12 nəfər “Qarabağ məhbusu”na hökm oxundu

Onların arasında AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli, partiya fəalları Seymur Əhmədzadə, Müşfiq Quliyev, Elnur Cabbarlı və digərləri də var.

Source: Specify Source


Şərti cəzaya baxmayaraq, təqsirləndirilənlər hökmdən narazıdılar və apelyasiya şikayəti verəcəklər

Tovuz istiqamətindəki döyüşlərdən sonra, 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşüylə bağlı daha 12 nəfərə hökm oxunub. Onların arasında AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli, partiya fəalları Seymur Əhmədzadə, Müşfiq Quliyev, Elnur Cabbarlı və digərləri də var.

İyunun 21-də Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin çıxardığı hökmə əsasən, Asif Yusifli və daha 11 nəfər yürüş zamanı Milli Məclisin binasına qanunsuz daxil olma, binaya və oradakı əşyalara ziyan vurma, ərazidə polis avtomobilinin aşırılması və s. əməllərdə təqsirli bilinib. İddia olunub ki, Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) maddələrilə ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. Lakin məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini məqsədəuyğun hesab edib.

Təqsirləndirilən şəxslərin ev dustaqlığında olduqları müddət də onlara təyin edilən cəzadan çıxılmaqla, AXCP funksionerlərindən Asif Yusifliyə 3 il 6 ay 25 gün, Elnur Cabbarlı, Müşfiq Quliyev və Elvin Məmmədova 3 il 1 ay, Seymur Əhmədzadəyə 2 il 6 ay 25 gun şərti cəza verilib.

Təqsirləndirilən şəxslərdən Taleh Məmişov 3 il 6 ay 25 gün, Naxçıvan daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də daxil olmaqla, digərləri isə 3 il 25 gün şərti şərti azadlıqdan məhrum edilib.

Şərti cəzaya baxmayaraq, təqsirləndirilənlər hökmdən narazıdılar və apelyasiya şikayəti verəcəklər. Onlar günahsız olduqlarını deyirlər və bəraət hökmü çıxarılmasını istəyirlər.

AXCP sədri Əli Kərimli hesab edir ki, hökumətin məqsədi şərti cəzalarla cəbhəçiləri nəzarət altında saxlamaqdır:

“Rejim çox aydın şəkildə nümayiş etdirir ki, məqsədi Qarabağ yürüşü bəhanəsindən istifadə edərək AXCP funksionerlərini şərti məhkum etmə hökmlərilə nəzarətdə saxlamaqdır. Rejimin bu qərarı bir tərəfdən onun Milli Şura-AXCP birliyindən və birliyin təşkil edəcəyi mitinqlərdən qorxusunun etirafıdırsa, digər tərəfdən də xalqı saymadığının bir sübutudur. İlham Əliyev nəyə görə hesab edir ki, AXCP funksionerləri təşkilatçılıq etməsə, xalqımız özü kütləvi dinc etirazlar təşkil edə bilməz? Əminəm ki, xalqımız öz aktiv və kütləvi mübarizəsilə rejimə sübut edəcək ki, xalqımız haqda səhv düşüncədə olub”.

2020-ci ilin iyulunda keçirilmiş yürüşlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş və şərti olaraq, “Qarabağ məhbusları” adlandırılan 36 nəfərin işi 3 qrupa bölünüb. AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmlinin də daxil olduğu daha 12 nəfərin də daxil olduğu daha bir qrupun məhkəsiməsi bir həftə öncə başa çatıb. Onlara da şərti cəza verilib. Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirova da bugünlərdə eyni ittihamlarla hökm oxunub. Ona da eyni cəza verilib. 12 nəfərlik daha bir qrupun məhkəməsi isə davam edir.

Ana səhifəSiyasət12 nəfər “Qarabağ məhbusu”na hökm oxundu