Kənd sakinləri İlkin Süleymanovun bu cinayəti törətmədiyini deyirlər
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində təqsirləndirilən İlkin Süleymanovun yaxınları fevralın 3-də Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar iddia edir ki, hüquq-mühafizə orqanları əsl cinayətkarı məsuliyyətdən kənarda saxlayır, əvəzində İlkin Süleymanov törətmədiyi əmələ görə həbsdə saxlanılır.
İ.Süleymanovun ailə üzvləri Meydan TV-yə bildirib ki, Dondar Quşçu kəndinin 700-ə qədər sakini imza toplayaraq, prezident İlham Əliyevə məktub göndərib. Kənd sakinləri İlkinin bu cinayəti törətmədiyinə əminliyini vurğulayaraq, əsl cinayətkarların tapılması üçün göstəriş verilməsini xahiş edib.
“Bizim də cənab prezidentdən, Mehriban xanımdan xahişimiz budur ki, bu haqsızlığa son qoyulması üçün göstəriş versinlər. Əgər İlkinin günahı olsaydı, nəinki kənd camaatı, heç öz ailəsi onu müdafiə etməzdi. Bizi ağrıdan odur ki, günahsız bir adamı 1 il 1 aydır həbsdə saxlayırlar, 10 yaşlı uşağın əsl qatilləri isə əl-qollarını sallayıb, rahat gəzirlər”, – İlkin Süleymanovun yaxınları Meydan TV-yə bildirib.
Onlar həmçinin İlkin Süleymanovla bağlı istintaqın uzanmasına, onun haqqında həbs qətimkan tədbirinin müddətinin daha dörd ay uzadılmasına etiraz ediblər.
10 yaşlı N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. Onun yandırılmış halda meyiti yanvarın 6-da elə kənddə tapılıb.
Uşağın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
İ.Süleymanov həbs qərarından apelyasiya şikayətinə baxılanda hakimə bildirib ki, bu cinayətdən xəbərsizdir. Tovuz rayon Polis Şöbəsində dörd gün işgəncəyə məruz qalandan sonra dözməyərək, etiraf ifadəsinə imza atıb.
İ.Süleymanovun vəkilləri ona işgəncə verilməsi, yanvarın 6-da saxlandığı halda, iş materiallarında tutulma vaxtının 10 yanvar kimi göstərilməsi ilə əlaqədar yerli məhkəmələrə şikayət edib. Lakin bu şikayətlər təmin olunmadığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.