”11-ci sinif şagirdləri arasında oxuya bilməyənlər var”

Nadir İsrafilov: ”4 ildən sonrakı nəticələr daha pis olacaq, çünki təhsil bugün kommersiya maraqlarına çevrilib”

Source:
Tələbə Qəbulu üzrə Dövlət komissiyası
Tələbə Qəbulu üzrə Dövlət komissiyası
Tələbə Qəbulu üzrə Dövlət komissiyası
Tələbə Qəbulu üzrə Dövlət komissiyası


Nadir İsrafilov: ”4 ildən sonrakı nəticələr daha pis olacaq, çünki təhsil bugün kommersiya maraqlarına çevrilib”

Azərbaycanda abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb.

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan balları müqayisə edilib: “Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.02 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 48.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.


«


Əla” qiymətini doğrultmayan “əlaçı”lar

«Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik» – məlumatda bildirilir.

TQDK-nın məlumatında bildirilir ki, qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir: «Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir.


Oxumağı bacarmayan şagirdlər var

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib. Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin”.

TQDK-ınxəbərinə görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub.

“Belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmaması nəzərə alınsa , yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar.

Belə şagirdlərin 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Sabirabad rayonunda 6 nəfər, Lənkəran rayonunda 4 nəfər, Hacıqabul rayonunda 3 nəfər, Tovuz rayonunda 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Astara rayonunda 12 nəfər, Sabirabad rayonunda 9 nəfər, Lerik rayonunda 8 nəfər, Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsində 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsində 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsində 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsində 1 nəfər”. – deyə TQDK-dan bildirilib.


Şagirdlərin biliyinin qiymətləndirilməsi mövcud standartlara uyğun deyil

TQDK bildirir ki, 2015-ci ildə keçirilən I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 59.3%-i 200-dən az bal toplayıb. Ötən il abituriyentlərin 59.3 faizi imtahandan “2”, 15.2%-i “3”, 17.8%-i “4”, 7.6%-i isə “5” qiymət alıb. 2014-cü ildə isə bu göstəricilər, uyğun olaraq, 64.7%, 13.6%, 15.7%, 6.0% olub.

Qeyd olunub ki, bu il “2” qiymət alanların faizi nisbətən azalıb, “3”, “4” və “5” qiymət alanların faizi artıb: “Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Ali məktəblərə qəbul olanların 34.1%-ni “3”, 45.6%-ni “4”, 19.6%-ni isə “5” qiymət alanlar təşkil edib. 2014-cü il bu göstəricilər, uyğun olaraq, 29.9%, 40.2%, 15.5% olub.

Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Bu qrup üzrə qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 9.4%-nin topladığı bal 20-dən aşağıdır. Nəzərə alsaq ki, buraxılış imtahanlarında doğru cavabların sayı ana dili və riyaziyyat fənlərindən 8-dən, xarici dil fənni üzrə 6-dan az olduqda qiymət “2” hesab olunur, bu halda qəbul olan abituriyentlər seçməsində “2” qiymət alanlar yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (30–40) bal diapazonunda yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (50–60) bal diapazonunda yerləşir.

Təəssüflə qeyd etmək lazımdır ki, bu il Sədərək, Xızı, Ağsu, Astara, Lerik, Xocalı, Xaçmaz, Ağdaş, Sabirabad, Yardımlı, Quba, Şəmkir və Goranboy rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.


“Sovet təhsil sistemindən tam çıxmadan sıçrayışla Qərb təhsilinə inteqrasiya etdik”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatını Meydan TV-yə şərh edən təhsil üzrə ekspert Nadir İsrafilov  bildirdi ki, orta təhsilin aşağı göstəriciləri neçə illərdir davam edir və getdikcə fərq kəskin xarakter alır.

Nadir Israfilov
Nadir Israfilov

Ekspert hesab edir ki, aşağı göstəricilər hələ davam edəcək, çünki qanunauyğun haldır: “Səbəblər çoxdur, hələ 1999-cu ildə prezident “Təhsil sahəsində islahat” proqramını təsdiqləyib. Sənəddə birmənalı şəkildə göstərilirdi ki, bu sahədə uzun illərdir toplanan potensialı saxlamaq, inkişaf etdirmək yoluyla məzmun və forma islahatları aparılmalıdır. Biz isə həmin potensialı inkişaf etdirmək əvəzinə, olanını da dağıtdıq. Yəni sovet təhsil sistemindən tam çıxmadan sıçrayışla Qərb təhsilinə inteqrasiya etdik. Təsəvvür edirsiniz, nə köhnə sistemdən qurtulduq, nə də Qərb modelini tam mənimsəyə bildik. Adi bir misal; mövcud sənədlərdə göstərilir ki, orta məktəbin vəzifəsi şagirdlərə sistemləşdirilmiş bilik, bacarıq və dərsliklər aşılamaqdır. Proqram çərçivəsində minimum və maksimum hədlər var ki, buna təhsildə dövlət standartları deyirlər, biz bunlara biganəlik göstərib orta təhsili ali məktəbə qəbul prosesinə çevirdik. Nəticədə şagirdlər sistemli biliklərdən məhrum oldu. Oxumayanlar onsuz da oxumadı, oxuyanlar da dar ixtisas üzrə  təhsil aldı. Beləliklə, sistem pozuldu”.



“TQDK-nin 5-700 ballıq qiymətləndirməsinin nə psixoloji, nə məntiqi mahiyyəti yoxdur”

Nadir İsrafilov deyir ki, “Təhsil sahəsində islahat” proqramında məzmun islahatları bölməsi olsa da, əlavə maliyyə cəlb etmək üçün kirikulum adlı islahat həyata keçirildi. Keçmiş nazirin burda əsas məqsədi əlavə maliyyə cəlb etmək idi. Bununla da kurrikulum düzgün dərk olunmadı və müəllimlər də kurrikulum yaxşı öyrənmədiyindən məktəb mühitinin dağıdıldığını açıq söyləmək olar. Bu yaxınlarda nazir Mikayıl Cabarov da problemlərin ciddi olduğunu etiraf etdi. Baxın, nə qədər hazırlıq kursları var və hər il də “göbələk” kimi artır, belə davam etsə, kurslar məktəblərdən çox olacaq. Başqa bir məqam sosial təbəqələşməylə bağlıdır, əhalinin müəyyən hissəsi imkanı daxilində övladına müəllim tutub oxudur, qalanı isə kütləvi savadsızlaşmaya məruz qalır.

O, TQDK ilə Təhsil Nazirliyi arasında olan qarşıdurmanın da təhsilə mənfi təsir göstərdiyini bildirdi: “Yeni nazir təyinatıyla da problem həllini tapmadı. Nazirlik TQDK-nı imtahanlara orta məktəbdə keçirilməyən əlavə suallar salmaqda ittiham edir. Əksəriyyət də məktəb proqramıyla yox, TQDK-nin hazırladığı test kitabçalarıyla imtahanlara hazırlaşır.  TQDK  da nazirliyi dərslikləri bərbad hazırlamaqda ittiham edir. Məni narahat edən məsələlərdən biri də TQDK-nın 5-700 ballıq qiymətləndirməsidir. Bu qiymətləndirmənin nə psixoloji, nə məntiqi mahiyyəti yoxdur. Necə olur ki, hər il orta məktəbləri 230-250 şagird qızıl medalla bitirir, amma 700 bal toplayanların göstəriciləri 12-13 nəfər olur, ən rekord göstərici ötən il oldu – 15 nəfər?! Deməli, bu qiymətləndirmədə müəyyən uyğunsuzluq var”.

Ekspert hesab edir ki, 4 ildən sonrakı nəticələr daha pis olacaq: “Çünki təhsil bu gün kommersiya maraqlarına çevrilib”.

Ana səhifəXəbərlər”11-ci sinif şagirdləri arasında oxuya bilməyənlər var”