100 milyona başa gələn eksperiment

İlham Əliyev sərəncam imzalayır (arxiv foto)

İlham Əliyev sərəncam imzalayır (arxiv foto)

Bəzi dövlət qurumlarının gərəksizliyi 10-12 ildən sonra bəlli olub

Prezident İlham Əliyev yanvarın 14-də imzaladığı fərmanla “Azərbaycan Respublikasında dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə” bir neçə qurumu ləğv edib. Ləğvin əsaslandırması da idarəçiliyi təkmilləşdirmək, büdcədən səmərəli istifadədir. Xoş məramdır. Ancaq bu qurumlar yaradılanda onların büdcəyə yük olacağını proqnozlaşdırmaq belə çətindimi? Bəs bu işə məsul qurumlar niyə perspektivsiz idarələrin, fondların, agentliklərin yaradılmasına qarşı çıxmayıb? Aradan uzun illər keçib, bu illər ərzində həmin gərəksiz qurumlara dövlət büdcəsindən milyonlara manat vəsait xərclənib. Məntiqlə indi həmin məsul qurumlar, onların başçıları, bu fondların, agentliklərin yaradılması təklifini verənlər, onların gərəkli olduğunu əsaslandıranlar niyə hələ də vəzifədədir? Büdcə talançılığına görə onlar məsuliyyətə cəlb olunmalı deyildimi?

Ləğv olunan, yaxud özünümaliyyələşdirməyə keçən bəzi qurumlarla bağlı məlumatlara birlikdə baxaq, əziz oxucu.

Tarif Şurası Katibliyi

Tarif Şurası 31 yanvar 2002-ci ildə yaradılıb. 26 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə qəbul olunub və bununla da Şuranın 33 nəfərlik katibliyi yaradılıb. Büdcə sənədlərində göstərilir ki, 2007-ci ildən bu katibliyin 33 nəfərlik ştatını saxlamaq üçün hər il vəsait ayrılıb. İllər üzrə bu vəsait aşağıdakı kimi olub:

2007- 279 min 1 manat
2008 – 251 min 767 manat
2009 – 363 min 557 manat
2010 – 347 min 465 manat
2011 – 381 min 790 manat
2012 – 354 min 472 manat
2013 – 344 min 457 manat
2014 – 333 min 659 manat
2015 – 415 min 115 manat
2016 – 469 min 129 manat
2017 – 510 min 957 manat
2018 – 521 min 625 manat
2019 – 616 min 604 manat.

Sonuncunu 22 dekabr 2018-ci ildə prezident 2019-cu ilin büdcəsini təsdiqləməklə ayırıb.

Ümumilikdə bu illər ərzində həmin qurumun saxlanmasına 5 milyon 189 min 598 manat xərclənib. İndi məlum olur ki, 13 ildə ayrılan bu vəsait səmərəsiz olub, büdcə pulu havaya sovrulub. Əslində, doğru qərardır, heç bir səlahiyyəti olmayan qurumu saxlamaq nəyə gərəkdir. Onsuz da qiymət artımı ilə bağlı qərarlar oğurluq, gecəykən verilir, o katiblik əməkdaşları belə bundan səhər yuxudan durandan sonra xəbər tutur.

Bilik Fondu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 7 may 2014-cü ildə yaradılıb. Ştat vahidi 20 nəfərdir. Bu quruma da 2015-ci ildən başlayaraq büdcədən vəsait ayrılıb.

2015 – 1 milyon 3 min 200 manat
2016 – 803 min 25 manat
2017 - 803 min 25 manat
2018 - 803 min 25 manat
2019 – 835 min 316 manat.

Ümumilikdə 3 milyon 241 min 992 manat büdcə vəsaitini bu fond yeyib.

Açığı, bu fondun hansı ciddi işləri gördüyündən xəbərsizəm. Görüşlər, regionlara səfərlər, anım mərasimləri... fondla bağlı xəbərlər, demək olar, ancaq bu tipli olur.

Elmin İnkişafı Fondu

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 21 oktyabr 2009-cu ildə yaradılıb. 10 nəfər ştat vahidi müəyyənləşib. 4 noyabr 2011-ci ildə bu fonda Prezidentin Ehtiyat Fondundan da 3 milyon manat ayrılıb.

Büdcədən isə 2010-cu ildən başlayaraq ayırmalar olub:

2010 – 7 milyon 22 min 400 manat
2011 – 7 milyon 35 min 79 manat
2012 – 7 milyon 34 min 930 manat
2013 – 7 milyon 47 min 480 manat
2014 – 7 milyon 960 min 548 manat
2015 – 7 milyon 585 min 697 manat
2016 – 7 milyon 525 min 505 manat
2017 – 500 min manat
2018 – 4 milyon 11 min 164 manat
2019 – 4 milyon 36 min 756 manat.

Bu illər ərzində fonda ayrılan vəsaitin ümumi həcmi 62 milyon 759 min 559 manatdır.

Yeri gəlmişkən, bu fondun elə layihə adları olur ki, onun nə inkişafa, nə də elmə dəxli var. Məsələn, fondun ilk layihələr verməsi 2010-cu ilin daşqınları vaxtına düşmüşdü. “Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpa edilməsi” layihəsinə 90 min manat qrant verilmişdi. Kürqırağı ərazilərdə tarixən həmişə daşqınlar olub və sakinlər deyir ki, seldən sonra torpaqlar daha münbit olur... Cəlal Əliyevə (mərhum) isə “Zülalların Verilənlər Bankının statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi” layihəsinə 120 min manat qrant verilib. “Azərbaycan nefti” layihəsinə isə 1 milyon manat verilib.  

Layihənin adı özü böyük məbləğ tələb edir.

Yaqub Mahmudov 3 cildlik “Azərbaycan tarixi” kitabının yazılması üçün 50 min manat, 2 cildlik “Naxçıvan tarixi” kitabı üçünsə 150 min manat qrant alıb. Bundan qabaq – 2007-ci ildə Yaqub müəllim Kərim Şükürovla birgə, həm də Vasif Talıbovun (?!) baş məsləhətçiliyi ilə “Naxçıvan: tarixi və abidələri” kitabını yazıb. Görünür, 2 cildlik tarix yazmaq ideyası onda yaranıb. Həmin kitabda ötən əsrin əvvəllərindəki tarixi şəraitdən, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan yazan tarixçilər qəfil dönüş edir:

“Naxçıvan MSSR-in yaradılması ərəfəsində Azərbaycanın sonrakı tarixi müqəddəratında misilsiz rol oynayan bir hadisə baş verdi: 1923-cü il may ayının 10-da dahi dövlət xadimi Heydər Əliyev Naxçıvan şəhərində dünyaya göz açdı”.

“Qarabağ geyimləri” layihəsinə də fonddan qrant ayrılıb, məbləğlə işimiz yox, ancaq onu elmə necə calaq etdiklərinin sirrini hələ də tapa bilmirəm. “Dağlıq Qarabağ məcburi köçkünlərinin reproduktiv sağlamlıq vəziyyətinin öyrənilməsi” nə vaxtdan elm olub?

Strateji Araşdırmalar Mərkəzi

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 12 noyabr 2007-ci ildə yaradılıb. Ştat vahidi 30 nəfər müəyyənləşib. 2008-ci ildən başlayaraq dövlət büdcəsindən maliyyələşib.

2008 – 776 min 300 manat
2009 – 1 milyon 325 min 791 manat
2010 – 1 milyon 371 min 801 manat
2011 – 1 milyon 672 min 473 manat
2012 – 1 milyon 906 min 300 manat
2013 – 2 milyon 261 min 511 manat
2014 – 2 milyon 327 min 516 manat
2015 – 2 milyon 370 min 45 manat
2016 – 2 milyon 265 min 833 manat
2017 – 2 milyon 171 min 240 manat
2018 – 2 milyon 182 min 532 manat
2019 – 2 milyon 271 min 488 manat.

Bu da edir 22 milyon 902 min 835 manat. 12 illik fəaliyyəti dövründə bu qurumun hansı strateji araşdırmalar apardığı, dövlətimizə hansı fayda verdiyi sirr olaraq qalır. Aşkar görünən 12 ildir büdcədən xərclənən, indi səmərəsiz olduğu ortaya çıxan 23 milyon manata yaxın vəsaitdir.

Sizə təqdim etdiyimiz bu qurumlara yaranandan bəri 94 milyon 93 min 984 manat vəsait xərclənib. Onların geniş təbliğatı aparılıb. Ancaq bu il yanvarın 14-də bu qurumlarla bağlı deyilənlərin yalan olduğu ortaya çıxıb.

Ziyanın yarısından qayıtmaq da xeyirdir...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y4yu8c

Ən çox baxılan