100 manata möhtac komanda

4 milyardlıq büdcəsi olan ordu MOİK-in cəriməsini ödəmir

Source:


4 milyardlıq büdcəsi olan ordu MOİK-in cəriməsini ödəmir

Azərbaycan hakimiyyəti tez-tez “Azərbaycan ordusunun büdcəsi Ermənistanın büdcəsi qədərdi” müqayisəsini aparır. Ancaq bu büdcə ordudakı vəziyyətlə adekvat təşkil etmir. Yox, ordudakı durumdan, əsgərlərin gün-güzaranından, qida rasionundan danışmayacağıq. Diqqəti idmana yönəltmək istəyirik. Azərbaycan hakimiyyətinin prioritet hesab etdiyi sahələrdən birinə.

Müdafiə Nazirliyinin MOİK adlı futbol komandası var. Bu komanda Azərbaycan çempionatının birinci divizonunda çıxış edir. Ancaq komandanın durumuna, maliyyə vəziyyətinə nəzər saldıqda, situasiyanın “çıxış edir” iddiası ilə uzlaşmadığı görünür.

Azərbaycanın birinci dəstəsində mövsümü yola vermək üçün iddialı komandalara 500-600 min manatlıq, ortabablara isə 250-400 min manatlıq büdcə bəs edir.  Ordunu təmsil edən MOİK-in çempionatda heç vaxt iddiası olmayıb. Həmişə ya autsayder, ya da ortabab komandalar arasında qərarlaşıb. Deməli, 3,8 milyarddan yuxarı büdcəyə sahib nazirliyin öz futbol komandasına ilə 300-400 min manat ayırması problem olmamalıdı. Bəlkə də bu vəsait ayrılır, amma komandaya gəlib çatmır.

Bu şübhə MOİK-in baş məşqçisi Şamil Adilovun fikrlərindən yaranıb. Məsələ burasındadı ki, “Şərurspor”la keçirilən oyunda MOİK-i meydana baş məşqçi Şamil Adilov yox, komandanın masajçısı Füzuli Sarıyev çıxarıb.

MOİK-in 100 manatının olmaması səbəbindən Şamil Adilov baş məşqçi kimi funksiyasını yerinə yetirə bilməyib. “Bakılı” ilə qarşılaşmada iki oyunluq cəzalanan Adilov həm də 100 manat cərimə olunub. İki oyunluq cəza müddəti başa çatıb, ancaq MOİK rəhbərliyi 100 manat cəriməni ödəyə bilmədiyinə görə, baş məşqçi hələ də texniki zonaya buraxılmır. Elə ona görə də, “Şərurspor”la oyunda MOİK-i meydana masajçı çıxarıb. Mütəxəssislər bu faktı futbol tarixinin ən eybəcər situasiyalarından biri sayır. Yaxşı ki, xarici mətbuat Azərbaycan çempionatına maraq göstərmir. Yoxsa bu faktı ələ keçirib, Azərbaycanı bütün dünyada ələ salardılar.

Şamil Adilov məsələ ilə bağlı “Futbol+” qəzetinə verdiyi açıqlamada belə deyib:

“Mənim köməkçim yoxdur. Komandamızda bir həkim var, bir masajçı. Məşqçilər korpusunda da təkcə mənəm. Protokolu doldurmaq üçün ehtiyat oyunçular skamyasında masajçının oturmasına imkan yaratdıq. Bunu məcburiyyətdən edirəm. Cünki cəzamın müddəti başa çatsa da, cəriməm qalıb. Texniki zonada yerimi tutmaq üçün 100 manat cərimə ödəməliyəm. Bu mənada bir qədər problem var”.

Ordunun komandasını yaratmaq tendensiyası sovetlərdən qalma ənənədi. SSRİ dağılandan sonra əksər ölkələr bu ənənədən imtina etdi. Ancaq Rusiya və Azərbaycanda hələ də bu tendensiya davam edir. Amma Rusiya ordusunu təmsil edən komandada vəziyyət fərqlidi. Moskvanın ÇSKA komandası dəfələrlə Rusiya çempionu olub, UEFA kubokunu qazanıb. Hazırda davam edən Rusiya çempionatında da ÇSKA inamla liderlik edir. Yəni ruslar ordunun nüfuzuna xələl gətirəcək komanda yox, ordunu güclü göstərəcək komanda formalaşdırıblar. Azərbaycan Müdafiə Nazirliyindən kimsə ordunun komandasını yaratmağı tələb etmir. Amma bir halda ki, yaradıblar, onda bu komandanı 100 manata möhtac etməyin anlamı nə?

Müdafiə Nazirliyi Meydan TV-nin suallarını cavablandırmaq istəmir.

P.S. Dünən MOİK Şamil Adilovu uzaqlaşdıraraq, baş məşqçi postuna yeni məşqçi – Müşviq Qənbərovu gətirib…

Ana səhifəXəbərlər100 manata möhtac komanda