10 Sentyabr Dünya İntiharın Qarşısının Alınması Günüdür

Azərbaycan qanunvericiliyinə görə birini intihar həddinə çatdırma cinayət hesab edilir.

Source: Meydan.TV


“Azərbaycanda intiharın səbəbləri araşdırılmır”

Beynəlxalq İntiharın Qarşısının Alınması Dərnəyinin təşəbbüsü olaraq, Dünya Səhiyyə Təşkilatı, 2003 -cü ildən bəri dünyada intihar haqqında məlumatlılığı artırmaq üçün 10 sentyabrı "Dünya İntiharın Qarşısının Alınması Günü" elan edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində ölür. Bu da təxminən hər 40 saniyədə 1 ölümə bərabərdir. Təşkilat bildirib ki, intihar edən bir nəfər 135 nəfər üzərində şok təsir göstərir, bu da il ərzində 108 milyon insana bərabərdir.

Baş Prokurorluğun məlumata görə, 2019-cu ildə Azərbaycanda 565 nəfər, 2020-ci ildə isə 597 nəfər intihar edib.

Monitorinqin nəticəsinə görə, 2021-ci ilin yanvarında 33, fevralda 22, martda 15, apreldə 20, mayda 28, iyunda 16, iyulda 16, avqustda isə 15 intihar hadisəsi mediada işıqlandırılıb.

Psixoloq Nərmin Şahmarzadə deyir ki, intiharların həqiqi statistikasını əldə etmək mümkün deyil: “İntihar səbəblərini araşdırıb statistika tutmaq bir çox ölkənin dövlət siyasəti olsa da, Azərbaycanda belə bir araşdırma edilmir. Nəticədə biz Azərbaycanda insanların ən çox hansı səbəbdən intihara üz tutduğunu müəyyənləşdirə bilmirik. Ehtimal edilir ki, sosial problemlərlə, cəmiyyətin qoyduğu stereotiplərlə üz-üzə qalanlar intiharı çıxış yolu olaraq seçə bilər. Azərbaycan cəmiyyətində qadınlara qarşı daha çox stereotipin olduğunu nəzərə alsaq, deyə bilərik ki, bir çox qadın intiharının səbəbi gender əsaslıdır”.

2021-ci ildə Sevil Atakişiyevanın intiharı bir müddət müzakirələrə səbəb olub. Xüsusilə gender fəalları Sevilin və onun timsalında gənc qadınların ailə və məişət təzyiqlərinə dözməyərək intihar etdiklərini bildiriblər. Rəsmi məlumata görə, o, özünü bir binanın 20-ci mərtəbəsindən atıb. Ölümündən bir neçə il əvvəl gender aktivisti Gülnarə Mehdiyeva ilə əlaqə saxlayıb və problemləri barədə ona danışıb.

Gənc qızın intiharından sonra Gülnarə Mehdiyeva onunla yazışmalarını öz sosial şəbəkə hesabında paylaşıb. Bu hadisədən sonra medianın diqqəti Sevilin ailəsi ilə münasibətlərinə yönəlib və Sevilin anasının gizlicə yayılan səs qeydlərini ortaya çıxıb.

“Atası onu o qədər döyüb, ölümünə döyüb, bərk döyüb maşında qardaşının qabağında, evdə zülümlə almışıq onun əlindən”,- Sevil Atakişiyevanın anası qızının şiddət gördüyünü etiraf edib.


Bullinq intiharla nəticələnə bilər

Psixoloq Nərmin Şahmarzadə yeniyetmələrin intihar həddinə gətirən səbəblərdən birinin də bullinq olduğunu deyib: “Yeniyetmələr xüsusilə məktəblərdə həm yaşıdları, həm də müəllimləri tərəfindən bullinqlə üzləşir. Elina Hacıyeva hadisəsi Azərbaycanda bullinqin yeniyetmələri ölüm həddinə çatdırdığını cəmiyyətə göstərdi”.

UNİCEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Başqalarına təsir etmək üçün iş yerində və ya məktəb mühitində tətbiq edilən bullinq, zorbalıqdır. Hədəf alınan “qurbanlar” cinsiyyət, dil, irq, din və başqa mövzularda təsirə məruz qalırlar.

Elina Hacıyevanın 2019-cu ildə oxuduğu məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi də mətbuatın və ictimaiyyətin diqqətinə səbəb olan intihar hadisələrindən biridir. Elina Hacıyevanı intihara sürükləyən səbəbin bullinq olduğu məlum olub. Sosial şəbəkə istifadəçiləri “Bullinq öldürür” şüarını paylaşaraq hadisəyə diqqət çəkiblər.

Rəfiqəsi Diana müsahibələrində deyib ki, Elinadan yuxarı sinifdə oxuyan bir oğlan məktəbin dəhlizində onun yaxınlığından ötüb keçəndə yanına şillə ilisdirib. Bir dəfə isə məktəb yoldaşları tənəffüs vaxtı Elinanı o dərəcəyə çatdırıb ki, qız yerə yıxılıb, özünü döyüb, saçlarını yolub, uşaqlar onu dövrəyə alıb, “dəli” deyib, gülüblər. Mərhum qarşılaşdığı bullinq hadisəsini məktəbin drektoruna danışsa da, o, buna məhəl qoymayıb, əksinə Elinanı əxlaqsızlıqda ittiham edib. Bu münasibətə dözməyən məktəbli intihar edib.

элина.jpg
Elina Hacıyeva

Bir qrup fəal Elinanın vaxtında həkimə çatdırılmamasında və intihar həddinə çatmasında təqsirləndirilən məktəb drektorunun yetərincə cəzalandırılmadığını düşünür.

Psixoloq bildirib ki, bullinqlə sadəcə qızlar yox, həm də oğlanlar üzləşir: “Xatırlayıram ki, məktəbdə oğlan sinif yoldaşımız güldüyü üçün bir müəllimimiz onu “matişka” adlandırmışdı. Demişdi ki, sabah o hansısa qıza elçi gedəndə sinif yoldaşlarından biri o qızın qohumu ola bilər və dərsdə çox güldüyünü qızın ailəsinə deyərsə, biabrçılıq olar. Bu, bir bullinqdir. Yeniyetmə oğlanı sinif yoldaşları içində utandırmaq onun psixologiyasına çox ağır təsirlər edə bilər”.


Yeniyetmələr arasında bullinqə necə son qoymaq olar?

Uşaqların düşüncələrinə, əsasən, təsir edən 2 böyük amil var: məktəb və ailə. Azərbaycanda belə bir atalar sözü var. Uşaq ailənin aynasıdır. Təəssüf ki, bu belədir. Uşaqlar ailədə əzilirlər, əzilmişliyin onlarda yaratdığı hiss başqalarına qarşı yönələ bilir. Nəticədə yeniyetmələr də bir-birlərini əzə bilirlər. Və ya ailə özü bullinqi normallaşdırır, başqalarını alçaltmağı, digərlərinin zəif nöqtələrini qabartmağı normal söhbət sferasında təqdim edir. Bu mühitdə böyüyən uşaqlar öz yaşıdlarına qarşı amansız ola bilir, öz məktəb yoldaşlarını alçaltmağa, əzməyə, onların zəif cəhətləri ilə lağ etməyə meyilli olurlar. Məktəblərdə baş verən bullinqin şahidi həm də müəllimlərdir, eyni zamanda məktəbdə işləyən psixoloqdur. Psixoloq uşaqlarla psixolojik söhbətlər etməli, onlarla maraqlanmalıdır. Amma çox vaxt uşaqlara can yandırmır. Buna səbəb onların çox az maaş almasıdır. Dövlət sağlam ruhlu vətəndaş yetişdirmək üçün məktəb psixoloqlarına yetərincə yaxşı maaş verməlidir. Eyni zamanda valideyn iclaslarında uşaqlar arasındakı münasibətlər müzakirə edilməlidir. Təəssüf ki, valideyn iclasları daha çox uşaqları danlamaq məqsədi ilə keçirilir. Bu iclaslar üçbucaq şəklinə əsaslanmalıdır- valideyn, məktəb və uşaq arasında iş mühitini əhatə etməlidir. Uşaqları danlamaq yerinə, onlara başqa uşaqlara yaşatdığı hisslər izah edilməlidir. Buna aid müxtəlif dərslər, video çarxlar göstərilə bilər. Diqqət etmək lazımdır ki, uşaqlar təkcə məktəbdən informasiya əldə etmir. Onların qarşılaşdığı bütün sferalarda- televiziyalarda, radiolarda və digər yerlədə də uşaqlara bullinqin pis bir şey olduğunu aşılayan roliklər göstərmək olar.


“İntihar edənlərin bir qismi də LGBTQ+ fərdlərdir”

Cəmiyyətdə stereotiplərlə üz-üzə qalanlar içində LGBTQ+ fərdlər də var. 1989-cu ildə ABŞ-da Sağlamlıq Araşdırmaları Departamenti tərəfindən aparılan araşdırmalar, homoseksual gənclərin intihara cəhd etmə ehtimallarının heteroseksual həmyaşıdlarından 2-3 qat daha çox olduğunu göstərib. Hər il gənc geylər və lezbiyanların intihar nisbəti bütün digər intiharların 30% -ni təşkil edir. Azərbaycanda intihar səbəblərini açıqlayan statistika yoxdur. Lakin gender aktivisti Seymur Nazar Meydan TV-yə açıqlamasında deyib ki, intihar edənlər içində kişi olaraq qeyd edilənlərin böyük bir qismi LGBTQ+lərdir:

“Çox vaxt onlar ailələrini cəmiyyət içində utandırmamaq üçün özlərini niyə öldürəcəklərini açıqlayan hər hansısa məktub yazmadan intihar ediblər. Amma biz onların LGBTQ+ icmasından olduğunu bilirik”.

Azad LGBT sədri İsa Şahmarlının iş yerində özünü asaraq intihar etməsi mediada uzun müddət işıqlandırılan hadisələrdəndir. O, intihar etməzdən öncə “Facebook” səhifəsində "Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil.. mən xoşbəxt olmağa gedirəm. Qapını açıq qoyuram. Anama da deyərsiz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil. Əlvida" yazıb. İsa Şahmarlı ölümündən öncə yazdığı qısa hekayəsində "Anam "Mənim homoseksual bir oğlum yoxdu!" dediyində udqundum. O gün bu gündür ki, hər udqunanda boğuluram",- deyib.


İntihara səbəb olanlar cəzalandırılır?

Azərbaycan qanunvericiliyinə görə birini intihar həddinə çatdırma cinayət hesab edilir. Hüquqşünas Fariz Namazlı bildirib ki, belə halda cinayət məsuliyyəti yaranır, təqsirkar şəxsə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilir:

“Əgər intihar edən şəxs təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olubsa və təqsirkar şəxs zərərçəkmiş şəxslə amansız rəftar edibsə, onun ləyaqətini daimi olaraq alçaldıbsa, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməsinə və ya özünü öldürməyə cəhd həddinə çatdırıbsa, bu halda 125-ci maddə üzrə həmin şəxs məsuliyyətə cəlb edilir. Burada əsas məsələ zərərçəkən şəxsin təqsirkar şəxsdən bu və ya digər formada asılı olmasıdır. Məsələn, bir-birindən asılı olmayan şəxslər arasında olan münasibət bu maddənin tərkibinə aid edilmir”,- deyə hüquqşünas qanunu şərh edib.


İntihar etmək istədiyi deyən biri ilə necə davranmaq lazımdır?

İngiltərədə intihara qarşı mübarizə aparan "Samaritans" təşkilatı intihar etməyə meylli biri ilə danışarkən aşağıdakılara diqqət edilməsinin vacibliyini deyib:


– Danışacağınız şəxsin rahat edəcəyi səssiz bir yer seçin.


– İkinizin də danışmaq üçün lazımi qədər vaxtı olduğundan əmin olun.


– Yanlış bir şey desəniz, panikaya düşməyin, özünüzə çox yüklənməyin.


– Qarşınızdakı şəxsə fokuslanın, göz əlaqəsi qurun, telefonunuzu kənara qoyun və bütün diqqətinizi verin.


– Səbrli olun. Bir insanın öz dərdini sizə deməsi vaxt ala bilər.


– Hə və ya yox cavablarına ehtiyac duyan suallardan daha çox uzun cavab tələb edən suallar verin. Qarşı tərəfin sizi anladığını yoxlayın.


– Danışan adamın sözünü kəsməyin və ya bir çıxış yolu təklif etməyin. Digər insanın necə hiss etməsi ilə bağlı öz fikirlərinizi irəli sürməyin.


– Professional bir dəstək aldıqlarından əmin olun.

Ana səhifəSosial10 Sentyabr Dünya İntiharın Qarşısının Alınması Günüdür