qurultayın yaratdığı xüsusi bir komissiya səslənən təkliflər və tələblər əsasında "Hüriyyet misaki" deyilən bir sənəd qəbul etdi. Sənəd aşağıdakı tələbləri əks etdirirdi: 1. Vətəndaş hüquq və azadlıqlarına zərər vuran və konstitusiyanın ruhuna və mətninə uymayan qanunların ləğvi (o zaman Türkiyədə Konstitusiya məhkəməsi yox idi – Y. S.) 2. Vətəndaşın səsinin toxunulmazlığını və xalq hakimiyyəti prinsipini təminat altına almaq üçün seçki qanunlarının dəyişdirilməsi. 3. Eyni adamın həm Prezident, həm də partiya başqanı ola bilməməsi müddəasının qəbulu. Komissiya bu tələblərin qəbul olunmayacağı təqdirdə partiyanın deputat qrupunun parlamentdən çəkiləcəyini bildirirdi.

Qurultayda səslənən kəskin fikirlər iqtidarda Baş nazir Pekerin də daxil olduğu sərt xətt tərəfdarlarının fəallaşmasına səbəb oldu. Onlar prezident İnönünü öz tərəflərinə çəkmək, yenidən təkpartiyalı sistemə qayıtmaq üçün xeyli cəhd göstərdilər. Hətta Çankayada axşam yeməklərinin birində "Bunlar sui-qəsd belə edərlər" iddiası səsləndi. Amma İnönü cavabında "Mümkündür. Bu təqdirdə belə Demokrat Partiyasını qapatmayasınız. Başçılarını cəzalandırarsınız, qalanlarına toxunmazsınız" dedi.

İnönü özü də "Hürriyyet misaki" deyilən sənəddən razı deyildi. Onun fikrincə DP təhdid yolu ilə parlamentə qanun qəbul etdirmək istəyirlər, bu isə yolverilməzdir. Yəni, İnönünün narazılığı sənəddə əks olunan tələblərə görə deyildi, həmin tələblərin qəbul olunmayacağı halda parlamenti boykot etmək hədəsinə görə idi.

İnönünün yumşaq mövqeyinə baxmayaraq, hökumətlə müxalifət arasında gərginlik yüksələn xətlə inkişaf edirdi ki, bunda da əsas səbəb Baş nazirirn yürütdüyü siyasət idi. Hətta CHP daxilində bu siyasətdən narazı olanlar vardı. "35-lər qrupu" adını alan bu üzvlər Pekerin dəyişdirilməsinin tərəfdarı idilər.

Aprelin 6-da 4 vilayətdə ara seçimləri keçiriləcəkdi. İstanbulda 6, Tekirdağ, Balıkəsir və Kastamonuda hərəsində 1 olmaqla 9 yeni millət vəkili seçiləcəkdi. DP ədalətsiz seçki qanunlarının dəyişmədiyini əsas gətirərək ara seçkilərində iştirak etməmək qərarı verdi. Recep Peker buna sərt reaksiya verərək syasi partiyanın vəzifəsinin seçkilərə qatılmaq olduğunu söylədi, seçkilərə qatılmayan partiyaları və onları dəstəkləyən qəzetləri istiqlal məhkəmələri ilə hədələdi.

İstiqlal məhkəmələri fasilələrlə 1920-1927-ci illərdə fəaliyyət göstərən inqilabi tribunalalr idilər, xüsusilə ağır cinayətləri araşdırırdılar. Onların məşum şöhrətinə baxmayaraq, DP seçkilərə qatılmadı və yeni 9 mandatın hamısını CHP qazandı.

Aprelin 18-də Adnan Menderes DP-nın İzmir təşkilatının toplantısında iqtidarı sərt tənqid etdi, seçkilərin saxtalaşdırıldığını, məmurların xalqa təzyiq etdiyini, idarəçiliyin polis rejimi olmasını söylədi. Həmin çıxışı İzmirin "Yeni Asir" və "Demokrat İzmir", Ankaranın "Küvvet", İstanbulun "Demokrasi" və "Tasvir" qəzetləri paylaşdı.

Hökumətin buna reaksiyası sərt oldu. İkinci dünya müharibəsi dövründən hələ də hərbi vəziyyətin hökm sürdüyü (23.12.1947 tarixində qaldırıldı) İstanbulda çıxan qəzetlər dərhal bağlanıldı, digərləri haqqında cinayət işi qaldırıldı. Bu qəzetlərdə çalışan 8 nəfər (o cümlədən "Küvvet"in əməkdaşı Samet Ağaoğlu) həbs edildilər. Eyni zamanda Menderesin toxunulmazlığının ləğvi üçün TBMM-ə müraciət edildi.

***

İqtidar və müxalifət arasındakı gərginliyin artmasını bir çoxları narahatlıqla izləyirdilər. Onlardan biri hələ Osmanlı dövründə İttihad və Tərəqqi hökumətinin nüfuzlu üzvlərindən, 1931-1946-cı illərdə parlament üzvü olmuş Halil Menteşe idi. O, İsmət İnönüyə yazdığı açıq məktubda vasitəçi və hakim roluna yiyələnrək siyasi atmosferi yumşaltmağa çağırır. Başqa analoji müraciətlər də oldu.

İnönü özü də gedən proseslərdən razı deyildi. O, mayın 7-də və 8-də Çankaya köşkündə Peker və Bayarın görüşünü təşkil etdi. Amma bu görüşdən bir nəticə çıxmadı. İyun ayında İnönü bir neçə dəfə Bayarla təkbətək, bir dəfə də Pekerlə birlikdə görüşdü.

DP-nin Sivas təşkilatının konqresində bu görüşlər haqqında məlumat verən Bayar prezidentdən müxalifətə basqıları dayandırmağı xahiş etdiyini, hökumətin də bunu vəd etdiyini söylədi. Bu açıqlama Baş nazir Pekerin etirazına səbəb oldu. O iyulun 1-də mətbuata verdiyi açıqlamasında basqını qaldıracağını vəd etmədiyini söylədi, çünki, onun sözlərinə görə, heç bir basqı yox idi. Bayar da öz növbəsində Peker hökumətinin "ölkəni demokratik inkişaf baxımından geriyə götürdüyünü və zehniyyətinin siyasi irticaya çox müsaid olduğunu" söylədi.

Belə olduqda, İsmət İnönü təşəbbüsü öz üzərinə götürməyi qərara aldı. İyulun 5-də Bayarla görüşən prezident yaymaq istədiyi bir müraciətin mətnini ona verərək partiyasının münasibətini bilmək istədi. Bu müraciətdə İnönü "Dövlət rəisi olaraq hər iki partiyaya bərabər" yanaşdığını söyləyir, iqtidar və müxalifətlə görüşlərindən danışır və onlardan gözləntilərini açıqlayır. Sənəddə hər iki tərəfin mövqeyində ifratçılıqla yanaşı haqlı məqamların da olduğu vurğulanır, "qanuni siyasi partiyalara tərəfsiz və bərabər yanaşma məcburiyyəti siyasi həyat əmniyyətinin təməl şərtidir" deyilirdi. Prezident bəyannamədə "Müxalifət təminat içində yaşayacaq və iqtidarın onu əzmək niyyətində olmadığından arxayın olacaqdır. İqtidar da müxalifətin öz qanuni haqlarından başqa bir şey düşünmədiyindən əmin olacaqdır" deyirdi.

Bəyannamə layihəsi iyulun 10-da Demokrat Partiyasının İdarə Heyətində müzakirə olundu. Əksəriyyət sənədi yüksək qiymətləndirdi. Yusuf Kamal Tengirşenk, Ahmet Tahtakılıc və Ahmet Oğuz kimi daha radikal mövqe tutanlar isə əleyhinə çıxdılar. Onlar "Hürriyyet misaki"ndə əks olunan kimi prezidentin CHP-dən istefa verməsini tələb edirdilər. Müzakirələrdən sonra iki nəfərin mövqeyi yumşaldı, yalnız Tengirşenk əleyhinə səs verdi.

Türkiyə tarixində çox önəmli yeri olan bu sənəd iyulun 11-də radio və Anadolu Ajansı tərəfindən yayımlandı, ertəsi gün isə qəzetlərdə çıxdı. Buna görə də "12 temmuz bəyannaməsi" adını qazandı. Bəyannamə Türkiyənin təkpartiyalı sisteminin birmənalı şəkildə arxada qalmasının, çoxpartiyalılıqdan geri dönüşün mümkünsüzlüyünün sübutu oldu. İsmət İnönü şəxsən bunun təminatçısı kimi çıxış edirdi.

Baş nazir Recep Peker bəyannamədən məmnun deyildi. Sənəd bir tərəfdən onun görüşlərinə uyğun deyildi, digər tərəfdən isə onun iddialarının əksinə olaraq, sətiraltı da olsa müxalifətə basqıların mövcudluğunu etiraf edirdi. Buna görə də bir müddət hökumətin prezident qarşısında deyil, parlament qarşısında məsul olduğunu deyib müqavimət göstərməyə çalışdı. Amma sentyabrın 9-da istefa verməli oldu. Ertəsi gün Hasan Saka yeni Baş nazir oldu. Onun hökumətində müxalifətə qarşı sərt xətt tərəfdarlarından kimsə yox idi.

***

12 temmuz bəyannaməsindən ilk faydalananalar yuxarıda həbsindən bəhs etdiyim qəzetçilər oldular. Avqustun 9-da İzmir məhkəməsi onlara bəraət verdi. Menderesin toxunulmazlığının ləğvi barədə müraciətə fevralda cavab verildi. Parlament komissiyası toxunulmazlığın ləğvi üçün əsas görmədiyini açıqladı.

Sentyabrın ortalarında İnönü bəzi yaxın adamları və qızı ilə birlikdə qatarla bəzi vilayətlərə gəzintiyə çıxdı. O, DP-dan da bir nəfərin onun müşayiət etməsini istədi. Partiyanın qərarına əsasən Muğla millət vəkili Nuri Özsan prezident qafiləsinə qoşuldu. İnönü getdiyi hər yerdə dövlət məmurlarından hər iki partiyaya bərabər münasibət göstərmələrini tələb edirdi. O, həm də CHP və DP-nin yerlərdəki təşkilatlarına da baş çəkirdi.

Səfərin başlanğıcında kuryoz bir hadisə baş verdi. Birlikdə yemək yeyərkən İsmət İnönünün zəhmi Özsanı o qədər basdı ki, həyəcanı ilə bacarmayıb ürəyi getdi. Sonra isə daha sərbəst oldu və prezidentə belə bir əhvalat danışdı: "Bir dayım var, qatı CHP-lidir. Sizin partiyanın ilçe başqanı mənə xəbər göndərib ki, o tərəflərə getsəm, ayağımı sındıracaq. Mən də neçə vaxtdır ki, dayıma baş çəkə bilmirəm". İnönü bu əhvalata qəhqəhə ilə cavab verdi. İnönü Ankaraya döndüyündə dəmiryolu vağzalında qarşılayanlar arasında Fuat Köprülü olmaqla DP-lilər də vardı.

Hasan Saka hökumətin fəaliyyət proqramını Məclisə təqdim etməzdən öncə tanış olmaq və incələmək üçün Demokrat Partiyaya təqdim etdi. Bu da lütfkar bir jest idi. Bundan əvvəlki məqaləmizdə Peker hökumətinin öz proqramını araşdırmaq üçün müxalifətə vaxt vermədiyindən bəhs etmişdik.

Oktyabrın 17-də hakim Cümhuriyyət Xalq Partiyasının VII qurultayı başladı və tam 19 gün davam etdi. İnönü Türkiyənin daha təkpartiyalı dövlət olmadığını və özünün də partiyalarüstü bir mövqe tutmalı olduğunu bildirdi: "Buna görə də qurultayın məni genel başqan seçməməsi doğrudur. Şayət seçərsə, bu vəzifəni faktiki yerinə yetirəcək ayrıca bir genel başqan vəkili olmasına və ona bütün səlahiyyətlərin verilməsinə zərurət vardır.1950-ci ildə keçiriləcək parlament seçkilərini də o vəkil idarə edəcəkdir".

Qurultay bu təklifləri nəzərə aldı və nizamnamədə uyğun dəyişikliklər edildi. İsmət İnönü yenidən genel başqan seçildi. Genel başqan vəkili seçimini isə Hilmi Uran qazandı. O, 328 səs toplayaraq Recep Pekerə (159 səs) və Hüseyn Cahit Yalçına (45 səs) qalib gəldi.

CHP artıq təkpartiyalı dövr olmadığı və xalqın rəğbətinə, səsinə ehtiyac duyması üzündən bir sıra addımlar atdı. Bu addımlar daha çox iqtisadiyyatda yürüdülən etatizm (dövlətçilik) və dinə münasibət sahəsinə aid idilər. Hər iki sahədə xeyli yumşalmalar oldu. Bu da növbəti illərdə Ankara universitetində ilahiyyat fakültəsinin açılması, imam-hatip kurslarının bərpası şəklində təzahür etdi.

***

Demokrat Partiyasında heç də hamı baş verənlərdən məmnun deyildi. Daha radikal xətt tərəfdarları hökumətlə bu mehribanlıqdan heç də məmnun deyildilər və bunu, bizim indiki siyasi terminologiya ilə desək, "konstruktiv müxalifətçilik" hesab edirdilər. Aşırı radikal mövqe tutan Osman Bölükbaşı DP-dan istefa verən ilk şəxs oldu.

Yanvar ayında isə Sadik Aldoğan, Kemal Silivrili, Necati Erdem, Mithat Sakaroğlu və Osman Nuri Köni xaric edildilər. Mərkəzi İdarə Heyətinin altı üzvü (Ahmet Oğuz, Ahmet Tahtakılıç, Emin Sazak, Enis Akaygen, Hasan Dinçer, Yusuf Kemal Tengirşenk) qurumdan istefa verdikdə, onlar da xaric edildilər. Onlardan dördü TBMM üzvü idi.

On millət vəkili – Ali Rıza Kırsever, Asım Gürsu, Bahaeddin Öğütmen, Behçet Gökçen, Fethi Ekrimçağ, Haydar Aslan, Mehmet Aşkar, Mehmet Öktem, Şahin Laçin və Hazım Bozca DP rəhbərliyini diktatorluqda qınadılar və onlar da xaric edildilər. Daha bir nəfər, Mustafa Enver Kök öz istefa verdi.

1946-cı il seçkilərində DP-nin siyahısından müstəqil namizəd kimi deputat seçilən marşal Fevzi Çakmak da Cəlal Bayarın "Devr-i sabik yaratmayağız" (yəni hakimiyyətə gəldikdə olub keçənlərin hesabını sormayacağıq) deməsindən sonra DP-dən uzaqlaşdı. Marşalın İnönü ilə köhnə ədavəti vardı. 1948-ci ilin iyulunda o, Osman Bölükbaşı, Enis Akaygen, Sadik Aldoğan və başqa keçmiş DP-lilərlə birlikdə Millət Partiyasını yaratdılar. Partiya iqtidar qədər DP-ni də tənqid edir, onu satqınlıqda qınayırdı.

İstefalar və çıxarılmalar Demokrat Partiyasının TBMM-də təmsilçiliyini az qala yarıbayarı azaltdı. Amma DP parlamentdə zəifləsə də, ölkə üzrə güclənməkdə idi. Daha radikal mövqe tutanların uzaqlaşdırılması nəticəsində iqtidar ilə münasibətlərin yumşalması, basqılardan azad olması partiyaya bütün ölkə üzrə sərbəst fəaliyyət göstərmək və təşkilatlanmaq imkanı yaratdı.

Ana səhifəXəbərlər12 temmuz bəyannaməsi və sonrası