10 yaşlı qızın qətl işi: Həqiqəti üzə çıxarmaq üçün istintaqa ipucları verdik, araşdırmadılar

Prokurorluğun qərarında bildirilir ki, işgəncə barədə deyilənlər təsdiqini tapmayıb.

Source: Foto: Meydan TV


“İlkinə çox dəhşətli işgəncələr verilib”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları istintaqdan narazıdır. Deyirlər ki, əsl cinayətkarları tapmaq üçün istintaqa ipucu veriblər, amma həmin məsələlər araşdırılıb, həqiqət ortaya çıxarılmır. Onlar iyulun 29-da Bakı Apelyasiya Məhkəməsinin qarşısında jurnalistlərə açıqlama verərkən bu haqda danışıblar.

Məhkəmədə İ.Süleymanovun istintaq dövründə həbsdə saxlanma müddətinin daha beş ay artırılması haqda qərardan verilən apelyasiya şikayətinə baxılıb. İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, prosesdə müvəkkili də iştirak edib.

Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib, həbs müddətinin artırılması haqda qərar qüvvədə qalıb.

Vəkil Ə.Rzayev bildirib ki, İ.Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddətinin daha 5 ay uzadılmasına ehtiyac yox idi. Müdafiəçinin sözlərinə görə, İ.Süleymanovun həbsdə saxlandığı ötən 7 ay ərzində onun bu cinayətdə iştirakını təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb: “Heç bir sübut yoxdursa, əlavə axtarış üçün əsaslar yoxdursa, həbsdə saxlama müddəti niyə uzadılmalıdır? İlkin Süleymanovla bağlı araşdırılmalı olan halların hamısı araşdırılıb. Onun təqsirli olmadığı sübutlarla təsdiqini tapıb”.

Vəkil əlavə edib ki, İ.Süleymanov saxlandıqdan sonra 4 gün (yanvarın 6-dan 10-na qədər) ərzində işgəncəyə məruz qalması, bu müddətdə onun saxlanmasının rəsmiləşdirilməməsilə əlaqədar artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Çünki Baş Prokurorluq bu məsələ ilə əlaqədar cinayət işi başlayıb, işgəncə verənləri cinayət məsuliyyətinə cəlb etməkdən imtina edib. Prokurorluğun qərarında bildirilir ki, işgəncə barədə deyilənlər təsdiqini tapmayıb. Yerli məhkəmələr də prokurorluğun bu qərarını qüvvədə saxlayıb.

İ.Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib ki, qardaşının yanvarın 6-da saxlanmasına bütün kənd şahiddir, onlarla media orqanı bu haqda yazıb. Lakin cinayət işinin materiallarında İ.Süleymanovun yanvarın 10-da saxlandığı, həmin gün də cinayəti etiraf etdiyi yazılıb: “Bu qədər açıq faktı ört-basdır edirlər. Çox təəssüf edirik ki, belə hallarla rastlaşırıq. Pandemiya ilə əlaqədar dustaqlaa yaxınları ilə görüşməyə icazə verilmir. Amma telefonla danışırıq. İlkin heç bir günahı olmadan 7 aydır həbsdədir. İstintaqın uzanması onu da narahat edir. Günahsız bir insanı 7 ay həbsdə sağlamaq çox ağırdır. O qədər mədəni, ədəbli adamdır, özü həbsdə əzab çəkdiyi halda, bizi də sakitləşdirməyə çalışır. Telefonla danışanda deyir ki, “mənə qarşı haqsızlığa görə birdən Nərmin balanın ailəsinin üstünə gedərsiz, onlara acığınız tutar, eləməyin”. Heç bizim də ağlımızdan belə bir şey keçmir. Biz ümumiyyətlə, elə ailə deyilik. İlkini tanıyanlar onun necə qanacaq sahibi olduğunu yaxşı bilir”.

İ.Süleymanovun başqa bir qohumu Tariyel Süleymanov bildirib ki, yanvarın 6-dan saxlansa da, yanvarın 23-nə qədər ailəsinin tutduğu vəkili onun yanına buraxmayıblar. Vəkil yalnız yanvarın 23-də apelyasiya məhkəməsində onu görüb.

T.Süleymanov istintaqın qərəzli aparılmasından, bütün səylərin ancaq İlkini günahkar çıxarmağa yönəldilməsindən də şikayətlənib: “İlkinə çox dəhşətli işgəncələr verilib. Bu da düşünməyə əsas verir ki, əsl cinayətkarlar ciddi şəkildə qorunur. Onları qorumaq üçün günahsız bir insanı tutublar. 7 ay istintaq gedib, İlkinin əleyhinə bir dənə də mötəbər sübut-dəlil ortaya qoyulmayıb. Yenidən 5 ay da uzadırlar. Məqsəd budur ki, İlkini təqsirli kimi qələmə verib, bu işi bağlasınlar. Niyə belə edirlər? Biz onlara kifayət qədər ipucları vermişik. Onlar cinayətkarların tapılmasına kömək edər. Görürük ki, bu ipuclarını qəbul edib, araşdırmaq istəmirlər. Çünki o ipucları İlkinin günahsızlığını ortaya qoymaqla, həm də əsl cinayətkarların ortaya çıxmasına səbəb olacaq. Bu da bizə deməyə əsas verir ki. istintaqın qərəzli aparıldığını deyək”.

Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb. Onun yandırılmış halda meyiti yanvarın 6-da elə kənddə tapılıb.

10 yaşlı qızın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

İ.Süleymanov apelyasiya məhkəməsində bildirib ki, bu cinayətdən xəbərsizdir. Tovuz Rayon Polis Şöbəsində dörd gün işgəncəyə məruz qalandan sonra dözməyərək, etiraf ifadəsinə imza atıb.

Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.

Ana səhifəSosial10 yaşlı qızın qətl işi: Həqiqəti üzə çıxarmaq üçün istintaqa ipucları verdik, araşdırmadılar