“Airbnb”: “Mənzillər donorlar və platformadakı ev sahibləri tərəfindən maliyyələşdiriləcək”
Dünyada şəxsi mənzillərin qısamüddətli icarə və rezervasiya sistemi “Airbnb” Rusiyanın hərbi müdaxiləsi səbəbindən Ukraynadan qaçmağa məcbur qalan şəxslərə ödənişsiz, qısamüddətli mənzillər təklif edib.
Platforma bildirir ki, ümumilikdə 100 000-dək ukraynalı qaçqının yerləşdirilməsi nəzərdə tutulub.
Onların uzunmüddətli vədədə qonaq edilməsi üçünsə şirkət qonşu Avropa ölkələri ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
San-Fransiskoda yerləşən şirkətin rəhbərləri, o cümlədən baş icraçı direktor Brayan Çeski bildirib ki, Polşa, Rumıniya, Almaniya və Macarıstan hökumətlərinə məktub yazıblar.
Onlara qaçqınların məskunlaşması üçün dəstək təklif ediblər.
Mənzillər “Airbnb” şirkəti, donorlar və platformadakı ev sahibləri tərəfindən maliyyələşdiriləcək.
Fevralın 24-dən bu yana 300 mindən çox ukraynalı ölkəsini tərk edib.
Avropa Komissiyası bu rəqəmin milyonlara çata biləcəyini proqnozlaşdırıb.
“Airbnb” şirkəti ötən ilin avqustunda Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra əfqan qaçqınların məskunlaşmasına da kömək etmişdi. Həmin vaxt 21 000-dən çox insanı mənzillə təmin etmişdi.
“Airbnb” 2008-ci ildə San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb.
Evlərinin kirayə haqqını verə bilməyən Brian Çeski ve Joy Qebbi otaqlarının birini kirayə vermək məcburiyyətində qalıb.
Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub.
Hazırda 220-dən çox ölkə və regionda fəaliyyət göstərən şirkət turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimləri təklif edir. Bəzi hallarda “Airbnb”yə otellərin qorxulu röyası da deyirlər.
Ukraynanın müxtəlif şəhərlərində də fəaliyyət göstərən şirkət bu ölkədə kirayə üçün 17 mindən çox qısamüddətli məkan təklif edir.
Azov dənizinin sahilində yerləşən Mariupol şəhərinin ev sahibləri “Bloomberg News”-a bildiriblər ki, ötən həftəyədək biznesləri normal iləyirmiş.
Qonaqlar yaxın və uzaq dövrlər üçün rezarvasiyalar etməkdə davam edirmiş.