Çingiz Sultansoy

Mənbə: Meydan TV

Başlıq: Çingiz Sultansoy

102 ilin xatirəsi

Azərbaycan-Türkiyə hərbi təlimiylə bağlı

“102 il sonra Türk Ordusu yenə Naxçıvanda!” başlıqlı videoda Naxçıvanın küçələrindən nizamla keçən türk hərbi hissələri, addımlayan düz əsgər sıralarına baxdım, məni də güvən və qürur bürüdü. Türkiyə Ordusu hissələri Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sazişinə görə gəlib, döyüş təlimi və manevləri keçirəcəklər. Türkiyə-Azərbaycan təlimləri beş gün əvvəl başlamış Rusiya ilə Ermənistanın hərbi təlim və manevlərinin cavabıdır.

Media xəbərləri və bu video, tanınmış müəllim olan və tələbəli tərəfindən qırx il sonra da unudulmayan atam Rüstəm Sultanovun 102 il əvvəl gözü ilə gördüyü, uşaq ağlı ilə qavradığı, mənə danışdığı önəmli tarixi hadisələri yadıma saldı. Erməni generalı Andranikin Naxcıvana uğursuz birinci hücumunu, - ikinci hücumu uğulu olmuşdu, şəhəri dağıdıb viran eləmişdi, amma babam artıq ailəsini şəhərdən çıxarmışdı, - şəhərin birinci mühasirəsi zamanı şahidi olduğu mənzərələri, özünün və başqa oğlan uşaqların bir neçə gün Naxçıvan bəylərindən birinə məxsus evin böyük zirzəmisində qalmasını, - nüfuzlu ailələrin gız-gəlini, arvadları ayrı zirzəmidə saxlanılırdı, kişilərsə səngərdə idi, - zurzəminin küncündə qalaq-qalaq yığılmış xalı-xalça, kilim, məfrəşlər, içidolu xurcunlar, zurzəmidəki həyacan və qorxu dolu ovqat, osmanlı ordu hissəsinin köməyə gəlməsi, onun alman toplarının gurultusu, Naxçıvanın xilas olunması, səkkiz yaşlı uşağın yaddaşında həkk olunan və mənə danışılan mənzərə, təfərrüat, söhbətlər yenə də xəyalımda canlandı. Zirzəmi və osmanlı hərbi hissəsinin köməyə gəlməsi olayını yazmışam, onlar 2006-cı ildə “Realnıy Azerbaydjan” qəzetində işıq üzü görüb.

Amma Andranikin qaçmasından sonra Naxçıvan şəhərində yerləşdirilən və bir müddət orada qalan türk qarnizonu, uzaq müsəlman kəndinə erməni silahlı dəstəsinin hücumu ilə bağlı danışdığı bir əhvalat qələmə alınmayıb. Elə onu xatırlayıb indi sizə danışmaq istəyirəm.

* * *

Şəhərdə qalan hərbi hissənin zabitləri hər günün birinci hissəsini əsgərlərlə təlim edir, axşamtərəfi boş vaxtlarını Naxçıvanın mərkəzindəki böyük aşxanada keçirirdilər. Bura gərargahın yeməkxanası kimi bir yer olmuşdu. Yeyir, çay içir, qəlyan, papiros, eşmə çəkir, nərd və kart oynayırdılar. Günlərin bir günü zabitlərin həmişə olduğu bu aşxanaya Naxçıvanın, yoxsa Ələyəz-Dərələyəzin, ya Zəngəzurun, dəqiq bilmirəm, hansısa dağ kəndindən bir neçə kəndli şikayətə gəlir.

Kəndlilər zəhmli-zabitəli yüzbaşıya danışırlar ki, kəndi erməni bandası tutub. Kəndi soyublar, qiymətli nə var qarət ediblər, özləri üçün ərzaq, atları üçün arpa-buğda ehtiyatı da götürüblər, amma çıxıb getməyiblər. İndi də kənddədirlər, yeyib-içir, dincəlir, kef edirlər, kəndlilərə də zülm edirlər, ah-nalə ərşə qalxır.

Quldurların kənddə kimisə öldürülüb-öldürülmədiyi, işgəncə verdiyi barədə atam bir söz deməmişdi. Bu söhbəti mənə 1960-cı illərin ortalarında, yeniyetmə çağlarımda eləmişdi. Ümumiyyətlə, atam belə ağır mətləblərdən bizə - oğlanlarına heç vaxt danışmazdı, xoşlamazdı, uşaq-yeniyetmə qəlbimizi yükləməzdi. İndi tarixdən bilirik ki, belə hallarda kişilər öldürülür, qadınlar zorlanırdı, ancaq o kənd üçün deyə bilmərəm. Eşitdiyim kimi, yadımda qalan kimi danışıram.

Kəndliləri dinləyən yüzbaşı yavərinə Osman çavuşu, - ad dəqiq yadımdadır, çox simvolik addır, - çağırmağı tapşırır, gələn kimi vəziyyəti ona qısaca anladıb və döyüş tapşırığı verir, axırda da əmr edir:

- Osman çavuş! İki əsgər götür, kəndə get!

Osman çavuş “Baş üstə!” – deyib təzim edəndə yüzbaşı ilə söhbətdən sonra ürəklənən kəndlilərdən biri gözlənilmədən etiraz edir:

- Ağa, qurban olum, səkkiz nəfərdilər! Hamısında tüfəng var, üçatılan, tapança! Bir çavuş, iki əsgər öhdəsindən necə gələcək?..

Yüzbaşı cavab vermədən, kəndli tərəfə heç baxmadan, “- Osman çavuş! Haydı, get!”, - deyib, yenə zərləri əlinə alır, yarımçıq qalmış oyuna qayıdır.

Osman çavuş bir daha təzim edib yenidən ümidsizləşən kəndlilərə “Gedək!” deyib aşxanadan çıxır.

Bir həftə sonra qayıdan Osman çavuş yüzbaşısına döyüş tapşırığının yerinə yetirilməsi barədə raport verib, Rusiya istehsalı yeddi tüfəng, bir neçə tapança, xəncəri təhvil verir, bir tüfəng, bir tapança, bir neçə xəncəri kəndlilərə payladığını, kəndlilərin səkkiz meyid quyuladığını məruzə edir. Əsgərlərdən yaralanan, burnu cızılan belə yox idi. Atam göstərmək istəmədiyi, amma sezdiyim daxili bir qürurla “Üçosmanlı əsgəri asanlıqla səkkiz erməni quldurunun axırına çıxdı” dediyi yaxşı yadımdadır. Sovet vaxtı idi, Xruşşov dövrü olsa da, türklərə rəğbətə görə pantürkizm ittiham və repressiyalardan çox da vaxt keçməmişdi, ürəklərdəki qorxu qalırdı, çəkilməmişdi, çəkilə bilməzdi də. 1930-cu illərdə atamın qohumu, Naxçıvanda yaxşı tanınan vəkil İbrahim Kəngərli həbs edilib “Solovki” həbs düşərgəsinə sürgün olunmuş, dünyadan köçmüşdü. Həmin məşhur, Soljenitsının “Arxipelaq QULAQ”ında ayrıca təsvir olunan “Solovki” ölüm düşərgəsi. Atamın özünü isə bir müddət hansısa osmanlı zabitinin, bəlkə də elə o yüzbaşının yavəri olan və ordu hissəsi Anadoluya qayıdanda onlarla birlikdə gedən gənc, “realnı uçilişenin” məzunu olan qohumuna görə «НКВД» - enkavedeyə bir neçə dəfə aparıb-gətirmiş, “Qohumun hardadır?” deyə sorğu-suala çəkmişdilər. (Həmin qohumu şəkildə görmüşəm, ancaq onun atamın Əliqulu dayısı olduğunu əmiqızım Dildar mübahisələndirir, ona gərə dəqiq deyə bilmərəm). Nə isə, atamı döyüblər, işgəncə veriblər, ya yox, bilmirəm. Bunu təzə öyrənmişəm, son yarım il ərzində burada - Almaniyada, qohumlar danışıb. Atam enkavededə istintaqa cəlb edildiyini, sorğu-suala çəkildiyini bizə heç vaxt açıb-ağartmamışdı, uşaqlarına belə bilgilərlə sovet hakimiyyətinə nifrət və ondan doğan problemlər yaratmaq istəməmişdi. Sovet quruluşu və dövləti o vaxtlar yenilməz, əbədi görünürdü, türklərə rəğbət göstərmək təhlükəli idi, səkkiz yaşlı atamı və deməli, bizim nəslimizi xilas edən türklərlə. Onların şücaətiylə qürur duymaq, öz türklüyünü anlayıb danışmaq belə təhlükəli idi. Qürurun gizlədilməsi bundan irəli gəlirdi.

Osmanlı ordusu haqqında, yüzillik keçmiş haqqında bu xatirəni, yeməkxanadakı söhbətin özünü atam eşitməmişdi, eşidə bilməzdi çox ehtimal, uşaq idi. Amma yavər olan o qohum babam Mövsün ağa Sultanovun (Kəngərlinin) evində, ailədə o söhbəti edə bilərdi, atam da eşidib, bilib, yadda saxlamışdı.

“102 il sonra Türk ordusu yenə Naxçıvanda!” videosunu görüb bütün bunları xatırladım, 102 il əvvəlki Naxçıvan küçələri, evləri, adamları, üzünü görmədiyim babam, keçən yüzilliyin 70-ci illərində rəhmətə gedən Şükufə nənəm özüm görmüş kimi gözlərim önündə canlandı, köməyə gələn Osmanlı Ordusunun Krupp - alman toplarının gurultusu qulağımda səsləndi.

Osman çavuşu və adını bilmədiyim iki türk əsgərini sonralar "Yeddi samuray" filminə baxanda da oxşarlıq görüb xatırlayırdım. Ən sevdiyim filmlərdəndir bu kino klassikası, Akira Kurosavanın köhnə, ağ-qara filmi, bizim “Yeddi oğul istərəm” filminin proobrazı. Bir kəndi terror edən quldur bandası və sayca onlardan 5-6 dəfə az, amma qalib gələn samuraylar. Osman çavuşun dəstəsi erməni dəstəsindən 2-3 dəfə az idi. Fərq ondadır ki, nəql etdiyim olay kino deyil, yaşanmış, atamı və deməli, məni, məndən sonra gələnləri xilas edən insanların həyatının bir parçası idi. Adi, bəlkə də o qanlı-qadalı illərdə dəfələrlə ağır səhnələr və döyüşlər içərisində itib-batmış, unudulmuş bir parçası. Amma Rüstəm adlı o oğlan uşaq böyüyüb qırx beş il sonra oğluna danışdı, mən də unutmayıb əlli yeddi il sonra sizə danışıram.

Allah sənə qəni-qəni rəhmət eləsin, üzünü görmədiyim Osman çavuş!

Nurlu xatirən, yenilməz ruhun qarşısında dizüstə durub baş əyirəm!

Sən mənimçün atamı, nənə-babamı xilas edən Osmanlı Ordusunun, hakimiyyətin bizə unutdurmaq istədiyi Azərbaycan Xalq Cümhuriyyətini yaradan Qafqaz Türk-İslam Ordusunun, çağdaş üçüncü respublikanı birinci tanıyan, bacardığı köməyi əsirgəməyən, iyirmi il öncə İran bizə buynuz göstərən andaca gələn "Türk yıldızlarının", şəhid generalımız Polad Həşimova təhsil verən Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin rəmzisən. Türkiyəlilərə bir ömür borcluyam! Bunu heç vaxt unutmaram, borcdan nə mən, nə uşaqlarım, nə də nəvərim çıxa biləcəyik.

Ürəyimdə yarım əsrdən çox gəzdirdiyim bu 102 ilin xatirəsini yazanda gözlərim doldu. Qocalmışam, kövrək olmuşam, deyəsən. Ya da kövrəklikdən deyil, bu, olayların özündəndir...

Çingiz Sultansoy

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zod6xb

Ən çox baxılan