“12-ci yer vakantdır”: Berlində 11 siyasi məhbus qadının portretlərinin sərgisi keçirilib

Berlində Azərbaycanda və Gürcüstanda həbsdə olan qadın jurnalist və fəalların portretlərinin nümayiş etdirildiyi sərgi keçirilib.

Sərgi “Free voices collective e.V.” tərəfindən təşkil olunub. Portretlərin müəllifi Berlində yaşayan azərbaycanlı rəssam Fidan Axundovadır. 

“Məni 12 siyasi məhbus qadının portretlərini çəkmək üçün dəvət ediblər. Nəticədə biz 11 portret çəkmək qərarına gəldik. Biri boşdur. Bu, ona işarədir ki, Azərbaycanda bu gün insan istənilən post yazmaqla belə həbsxanaya düşə bilər. Yəni bu yer vakantdır, 12-ci yer”, – Fidan Axundova Meydan TV-yə müsahibəsində deyib. 

Portretlərdə Gürcüstandan olan iki və Azərbaycandan 9 siyasi məhbus qadın əks olunub: gürcü fəal Nino Dataşvili, “Netqazeti” və “Batumelebi” saytlarının həmtəsisçisi Mzia Amağlobeli, AbzasMedianın üç əməkdaşı və Meydan TV işi üzrə həbs olunan 6 qadın jurnalist.

Həmin portretlərin əks olunduğu post-kartlar da çap olunaraq, sərgidə nümayiş olunub.

“Bu sərginin hər bir qonağı xanımlara məktub yaza bilər. Həmin məktubları biz ünvanına çatdıracağıq. Bunu onun üçün edirik ki, xanımlar unudulmadıqlarını bilsinlər”.

Ana səhifəXəbərlər“12-ci yer vakantdır”: Berlində 11 siyasi məhbus qadının portretlərinin sərgisi keçirilib