Almaniyadan deportasiya olunan siyasi fəal Malik Rzayev saxlanıldığı 10 saylı Cəzacəkmə Müəssisəsində şəraitsizlikdən şikayət edir.
Bu barədə Rzayev Meydan TV-yə məlumat verib.
10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Malik Rzayev həbsxana şəraitinin dözülməz olduğunu deyib. Onun sözlərinə görə, bir sıra dövlət qurumlarına, həmçinin Ombudsmana dəfələrlə müraciət etsə də, cavab ala bilməyib.
Fəal deyir ki, bu müddət ərzində Ombudsman nümayəndələri yalnız həbsxananın yeməkxanasını ziyarət etməklə kifayətləniblər.
“Müəssisəyə gələn əməkdaşlarınız yalnız yeməkxanaya baxıb gedib. Sizə xatırlatmaq istəyirəm ki, minlərlə insanın saxlandığı təcridxanada dustaqların problemi ilə maraqlanmaq Ombudsman Aparatının vəzifə borcudur”, – deyə fəal qeyd edib.
Saxlanma şəraiti və təminat problemləri
Rzayev bildirir ki, saxlanıldığı ilk vaxtlarda 20 kvadratmetrlik, 10 nəfər üçün nəzərdə tutulmuş kamerada 18 nəfərlə birlikdə 17 ay saxlanılıb. Bundan başqa həbs olunduğu gündən 5 ay müddətinə telefonla danışıqlarına və ailəsi ilə görüşə qadağalar qoyulub..
Fəal bildirib ki, daha sonra köçürüldüyü 10 saylı müəssisədə isə 6 ay müddətində yataqla təmin olunmayıb. O, dövlət tərəfindən verilməli olan döşək, yorğan, yastıq, geyim və gigiyenik vasitələrin təqdim edilmədiyini, bu ehtiyacları şəxsi imkanları hesabına qarşıladığını bildirir.
“Qida məhsullarına gəlincə, yeməklərin keyfiyyəti aşağı olduğu üçün və yeməyə vurulan yağın mənşəyi məlum olmadığından, həbs olunduğum müddətdən bəri cəmi 10 pors yemək yemişəm. Hal-hazırda 23.03.2024-cü ildən etibarən müəssisənin verdiyi heç bir qida məhsulunu qəbul etmirəm”, – deyə o müraciətində qeyd edib.
İnformasiya əldə etmək hüququnun məhdudlaşdırılması
Malik Rzayev informasiya əldə etmək imkanlarının da məhdud olduğunu deyir. O qeyd edib ki, həbsxanada televiziya və ya radioya çıxış pullu olduğu üçün bu imkanlardan istifadə edə bilmir.
“Mən bir ictimai fəal kimi mənə qidadan daha vacib olan informasiya vasitəsi olan televizor və ya radio vasitələridir ki, müəssisənin böyük kompyuter zalı olmasına baxmayaraq, qiymətlərin çox baha olması səbəbindən baxa bilmirəm. Klubda isə oturacaqlar Sovetlər dönəmindən qalma olduğu üçün istismar müddəti bitib, oturacaqlar sınıq-salxaqdır”, – deyə fəal vurğulayıb.
Rzayev deyir ki, informasiya çatışmazlığı onun üçün psixoloji təzyiqdir və bunu işgəncə kimi qəbul edir.
Malik Rzayev 2021-ci ilin iyun ayında Almaniyadan Azərbaycana deportasiya olunub.
O, 2021-ci il oktyabrın 25-də CM-nin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi və ya saxlanması satış məqsədilə, hazırlanması, istehsalı, emalı, daşınması, göndərilməsi və ya satışı) ilə həbs edilib.
Rzayev 28 sentyabr 2022-ci il tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum olunub.