10 yaşlı Nərminin qətlində ittiham olunan şəxsin həbs müddəti uzadıldı

İ.Süleymanovun vəkili isə buna etiraz edib, onun həbsdə saxlanmasına heç bir əsas olmadığını bildirib.

Source: Foto: Meydan TV


İlkin Süleymanov məhkəmədə yenə günahsız olduğunu deyib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaq dövründə həbsdə saxlanma müddəti uzadılıb. Bu barədə Nəsimi Rayon Məhkəməsində qərar çıxarılıb.

Məhkəmənin hakimi Natavan Tağıyeva Baş Prokurorluğun Ağır Cinayətlər Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatını təmin edib. İ.Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddəti daha beş ay artırılıb.

Prokurorluğun təqdimatında göstərilib ki, hələlik iş üzrə istintaq başa çatmayıb, ona görə də həbs-qətimkan tədbirinin müddəti uzadılmalıdır.

İ.Süleymanovun vəkili isə buna etiraz edib, onun həbsdə saxlanmasına heç bir əsas olmadığını bildirib. İ.Süleymanov özü də bu cinayətdən xəbərsiz olduğunu, işgəncə nəticəsində ona etiraf ifadəsinə imza atdırıldığını söyləyib.

Həbs müddətinin uzadılması qərarından apelyasiya şikayəti veriləcək.

10 yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı kənddə itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq, N.Quliyevanın qətlində şübhəli bilinən İ.Süleymanovun saxlandığını açıqlayıb.

47 yaşlı İ.Süleymanov deyir ki, yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb, yaşlı valideynləri, bacısıyla hədələnib. İşgəncələrə dözməyərək, həmçinin ailəsini qorumaq üçün cinayəti törətməsi barədə etiraf ifadəsinə saxlandıqdan dörd gün sonra imza atıb. Ona görə də tutulması yanvarın 10-na rəsmiləşdirilib.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 120.2.9 maddəsində 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Ana səhifəSosial10 yaşlı Nərminin qətlində ittiham olunan şəxsin həbs müddəti uzadıldı