111 yaşlı binanın sakini : Hər an səksəkə içindəyik, bilmirik bina indi uçacaq, ya bir saat sonra…

“Bu yaxınlarda döşəmə qəfil dağıldı, 2 yaşlı uşaq qurşağa kimi döşəmənin altına düşdü”

Source: Specify Source


“Bu yaxınlarda döşəmə qəfil dağıldı, 2 yaşlı uşaq qurşağa kimi döşəmənin altına düşdü”

“Yağış yağanda otaqlara vedrələr düzürəm, qapımı qıfıllayıram, azyaşlı uşaqlarımı da götürüb qohum evinə gecələməyə gedirəm. Yağış bitəndən sonra gəlib suları boşaldıram, qışın soyuğunda qapı-pəncərələri açıq qoyuram ki, nəmişliyin qoxusu evdən çəkilsin”.

Bunu Meydan TV-yə Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsindəki 5 saylı ünvanda yaşayan Elnarə Həsənova deyir. Onun sözlərinə görə, uzun illərdir ki, onlarla ailə qəzalı binada zülm içərisində yaşayır.

PHOTO-2021-03-24-11-56-30.jpg
Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsindəki 5 saylı ünvan

“Nə təmir edirlər, nə də adamları köçürürlər”

“Həm də zülmün yekəsidir, bu. Hər an səksəkə içindəsən, bilmirsən ki, bina başına indi uçacaq, ya bir saatdan sonra, ya sabah bu vaxt… Bir sözlə, sənin günün-güzəranın olmur, daim həyəcan içindəsən. 17 ildir ki, bu əzablar içindəyəm. Nə təmir-bərpa edirlər, nə də bizi köçürürlər ki, gedib rahat bir həyat quraq”, – Elnarə Həsənova deyir.

Bina 111 il əvvəl Bakının neft buxtasında işləyənlər üçün inşa olunub. Sakinlər deyir ki, indiyədək əsaslı təmir edilməyib. Dam örtüyü dağılıb, divarları aralanıb, döşəmələri, pilləkənləri çürüyüb, kommunikasiya xətləri tamamilə sıradan çıxıb.

PHOTO-2021-03-24-11-56-31.jpg
Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsindəki 5 saylı ünvan

“2 yaşlı uşaq döşəmənin altına düşmüşdü”

“Mətbəxin demək olar ki, döşəməsi yoxdur, çoxdan çürüyüb. Tavandan otağa da, mətbəxə də, hamama da su damır. Yağış yağanda gəlin, otaqların divarlarından suyun necə şırhaşırla axdığını özünüz də görəcəksiz. Bu yaxınlarda döşəmə qəfil dağıldı, 2 yaşlı uşaq qurşağa kimi döşəmənin altına düşdü. Elektrik naqilləri sarmaşıq kimi bir-birinə dolaşıb, qış aylarında tez-tez qısaqapanmalar olur. Dam örtüyündən danışmağa dəymir, dediyim kimi, yağış yağanda başqa qapılara sığınırıq. Bir sözlə, burda insan yaşamaz ki, biz çarəsizlikdən yaşayırıq”, – sakin deyir.

Sakinlər bütün dövlət qurumlarına müraciət ediblər. Ancaq münasib cavablar almayıblar:

“Hər yerə müraciət etmişik. Prezidentə, Birinci vitse-prezidentə məktublar yazmışıq. Səbail rayon İcra Hakimiyyətindən deyirlər, bu qəzalı binalar çoxdur, gərək gözləyəsiz. 111 ilin binasıdır, bircə dəfə də əsaslı təmir olunmayıb. Hər il 149 saylı Mənzil Kommunal İstismar İdarəsinə pul ödəyirik, ancaq hələ indiyədək dövlət gətirib divara bir mismar vurmayıb. Öz gücümüzə təmir edirik, ancaq mənası yoxdur. Bu bina sökülüb, təzədən tikilməlidir. Burda təmir keçmir. Bütün evləri rütubət, kif tutub”.

PHOTO-2021-03-24-11-56-28.jpg
Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsindəki 5 saylı ünvan

“FHN-yə müraciət etməlidilər”

Sakinlərin istədiyi odur ki, bu bina da pilot layihəyə daxil edilsin, sökülsün, yerində yenisi tikilsin, sakinlərə də yeni binada mənzil verilsin. Ancaq Səbail Rayon İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, binanın qəzalı olması ilə bağlı Fövqəladı Hallar Nazirliyinin rəyi yoxdur: “O  bina 1920-ci ildə istismara verilib. Qəzalı vəziyyətdə olması barədə heç bir aidiyyəti qurumdan rəy daxil olmayıb. Belə bir rəy olarsa, ona uyğun da addımlar atılar. Yaxşı olar ki, sakinlər ərizəylə  FHN-nin Tikintiyə Dövlət Nəzarəti Agentliyinə müraciət etsinlər. Agentliyin ekspertiza qurumu binaya baxıb rəy verməli, bundan sonra akt bağlanmalıdır”.

Ana səhifəSosial111 yaşlı binanın sakini : Hər an səksəkə içindəyik, bilmirik bina indi uçacaq, ya bir saat sonra…