119 uşaq infeksiya ehtimalı ilə xəstəxanaya aparılıb

Onların sudan zəhərləndiyi güman edilir

Source:


Onların sudan zəhərləndiyi güman edilir

Son üç gündə 119 uşaq infeksiya ehtimalı ilə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Müraciətlərin çoxu halsızlıq, zəhərlənməyə bənzər əlamətlərlə əlaqədardır.

Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları şəhər Uşaq Xəstəxanasında olublar.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev APA-ya deyib ki, müraciət edənlər 2-5 yaş arası uşaqlardır:

“Ayın 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”.

O, bütün uşaqlardan nümunələr götürüldüyünü deyib:

”Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.

Ancaq valideynlər uşaqların sudan zəhərləndiyini deyirlər.

Ana səhifəXəbərlər119 uşaq infeksiya ehtimalı ilə xəstəxanaya aparılıb