100 hektara yaxın əkin sahəsi çirkab sularla ”suvarılır”

Kəndlilər ikinci ildir ki, əkdikləri taxılın xeyrini görə bilmirlər

Source:


Kəndlilər ikinci ildir ki, əkdikləri taxılın xeyrini görə bilmirlər

“İkinci ildir ki, kanalizasiya boruları sıradan çıxır, çirkab sular ümumilikdə azı 100 hektar torpaq sahəsinə axır, kəndlilərin taxılını zay edir, təsərrüfatlara ziyan vurur”.

Bunu Meydan TV-yə Xaçmazın Yergüc kənd sakinləri deyir.

Kənd sakini Hafiz Miriyevin sözlərinə görə, yaxınlıqdakı yerin üst qatıyla çəkilmiş kanalizasiya boruları tez-tez sıradan çıxır. Nəticədə yergüclülərin əkin sahələri çirkab axıntılarla dolur, insanların həm əməkləri zay olur, həm də məhsulları…

Arxlar qazırıq, bəndlər düzəldirik, xeyri yoxdur

“Kəndlilər əsasən taxıl əkir. İki ildir xeyrini görə bilmirik. Keçən il bütün sahə kanalizasiya suları altında qaldı. Hər yerə müraciət eləmişik. Gəlib yalandan borularda guya təmir işləri aparıb gedirlər. Arxlar qazırıq, bəndlər düzəldirik ki, kanalziasiya suları əkin shələrimizə girməsin, ancaq xeyri yoxdur. Borular partlayanda çirkab suların axını güclü olur deyə bəndləri də dağıdır, arxlar dolub daşır. Borc-xərclə əmələ gətirdiyimiz məhsul zay olur”.

Torpaqlarımız tamamilə məhv olacaq

Kənd sakini Aydın Əspəndiyev isə deyir, kəndlilərin istədiyi odur ki, kanalizasiya boruları yerin altıyla çəkilsin:

“Əkin sahələrinin yaxınlığından ötmək olmur, üfunət iyindən beyin çatlayır. Oradan toplanan məhsul nə olacaq ki? Məcburuq, taxılı yenə biçməyək, keçənilki kimi yenə sahələrdə qalsın. Onsuz da artıq zay olub. Söhbət 100 hektara yaxın əkin sahəsindən gedir. Bu sahələr xeyli ailənin yeganə dolanışıq yeridir. İstəyirik ki, xətləri yerin üstündən yığışdırıb altı ilə çəksinlər. Yoxsa bu torpaqlar tamamilə məhv olacaq, bu sahələrdə gələcəkdə əkin işləri apara bilməyəcəyik”.

İş orasındadır ki, kanalziasiya suları bəzi kəndlərin ərazisindəki içməli su bulaqlarının suyuna da qarışır. Həm insanlar, həm də heyvanlar həmin su ilə qidalanır. Çirkab sular həyətyanı bostanlara, meyvə bağlarına da axır.



Hüquqşünas: Kəndlilər təzminat tələb edə bilərlər

Xaçmazın İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, rayonun müvafiq qurumları məlumatlandırılıb və problemin qarşısı qismən alınıb. Qurumdan o da bildirilib ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmazda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilir. Yaxın vaxtlarda oxşar problemlərə həmişəlik son qoyulacaq.

Hüquqşünas Vaqif Alıyev isə deyir, əgər əkin sahələrinə zərər su təchizatına məsul qurumların səhlənkarlığı üzündən dəyibsə, kəndlilər həmin qurumları məhkəməyə verə, təsərrüfata dəymiş zərərin ödənilməsini tələb edə bilərlər.

Ana səhifəXəbərlər100 hektara yaxın əkin sahəsi çirkab sularla ”suvarılır”