12 ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan olunub

Fotokollaj: Meydan TV

7 ölkənin vətəndaşları üçün isə müəyyən məhdudiyyətlər tətbiq edilib

Prezident Donald Tramp 2025-ci il iyunun 4-də yeni bir fərman imzalayaraq, 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini tamamilə qadağan edib və daha 7 ölkənin vətəndaşları üçün müəyyən məhdudiyyətlər tətbiq edib.

Bu qərarın təhlükəsizlik məsələləri və viza şərtlərinin pozulması səbəbilə qəbul edildiyi bildirilir.

Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan edilib.

Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuelaya isə müəyyən məhdudiyyətlər tətbiq ediləcəyi məlum olub.

Qadağa iyunun 9-da qüvvəyə minəcək.

Yeni səyahət qadağası Trampın yanvarda imzaladığı icra əmrinə əsaslanır. Bu əmrdə Dövlət Departamenti, Daxili Təhlükəsizlik Departamenti və Milli Kəşfiyyat Direktoruna ABŞ-yə qarşı “düşmən münasibətləri” ilə bağlı hesabat hazırlamaq tapşırılmışdı.

Həmçinin icra əmri müəyyən ölkələrdən ABŞ-yə girişin milli təhlükəsizlik riski yarada biləcəyi barədə qiymətləndirmə aparmağı nəzərdə tuturdu.

Tramp əvvəlki Prezidentliyi dövründə də ayrı-ayrı ölkələrin vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmışdı.

Həmin səyahət qadağası, əsasən, müsəlmanların yaşadığı yeddi ölkənin – İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmənin vətəndaşlarını əhatə edirdi.

Ana səhifəDünya12 ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan olunub