12 günlük işdən ömürlük əlil kimi ayrıldı

Cavanşir Qasımov 12 gün işlədiyi şirkətdən bir qolunu itirməklə və başından aldığı xəsarətlərlə ayrılıb. İş zamanı onu elektrik cərəyanı vurub. Təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən gənc 9 ay yatılı müalicə alıb.

Cavanşirin anası deyir ki, hər dəfə şirkət rəhbərindən dava-dalaşla oğlunun müalicəsi üçün 200, 300 manat alıb. Amma bu vəsait oğlunun sağalması üçün bəs eləməyib.

Cavanşir Qasımov 2015-ci ildə “AN-MEDİA” şirkətində işə başlayıb. Onunla əmək müqaviləsi imzalanmayıb. İşlədiyi ərazidə də üzərinə nəzarətçi təyin edilməyib. Ailə şirkətdən məhkəməyə şikayət edərək onlardan 100 min manat təzminat tələb edib.

Qaradağ rayon Məhkəməsi şirkət rəhbərinə iki il icbari iş cəzası verib. Onun maaşından 20 faiz dövlətə vergi tutulub. Zərərçəkənin təzminat tələbi təmin olunmayıb. Qərardan verilən kassasiya şikayəti iyulun 4-də yenidən Apelyasiya Məhkəməsinə qaytarılıb.

Şirkətin direktoru İlqar Şahhüseynov bildirib ki, Cavanşir Qasımovun müalicəsinə yardım göstərib. İranda müalicə xərclərini qarşılamağa hazır olsa da, ailə razılaşmayıb.

Elmira Qasımova isə deyir ki, oğlunun müalicəsi yüz min manatdan çox vəsait tələb edir. Bu məbləği də şirkət ödəmək istəmir.

28 yaşında birinci qrup ömürlük əlil olan Cavanşir Qasımovun bir istəyi var, canındakı ağrılar getsin.

Ana səhifəVideo12 günlük işdən ömürlük əlil kimi ayrıldı